Daima ət yeyib, çoxlu arvad alan xalqına ağlayan şair – BİZİM KÜÇƏLƏR
06 fevral 2024 17:07 (UTC +04:00)

Daima ət yeyib, çoxlu arvad alan xalqına ağlayan şair – BİZİM KÜÇƏLƏR

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan birxəbərik.

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısını təqdim edir. Bu dəfə yazımızda “Abay Kunanbayev” küçəsinin tarixindən danışacağıq. 

Bu küçə paytaxtın Binəqədi rayonu ərazisində yerləşir. 

Bəs, Abay Kunanbayev kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Abay Kunanbayev 1845-ci ilin 29 iyulunda Qazaxıstanın Semey vilayətində, Ağasoltan ailəsində anadan olub. İlk təhsilini mollaxanada alan Abay, daha sonra rus məktəbində oxumağa davam edib. Atası onu dövlət orqanlarında işə düzəltmək istəsə də, Kunanbayevin yolu başqa idi. 

Abay Kunanbayev 12 yaşından şeir yazmağa başlayıb, lakin 40 yaşına qədər müəllifliyini gizlədib. O, qazax ədəbiyyatının banilərindən biridir. Sağlığında şeirləri şifahi və əlyazması şəklində yayılıb. İlk kitabı 1909-cu ildə Sankt-Peterburqda (qazax dilində) çap olunub. Ədəbi irsi satirik, lirik şeir və poemalardan ("Masqud", "Əzim haqqında nağıl", "İsgəndər"), bədii-fəlsəfi nəsr əsərlərindən ("Əqliyyə") ibarətdir. Abay Kunanbayev qazax ədəbiyyatına yeni mövzular (sosial ədalətsizliklərin tənqidi, antiklerikal motivlər, sənətkarın qayəsi haqqında fikirlər), yeni şeir formaları (müqəddəs, məsnəvi) gətirib. Abay Kunanbayev həm də istedadlı bəstəkar olmuş, şeirlərinə musiqi bəstələyib.

Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlayıb. O burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışıb. 

Abay bu əsərində xalqa müraciət edərək: 

"Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı" - deyir. 

"Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Həmçinin onun Rusiyaya qeyri-adi rəğbəti də əsərdə duyulur. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal edib. Amma o düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında, o, Rusiyanın işğalçılıq siyasətini anlayır. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. 

Təmiz, saf məhəbbəti tərənnüm edib, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaradıb.

Məhəbbəti insanlara aşılayan şair 1904-cü ildə doğulduğu yerdə, 58 yaşında işıqlı dünyaya gözünü yumur. 

2011-ci ildə Bakıda Abay Kunanbayevin şərəfinə xatirə lövhəsinin açılışı olub. Hazırda Bakının Binəqədi rayonunda yerləşən küçəyə onun adı verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 28716
avatar

Fidan İlqar

Oxşar yazılar