Müdriklərdən biri deyib ki, “şeir Tanrının insanlara pıçıltısıdır". O da Tanrının pıçıltılarını insanlara çatdıran adamdır.
Lent.az-ın xəbərinə görə, yanvarın 16-da Əməkdar artist Ağalar Bayramovun 69 yaşı tamam olur.
Ağalar Bayramov haqqında kiçik bir haşiyə: 1954-cü ildə Ucar rayonu, Boyat kəndində dünyaya gəlib. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb. 1977- 1979- cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda ,1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Hazırda ADMİU-nun " Səhnə danışığı" kafedrasının da dosentidir.
Aktyorun doğum günü ilə bağlı təəssüratlarını öyrənmək istədik.
Ağalar müəllimin fikrincə, hər yeni yaş gələndə geri boylanıb özünə hesabat versə də, ruh halında bir dəyişiklik hiss etmir.
“Dəyişən, sadəcə rəqəmlərdir. Bəxtiyar Vahabzadə deyirdi ki, “Eşq atəşi varsa can əldən düşməz”.
Həyatımı insanlara sevgiylə yaşadım. Dünyaya mədəmlə yox, bəsirət gözümlə baxanlardanam. Məncə, bu dünyada ən çətin iş ləyaqətini qoruyub saxlamaqdır, bir də minnətsiz yaxşılıq etmək. Buna çalışmışam ömrüm boyu. Hər gün çiynim üstündəki başıma, başımda saxladığım papağa şükr edirəm.
Bilmirəm, hansı müdrikin sözüdür. Deyir, qazandıqlarına şükr etməyənin, itirdiklərindən narazı olmağa haqqı yoxdur. Tək-tənha, yetim oğlan idim. Allah mənə bu günləri nəsib elədi, xalq sevdi, övlad, nəvə sahibi oldum. Yaxşı mənada tanındım, səmimi oldum həmişə, adam var yaxşılığı, səmimiyyəti rol kimi oynayır. Zaman mənə ögey olmadı, buna şadam”,- Əməkdar artist bildirib.
O qeyd edib ki, bu gün “Dədə Ələsgər ocağı” İctimai Təşkilatındən ona “Aşıq Ələsgər” medalı təqdim olunacaq.
“Dədə Ələsgərin yaradıcılığına olan hörmətimi qiymətləndiriblər. Əslində Zəlimxan Yaqub və mənim qədər Aşıq Ələsgər irsinə sadiq olan, araşdıran, gün üzünə çıxaran olmayıb. Bir zamanlar mənim ssenarim əsasında çəkilmiş çox hissəli ədəbi teatr Az.TV-nin “Qızıl Fond”unda saxlanılır”,- o əlavə edib.
Ad günündə kiçik bir giley də eşitdik Ağalar Bayarmovun dilindən.
“21 il öncə, 2002-ci il, dekabrın 24-də mərhum prezidentimiz Heydər Əliyevin imzasıyla Əməkdar artist fəxri adını aldım. Təqdimatımı nə Mədəniyyət Nazirliyi , nə də Mədəniyyət və İncəsənət Universiteti verməyib. Mənimlə birlikdə o adı alan şou əhli indi hamısı Xalq artistidir.
Fəxri ad dövlətin payıdır, onu dilənməzlər. Mən də dilənçi deyiləm. Onu dilənənər çoxdur. Müxtəlif yollardan keçən, üzdə özünü məğrur göstərib, altdan-altdan iş görən, tanışlığa əl atanlar çoxdur. Mən bunu çox yaxşı bilirəm. Amma mən onlardan deyiləm. Daha nə deyim?.."