Fulya Öztürk və Tahir Tahiroviç
21 iyun 2021 13:16 (UTC +04:00)

Fulya Öztürk və Tahir Tahiroviç

"Fulya"nın müəllifi danışdı: "Turan İbrahimov ..." - MÜSAHİBƏ

Lent.az Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, “Fulya” filminin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçlə müsahibəni təqdim edir.

- “Fulya” filminin çəkilməsi ilə bağlı ideya necə yarandı?

- Mədəniyyət Nazirliyi Vətən müharibəsində qazanılmış zəfərə aid “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan etdi. Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından müsabiqəyə təqdim olundu və qalib gəldi.

Filmi Türkiyənin şirkəti “Dada Films Production” ilə birgə istehsal edəcəyik. Şirkətin rəhbəri Özcan Dada ilə birlikdə CNN-Türk kanalına getdik və Fulya xanım film təklifimizi xoş qarşıladı.

Bildiyiniz kimi, Qarabağa qayıdışın müxtəlif yolları var. Qayıdış təkcə top, raket, tüfənglə olmur. Burada informasiyanın rolu danılmazdır. Elə buna görə də məhz sırf informasiya müharibəsi sahəsini seçdik. 44 günlük müharibədə Azərbaycanı, həqiqətləri dünyaya çatdıran xarici jurnalistlər arasından biri də Fulya Öztürk idi. Onun hadisələrin mərkəzində olması və qadın olması isə məsələyə lirika, drammatika və poetiklik gətirdi.

Fulya Öztürk filmin çəkilişlərində

- Maraqlıdır, filmdə sırf hərbi müxbir Fulya Öztürkün müharibədəki fəaliyyəti işıqlanacaq, yoxsa müharibənin fonunda ona da toxunulacaq?

- Obraz olaraq leytmotiv Fulya xanımdır. Ancaq filmdə ötəri olaraq Birinci Qarabağ Müharibəsində dünyasını dəyişən jurnalistlərimizi yada salacağıq. Bunlar montaj prosesində baş verəcək. Düşünürəm ki, filmin süjet xəttində dəyişilmələr olacaq. Filmdə yol hekayəsi olacaq. Müharibə dövründə hadisələrin içində olan Fulya azad Ağdamda, Şuşada, sakit həyat sürən Gəncədə olacaq. Bununla biz izləyicilərimizə ağ və qaranı göstərəcəyik. 

Həmçinin raket zərbəsi endirilən an lentə alınan kadrlar da filmdə yer alacaq. Fulya xanımla bərabər onun operatoru da çəkilişlərə qatılıb. Onlar hadisə yerindən efirə getməyən çox yaxşı materiallar çəkiblər. Bütün bunların göstərilməsi isə montajdan asılı olacaq. Filmin montajı Türkiyədə baş tutacaq və düşünürəm ki, efirə getməyən materiallar tamaşaçılar üçün daha maraqlı olacaq.

- Məlum olduğu kimi, tanınmış aparıcı Turan İbrahimovun Fulya Öztürklə bağlı sosial şəbəkə hesabında yazdıqları geniş müzakirələrə səbəb oldu.

- Mən Turan bəyi bir neçə dəfə görmüşəm və bildiyim qədərilə indi də "Space" kanalında çalışır. Mən anlaya bilmədim ki, "Space" kanalından niyə belə bir reaksiya gəldi. Çünki, əgər Turan ümumrespublika yayımı olan televiziya kanalının əməkdaşıdırsa, gərək belə etməzdi. 

- Fulya xanımla yaranmış müzakirələrdən sonra fikir mübadiləsi apardınızmı? Onun bu barədə fikirləri nədir?

-   Polemikalar baş verəndə biz Gəncədə çəkilişdə idik və söhbətimiz olurdu. Bununla bağlı xəyal düşkünlüyümüz olmadı. İnsanları qınamaq olmaz, hərənin öz düşüncəsi var. Məsələn, heyvanın həyatda üçün amalı var. Ovu tutmaq, parçalamaq və yemək. Onun dördüncü amalı yoxdur. Yəni, kiminləsə dostluq etməyəcək, bir yerə getməyəcək və s. İnsanlar isə məsələlərə müxtəlif mənada yanaşırlar.

Fulya Öztürk filmin çəkilişlərində

-  Bəziləri nə üçün müharibədə iştirak edən azərbaycanlı jurnalistlərdən yox, türk jurnalistindən film çəkilməyinə etiraz edir. Gələcəkdə onlarla və ya digər azərbaycanlı jurnalistlərin müharibədəki fəaliyyəti ilə bağlı film çəkmək fikriniz varmı?

- Bunu deyim ki, müsabiqədə 11 film qalib gəlib. Onların arasında Çingiz Mustafayev haqqında da, Gəncə hadisələri haqqında da filmlər var. Müharibə ilə bağlı qalib gələn filmlərdən biri “Fulya”dır. Mən bu barədə söz verə bilmərəm ki, müharibə ilə bağlı yenidən film çəkəcəm. Çünki bu vəziyyətdə film çəkmək arzu, istək, planla alınmır. Məsələn, Birinci Qarabağ Müharibəsi zamanı film çəkməmişəm, istəməmişəm də. Çünki orada məğlubiyyət, itirilmiş torpaqlar və zaman var idi.

- Son olaraq, “Fulya” filmini nə zaman izləyə biləcəyik?

- Bununla bağlı dəqiq tarix deyə bilmərəm, ancaq bildirim ki, filmin hazır olması payız ayları üçün nəzərdə tutulub.

# 11211
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar