Çelentano dəniz sahilindəki villasına niyə çəkildi? - 85 yaşı tamam oldu
09 yanvar 2023 16:18 (UTC +04:00)

Çelentano dəniz sahilindəki villasına niyə çəkildi? - 85 yaşı tamam oldu

Lent.az “Bir ulduz axdı” layihəsində məşhur italiyalı aktyor və musiqiçi Adriano Çelentanodan bəhs edəcək.

Deyə bilərsiniz axı o batan, axan ulduz deyil. Bəli həyatdadır, lakin artıq 30 ildir kino karyerasına son verib, çəkilməkdən imtina edir. Öz təbiriylə desək, dəhşətli və eybəcər şeylər yaratmaq istəmir. Adına, şöhrətinə, istedadına layiq ssenari tapmır.

Yanvarın 6-da dünya şöhrətli kinoaktyor Adriano Çelentanonun 85 yaşı tamam oldu. 

İtaliyada Adriatik dənizin sahilindəki villasına çəkilib sakit bir ömür yaşamağı seçən aktyor demək olar ki, ölkəsini tərk etmir. Buna səbəb onun aerofobiyasının olmasıdır, təyyarələrdən çox qorxur. Yaşa dolduqca bu qorxusu daha da artıb. Bu səbəblə gəncliyində xaricdən rol dəvətləri alsa da heç yer getmir, onu çəkmək istəyənləri İtaliyaya dəvət edirdi.

Çelentano 1994-cü ildə kinoya “əlvida” dedi. 1992-ci ildə çəkildiyi “Cekpot” filmini uğursuz alındığı üçün o bu filmi xatırlamağı heç sevmir. Kinodan uzaq düşməsinə məhz bu uğursuz film səbəb olub.  

3 il öncə Çelentano yaradıcılığın yeni bir qolunda özünü sınadı. O cizgi filmlərin çəkilməsi üçün şirkət yaratdı və ilk filmi də elə özünə həsr etdi. “Adriano” adlı cizgi filminin əsas qəhrəmanı dünya şöhrətli aktyorun özü oldu.


Çelentano yaraşıqlı kişi olmasa da, məşhurluq və xarizmasının ona qatdığı cazibəylə qadınların sevimlisi idi. Bununla belə o 50 ildir aktrisa Klaudiya Mori ilə evlidir və ona sadiqdir. Bu evlilikdən doğulmuş 3 övladı da atalarının yolunu davam etdiriblər. Yaradıcı insanlardırlar.

 Çelentano azərbaycanlı tamaşaçılara daha çox “İnadkarın ram edilməsi” filmi ilə tanışdır. Bu filmdə gözəllər gözəli Arnella Muti ilə birlikdə çəkilən aktyor onunla qısa bir eşq macərası yaşadı. Bu sevgi uzun ömürlü ola bilərdi, lakin...
İş o yerə çatdı ki, xanımı Klaudiya uşaqlarını da götürüb evi tərk etdi. Bu ayrılıq aktyorun ağlını başına gətirdi, o xanımından üzr istəyib ailəsini bərpa etməyi bacardı. Elə o vaxtdan da məşhur inadkar ram olub, ailəsinə bağlandı, bir daha heç ayrılmadı.

Aktyor kimi sənətdən uzaqlaşsa da, yenə musiqilər bəstələyir və səsləndirir. Pərəstişkarları onun albomlarını hələ də həvəslə alırlar.

O, aktiv şəkildə heyvanların müdafiəsi ilə məşğuldur, 2005-ci ildən vegetarian həyat tərzi sürür. Həmçinin, fəxri donor adı almış aktyor hər il öz qanı ilə neçə-neçə xəstəyə yardım edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar