Əlikram hava limanına niyə  ayaqyalın qaçıb?
07 iyun 2023 19:17 (UTC +04:00)

Əlikram hava limanına niyə ayaqyalın qaçıb?

Müğənni Əlikram Bayramov öz unutqanlığı ilə məşhurdur. 

Lent.az müğənnin başına gələn baməzə  əhvalatlar barədə məlumat verir.

Bir neçə il öncə Əlikram Bayramovu Qazaxıstana toy məclisinə dəvət ediblər. Toy sahibi ona poçtla 5 min manat göndərib ki, ansamblın üzvlərinə və bir də aşıq Telli Borçalıya bilet alsın, toya birlikdə gəlsinlər.

Əlikram öncədən biletləri alıb qoyur evə, Telli Borçalının da biletini verir özünə. Amma toy gününü, biletləri də unudur.

“Bir gün bağda ayaqyalın, əynimdə şort, başımda həsir şlyapa ağacları sulayıram. Tellidən zəng gəldi. Dedi, Əlikram, bəs niyə gəlmirsən? Uçuşa 1 saat qalıb. Dedim, nə uçuş? Telli cavab verdi ki, ay evin yıxılsın, Qazaxıstana toya uçasıyıq axı. Dedim, toy hələ gələn ayın beşidi. Telli də həyəcanla dedi ki, bəs, bileti bu günə almısan,

Dəli oldum. Evdən başılovlu, elə ayaqyalın, şortda çıxdım. Hava limanına necə getmişəm, bilmirəm, ora çatanda anladım ki, ev geyimindəyəm. Şlayapanı gözümün üstünə basmışam ki, heç kim məni tanımasın. Telliyə yalvardım ki, tanış-biliş tapsın biletləri qaytaraq.

5000 o vaxt üçün böyük pul idi. Telli sağ olsun, biletləri qaytardı, biz də suyu süzülə-süzülə gəldik evə”, - deyən müğənni bildirib ki, o hadisədən sonra Telli Borçalıya bir qonaqlıq verib.

Bir dəfə də Sumqayıtda toya çağırılan müğənni şadlıq saraylarını qarışdırdığı üçün tanımadığı adamların toyunda düz 2 saat oxuyub. Toy sahibləri də onu dəvət etmədikləri üçün pulunu verməyiblər.

Əlikram Bayramov uzun müddət şoumen Fərda Aminlə küsülü qalıb. Buna səbəb Fərdanın Əlikram Bayramovla etdiyi 1 aprel zarafatı olub. Fərda Əlikram Bayramovun Moskvaya toya dəvət aldığını, özünün həmin toyda tamadalıq edəcəyini deyib və bildirib ki, səhər saat 5 də, ansamblının üzvləri ilə birlikdə aeroportda olsun. Əlikram da sevinib, həmkarları ilə birlikdə aprelin 1-i günü hava limanına gəlib. Düz 5 saat gözlədikdən sonra Fərda zəng edib bildirib ki, aprel zarafatı edirmiş. Bu hadisədən sonra onlar uzun illər küsülü qalıblar.
 

# 2217
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar