Döyülən, xəyanətə uğrayan DÜNYA GÖZƏLİ
09 yanvar 2023 19:23 (UTC +04:00)

Döyülən, xəyanətə uğrayan DÜNYA GÖZƏLİ

Lent.az-ın “Göz önündə” layihəsinin növbəti hədəfi məşhur hind aktrisası Ayşvariya Rayidir.

Ayşvariya Rayi dünyanın ən füsunkar qadınlarından biri sayılır. Düzdür, təbii gözəl olduğu deyilsə də, üzündə cərrahların kiçik toxunuşları olub, burnunun formasını dəyişdirib, amma bu yenə onun təkrarsız bir gözəl olması həqiqətinə kölgə salmır.

Ayşvariya Rayi 1973-cü il, noyabrın 1-də Hindistanın Manqalor şəhərində dəniz flotu zabiti Krişnarac Rayi və yazıçı Vrinda Rayinin ailəsində doğulub.

Yaxşı təhsil alan Ayşvariya 5 dildə sərbəst danışa bilir. Uşaq vaxtı aldığı rəqs dərsləri ona gələcək karyerasında uğur qazanmaqda kömək etdi.

Rayi 1994-cü ildə, hələ tələbəykən “Dünya gözəli” titulunu alıb. Dünya gözəli seçildikdən sonra kino dünyasının qapıları üzünə açıldı və çoxlu sayda dəvətlər aldı. Saysız-hesabsız reklamlar, filmlər, uğurlar. Ayşavriya L'Oreal firmasının rəsmi simasıdır.

O, Hollivud filmlərinə dəvət alıb, uğurla çəkilən, nüfuzlu Kann kinofestivalına münsif qismində qatılan ilk və tək hindli aktrisadır.

“Troya” filmində  Bred Pitin sevgilisi rolunda çəkilmək üçün baş rola dəvət alsa da, açıq-saçıq səhnələrə görə imtina edib.
Bu gün bütün dünyada Rayiyə 20000 sayt həsr olunub.

Onun mum fiquru Madam Tüsso muzeyini bəzəyir. Bu muzeydə heykəli olan ilk hindli xanım da odur.

Kənardan baxınca həyatı hər bir qadının həsəd aparacağı şəkildə gözəl qurulub. Sanki dərdi-səri yoxmuş kimi. Lakin o da sevgi acısı yaşayıb, xəyanətə uğrayıb, hətta döyülüb. Görünür qadın xoşbəxtliyi üçün dünya gözəli olmaq da yetərli deyil. 
 Rayinin ilk sevgilisi məşhur Bollivud ulduzu Salman Xan idi. Salman Xan Rayinin kinoya gəlişində rol oynasa da, kobudluğu, eqoizmi ilə onu incidir, qızın ona borclu olduğunu dəfələrlə dilə gətirirdi. O dəfələrlə Ayşvariyanı döymüş, xəyanət eləmişdi. Günlərin birində Ray bu toksik münasibətlərdən can qurtarmağı bacarıb və ayrılıb. 

2007-ci ildə Aktrisa məşhur hind aktyoru Amithab Baççanın oğlu aktyor Abxişek Baççanla evləndi. Məşhur qayınata əvvəlcə bu evliliyə narazılıq eləsə də (Salman Xana görə) sonralar Rayini qəbul elədi.

2011-ci ildə Rayinin qızı Aradxino dünyaya gəldi. Həmin ərəfələrdə xeyli kilo almasına görə tənqid olunan dünya gözəli analığın ona şərəf verdiyini və daha önəmli olduğunu söylədi. İşlərini çoxluğuna baxmayaraq, o qızını özü tərbiyə edir, bütün qayğıları ilə özü məşğul olur. Ayşvariya müsahibələrinin birində qeyd edib ki, əsl xoşbəxtlik üçün məşhur olmaq yox, dəyər verən yaxşı bir insanla ömür yoldaşı olmaq lazımdır. Ər-arvadın  haqqında tez-tez boşanma xəbərləri çıxsa da, bu xəbərin yalan olduğu Rayinin gülən, gözəl gözlərindən tökülür.

Rayi əri, qayınatası və qayınanası ilə birlikdə

 

Bu gözəl xanım BMT-nin sülhməramlı səfiri rolunu və digər ictimai işləri də uğurla yerinə yetirir. O, Hindistanın ən böyük mükafatı olan “Padma Şiri”yə, Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb. Rayi dünyanın müxtəlif ölkələrindən film təklifləri alır. Getdiyi hər ölkəyə milli geyim saridə qədəm qoyur, çəkildiyi filmlərdə qədim hind mədəniyyətini tərənnüm edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12399
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar