Bu aktyoru ekranlarda həmişə bərəlmiş gözləri, qıcanmış dişləri, kibr, nifrət yağan siması ilə görmüşük. Siması onun həm xoşbəxtliyi, həm də bədbəxtliyi olub. Rejissorlar, nədənsə həmişə ona mənfi qəhrəmanların obrazlarını verirdilər və o da bacarıqla işin öhdəsindən gəlirdi.
Bu kin yağan sima ona şöhrət gətirib. Sevilibmi? Bəli, onu sevənlər də çox idi.
Lent.az “Dünyanın kino ulduzları” rubrikasında Amriş Puri barədə maraqlı faktları təqdim edir.
Əsl adı Amriş Lal Puri olan bu aktyor 1932-ci ildə Hindistanın Pəncab şatatında doğulub.
Gənclik illərində kimya və fizika ilə maraqlanırdı. Kasıb bir ailənin dördüncü uşağı idi, aktyorluğ əlçatmaz arzu kimi ürəyində saxlayıb dilə gətirməyə də çəkinirdi. Universitetdə siyasi iqtisad üzrə ali təhsil alıb, 20 il ölkənin Əmək Nazirliyində işləyib. Amma daxili arzuları dinclik verməyib və o günlərin birində, 38 yaşında film kastinqlərində iştirak etməyə qərar verib. Kinoya yolu da belə başlayıb.
40 yaşında şöhrətlənməyə başlayıb, halbuki aktyorların bir çoxu bu yaşda karyerasına son verir, o isə çəkinmədən rəqs dərslərinə gedir, qılınc oynatmağı, at çapmağı öyrənir, aktyorluğun sirlərinə bələd olurdu.
1971-ci ildən etibarən maraqlı rollarla adını tanıtmağa başlayıb. İldə 1000-dən çox film çəkilən Bollivudda minlərlə aktyorun arasından seçilmək, tanınmaq, yadda qalmaq, üstəlik dünyaya yelkən açmaq asan iş deyildi. Amriş Puri bunu bacarıb. Qəddarlığı, cəlladlığı, pis adam olması ilə şöhrətlənib, Bollivudun "bir nömrəli qəddarı" adnı qazanıb. Halbuki həyatda heç də pis insan deyildi, rollarının əksinə, mehriban ürəyi var idi. Hətta hər dəfə rolu səbəbindən qəhrəmanlarının başına açdığı oyunlar öz başına gəlib. Yüksək kastadan olan sevdiyi qızı ona verməyiblər, qayınatası uzun müddət zalımlıq edib, hətta Amrişi döydürüb. Bununla belə, kasıb oğlan sevdiyi qıza qovuşmağı bacarıb, xoşbəxt bir ailənin təməlini qoyub. Sonralar bu nikahdan olan oğlu vəkil, qızı həkim olub onu sevindirəcəkdi.
Amriş Purinin şöhrəti Bollivudu aşaraq Holliivuda qədər gedib. O, Hollivudda da bir neçə dəfə uğur qazanmış böyük büdcəli filmlərdə qəddar adam rolunu oynayıb. “İndiana Consun Macəraları”, “Aldadılan ümidlər” və digər filmlərdə yenə qəzəbli siması ilə maraq oyandırıb.
Ümumilikdə, 300-dən çox filmə çəkilən Amriş Puri 20 beynəlxalq kino mükafatına da layiq görülüb.
Maraqlıdır ki, baş geyimləri və papaqlardan kolleksiya toplayan, evində 600-dən çox müxtəlif baş geyimi olan aktyor elə başından aldığı zərbə nəticəsində ölüb.
Aktyor 2005-ci ildə yıxılaraq kəllə beyin travması alıb, beyin qanaması nəticəsində həyatını itirib.