Ötən ilin noyabr ayında rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafat qazandı. Bu film "Azərbaycanfilm" kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films" şirkətlərinin birgə istehsalıdır. Filmin dünya bazarına çıxarılması işləri ilə Fransa tərəfi, daha dəqiq prodüsser Guillaume de Seille məşğul olur.
Bu adam Kann, Venesiya, Berlin və Sundance festivallarında mükafatlandırılmış prodüserdir, “Canal+” televiziya kanalının kino şöbəsinin sabiq tərtibatçısıdır. Azərbaycanda istehsal olunmuş 5 filmin prodüseridir, “Nar bağı”. “Mərmər soyuğu”, “Daxildəki ada”, “Suğra və oğulları” bədii filmlərinin müxtəlif festivallara çıxarılması ilə məşğul olub.
Bir neçə ay öncə Vilnüsdə keçirilən Beytnəlxalq Film Festivalının panelində “Mərmər soyuğu” filminin fransalı prodüseri çıxış edərkən gözlənilmədən Azərbaycana qarşı xoş olmayan fikirlər səsləndirib. Guillaume de Seille Azərbaycanı işğlaçı ölkə adlandırıb. Onun bu çıxışı zaldakı azərbaycanlıları qəzəbləndirib. Tədbirdə iştirak edən Azərbaycanın mədəniyyət xadimləri müsyö de Sellenin fikrilə razılaşçmadıqlarını bildirblər, müzakirələr paneldən kənarda da davam edib. “Siz azərbaycanlı rejissorlarla 5 film işləmisiniz, bizi hamıdan yaxşı tanıyırsınız. Bu fikri nə üçün səsləndirisiniz?” sualına prodüserin özünü təmizə çıxarmaq üçün verdiyi cavab qəribə olub. Necə deyərlər, üzrü günahından betər. Deyib ki, hara gediriksə Azərbaycana qarşı təcavüz hiss edirik. Filmləri yaymaq asan olmur. Belə dedim ki, bəlkə sizə qarşı vəziyyət yumşala.
Belə vəziyyət yumşaldarlar? Qaş qayırarkən göz çıxarırmış ki.
Bu günlərdə Bakıda keçirilmiş “Kino forumu”nda Guillaume de Seille də iştirak edib. Onunla gənc kinorejissor Afaq Yusifli arasında kiçik bir insident yaşanıb.
Afaq Yusifli Lent.az-a bildirib ki, forumda niyyəti fransız prodüseri tənqid etmək olmayıb. Sadəcə fikrini bilmək, onun fikirlərini ölkəyə tanıtmaq üçün sual verib.
“Mən torpağı işğala məruz qalmış və köçkün taleyi yaşamış gənc bir rejissor kimi necə film çəkməliyəm ki, o dünyaya çıxarılanda Azərbaycana işğalçı ölkə deyilməsin? Bilinsin ki, mən işğala məruz qalan tərəfəm?”.
Afaq Yusiflinin sözləri fransalı qonağa çatdırılsa da, o suala cavab verməkdən yayınıb. Paneldə bu məslənin üstündən sükutla keçilib. Niyə? Fransız prodüseri belə toxunulmaz, əvəzolunmaz edən qüvvə nədir? Açıq - açıq ölkəmizə işğlaçı deyən adama etiraz edə bilmərik?
Bax belə. Xaricə çıxan kimi çörəyimizi yeyib, suyumuzdan içən, lüks otellərdə qonaq edilən, nazı çəkilən həmin şəxs dönüb olur düşmən mövqedə, ağa qara deyir, ölkədə də hansısa tədbir edəndə gəlib oturduruq başda. Hansısa bir vətənpərvər gənc etirazını bildirəndə də deyirlər, “sus, yeri deyil?”.
Yeri və zamanı nə zaman olacaq? Hamıya mehribanıq, özümüzə mərmər soyuğu.