Gözlə görünməyən kitablar aləminə səyahət – Azərbaycanda möcüzələr aləmi
21 oktyabr 2023 19:16 (UTC +04:00)

Gözlə görünməyən kitablar aləminə səyahət – Azərbaycanda möcüzələr aləmi

Lent.az ölkəmizdə fəaliyyət göstərən muzeylər barədə silsilə yazılarla görüşünüzə gələcək.

İlk səfərimiz Bakının ən görməli yerlərindən birində, İçərişəhərdə Şirvanşahlar sarayının yanında yerləşən Miniatür Kitab Muzeyinədir. Bu muzey spesifikasına görə, ölkəmizdə ilk və yeganədir. Görək muzeyin ziyarətçiləri varmı, bu muzey insanlara maraqlıdırmı?

Öncə onu deyim ki, muzeyə giriş pulsuzdur. Həftənin bir günü xaric həmişə açıqdır. Şəxsi kolleksiya əsasında yaradılmış ilk özəl muzeydir. Tanınmış rəssam Tahir Salahovun qızı Zərifə Salahova tərəfindən 2002-ci ildə yaradılıb. İçərişəhərdə bu muzeyə mərhum prezidentimiz Heydər Əliyevin göstərişi ilə yer verilib.

Bəs Zərifə xanımda miniatür kitablara maraq haradan yaranıb?

1982-ci ildə Ümumittifaq könüllü kitabsevərlər cəmiyyətində Zərifə Salahovaya 23 rubla I Krılovun 1835-ci ildə buraxılmış təmsillərinin tam külliyatının kiçik formatlı nəşrini alır. Həmin gündən də kolleksiyanın təməli qoyulur. Onun tərəfindən 36 il ərzində dünyanın 80 ölkəsində çap edilmiş 8700-dən çox miniatür kitab toplanır. Hazırda bu kitablar 145 kv.m. sahədə 39 şüşə vitrində sərgilənir. Bu muzey "Ginnesin Rekordlar Kitabı"na da daxil olub. Muzeydə müxtəlif ölçülərdə mini kitablar var. Ən böyüyü ovuc içi boyda, ən kiçiyini isə adi gözlə görmək imkansızdır, nöqtədən daha kiçikdir. Bu, Yaponiyada hazırlanmış elektron kitabdır.

Bu kitabların arasında noxud dənəsi böyüklükdə olanı da var, düyü dənəsi kimi görünəni də. Hamısını lupa ilə oxumaq mümkündür. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Muzeydə kitabların gətirildiyi 60-dan çox ölkənin kitabları da sərgilənir.

Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50 -100 işarə göstərilir.

Muzeyin ən qədim və ən bahalı kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan "Quran" kitabıdır.

Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan mini kitab da var. Miniatür kitablar az sayda nəşr olunduğuna görə, onlardan dünyada azdır. Maraqlıdır ki, ölkəmizdə də miniatür kitabları nəşr etmək mümkündür. Hətta ən adi nəşriyyatda bunu eləmək olarmış.

Miniatür kitab muzeyində hazırda 4300 eksponat var və onların sayı ildən ilə artır. Miniatür kitab muzeyinin Naxçıvan, Gəncə və Şəkidə olmaqla 3 filialı da var.

Mən muzeydə olduğum müddətdə 10-a qədər ziyarətçi gəldi, maraqla seyr etməyə başladılar. Çoxu xarici vətəndaşlar idi. Heyrət içində eksponatları izləyir, bu gözəlliyə heyranlıqlarını bildirirdilər. Əldə etdiyim məlumata görə, muzey Mədəniyyət Nazirliyinin balansında olmasa da, xaricdən qonaqlar gələndə bəzi xərclərin qarşılanması üçün dəstək olunur.

Bir sözlə bu muzeyin həm paytaxtımız, həm ölkəmiz üçün önəmi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5286
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar