Lent.az “Bir ulduz axdı” rubrikasına davam edir. Bu dəfəki hədəfimiz mələklər markizası Anjelikadır.
O, şöhrəti ilk gəncliyində yaxalasa da, xoşbəxtlik tapa bilmədi. Dünyanın bütün ölkələrindən yüz minlərlə kişidən sevgi məktubları alan bu qadın da bütün qadınlar kimi kişi xəyanətinin acısını daddı, döyüldü, incidildi və ən sonda özünü təkliyə məhkum etdi.
Söhbət 70-ci illərin ən gözəl aktrisası olan fransalı Mişel Mersiyedən gedir.
O Azərbaycan tamaşaçısına məşhur Anjelika obrazı ilə tanışdır. Baxmayaraq ki, 50-dən çox filmdə baş rol ifa edib, bütün dünyada “mələklərin markizası Anjelika” obrazı ilə məşhurlaşdı. Bu film o qədər baxımlı oldu ki, rejissorlar markiza Anjelika barəsində silsilə filmlər çəkdilər və bu filmlərin sayı 5-ə çatdı.
Zərafəti, gözəlliyi, cazibəsi ilə tamaşaçıları ekranlara bağlayan Mişel Mersiyenin sənət uğurları bol olsa da, şəxsi həyatı pərişanlıq və məyusluqdan ibarət idi.
Əsl adı Jaklin Yvon Rene Mersiye olan bu xanım 1933-cü il yanvarın 1-də Nitsa şəhərində bütün Avropada tanınan çox məşhur əczaçılar ailəsində anadan olmuşdu.
Karyerasına balerina kimi başlayıb, dünyaca məşhur “Trocadero” balet şirkətində işləyib.
1957-ci ildə ekranlara çıxan "Düymənin dönüşü" filmi gələcək ulduzun həyatında dönüş nöqtəsi oldu.
Mişel Mersiye həm peşəsində, həm də şəxsi həyatında gözəlliyinin girovuna çevrildi.
1961-ci ildə qızlarının həyatına kobud və amansızcasına müdaxilə edən anasının qadağalarına baxmayaraq, Mişel evləndi və böyük məyusluqla qarşılaşdı. Rejissor asissenti olan birinci əri içki düşkünü və dəhşətli dərəcədə qısqanc idi. Arvadına gələn minlərlə sevgi məktubu onu dəliyə çevirmişdi. Əri sözün həqiqi mənasında psixi pozuntu yaşadı, o ərini öz gözəlliyi ilə dəli etdi. Boşandılar və o zaman böyük pullar qazanan aktrisa bütün varidatını dəli olmuş ərinə buraxıb getdi.
İkinci evliliyi əczaçı və sürət yarışmalarının pilotu kimi şöhrət qazanmış Klod Burilo ilə baş tutur. Bu ailənin də dağılma səbəbi qısqanclıq olur. Əri tərəfindən döyülən aktrisa onu tərk edir.
Üçüncü dəfə siyasətçi Anri Reno ilə evlənən Mişel bu dəfə də ərinin saysız hesabsız xəyanət və aldatmaları ilə üzləşir və çox dözməyə lüzum görmədən boşanma qərarı verir.
70-ci illərin sonunda o amerikalı biznesmen Adrian Yanko ilə qaynar sevgi romanı yaşayır. Gələcək ərinin ilk evliliyindən uşaqları ilə tanış olur və toy hazırlıqları gedərkən Adrianın xərçəng xəstəliyinin son mərhələsində olduğu üzə çıxır. Adrian 1 ay içində ölür və Mişel sevgilisinin 2 azyaşlı uşağını öz övladı kimi böyüdür.
Son sevgi macərasını italiyalı şahzadə Nikolo Bokompani Lüdovizi ilə yaşayır. Evlənməyə hazırlaşsalar da, evlilik baş tutmur. Şahzadə Mersiyenin öncəki sevgilisindən olan ögey uşaqlarını qəbul etmədiyinə görə münasibətləri pozulur.
Mişel Mersiye öz yaradıcılığı və həyatı barədə “Mələklərin markizası və Anjelikanın sınıq ürəyi”, “Mən Anjelika deyiləm” kitablarını yazaraq elə 40 yaşlarında sənətə vida edir. Buna səbəb onun şəxsi həyatının alınmaması, gözəl qadının təklik iztirabları və depressiyası idi.
Mişel Mersiye hazırda 89 yaşındadır, inzivaya çəkilib və tək yaşayır. Hərdən bir kinofestivallara qonaq qismində qatılır. O bir qadın və bir aktrisa üçün gözəlliyin itirilməsini ən böyük faciə hesab edirdi.
Hərçənd çox qocalmış və bütün gözəlliyini itirmiş zavallı, qanadı qırıq mələk artıq uzun illərdir bu faciə ilə yaşamağı öyrənib.