“Fatehlərin divanı”  yenidən qurulacaq - ÖZƏL
17 yanvar 2023 12:07 (UTC +04:00)

“Fatehlərin divanı” yenidən qurulacaq - ÖZƏL

1997-ci ildə Azərbaycan televiziyasında möhtəşəm bir əsər yayımlandı. Rejissor Ramiz Həsənoğlunun “Fatehlərin divanı” əsəri böyük maraqla qarşılandı. 

Filmin ilk bölümündə böyük türk xaqanları Haqq divanında toplaşaraq sərkərdə Əmir Teymuru divana çəkirlər. Sonda isə Teymur haqqında ədalətli qərarın çıxarılması tamaşaçıların ixtiyarına verilirdi. İlk bölüm böyük uğur qazandıqdan sonra filmin 50 seriya çəkilməsi nəzərdə tutulsa da, işlər yarımçıq qaldı. Tamaşaçılar bu gözəl əsərin 4 bölümünü görə bildilər.  

Artıq Əmir Teymur rolunu ifa edən Fuad Poladov, Bilgə xaqan İlham Əsgərov, ərəb  rolunun ifaçısı Yaşar Nuri kimi görkəmli sənətkarlar həyatda olmasalar da bu film yeni yaradıcı heyətlə ekranlara qayıda bilər.

“Fatehlərin divanı” əsərinin yenidən çəkilməsi gözlənilir. Bu barədə Lent.az-a verdiyi müsahibədə görkəmli rejissor Ramiz Həsənoğlu məlumat verib. 

O qeyd edib ki, AzTV-nin rəhbərliyi bu filmin davamının çəkilməsi üçün müəyyən planlar hazırlayıb:

“Ola bilsin ki, film pavilyonda deyil, Qobustanda açıq havada çəkilsin. Film Azərbaycana rəhbərlik etmiş insanların həyatları, onların ölkə naminə verdikləri qərarlar, bu qərarları şərtləndirən hadisələrdən bəhs edir. İlkin versiyaya əsasən, hökmdarların tarixçəsi Mircəfər Bağırovun hakimiyyətdə olduğu dövrə qədər davam etməliydi. Serialın qalan 46 bölümündə divana Şah İsmayıl Xətai, Sultan Səlim Bəyazid, Nəriman Nərimanov və müasir dövrdəki dövlət və hökumət rəhbərləri, liderlər gələcəkdilər. Çalışacağıq ortaya keyfiyyətli bir əsər çıxaraq",- deyə o bildirib.

Ramiz Həsənoğlu ilə geniş müsahibəni bu gün Lent.az-da oxuya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3798
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar