Yalandan böyük vədlər verib, arxasında dayanmayan adamlar haqqında, adətən “bir günlük xəlifə” ifadəsi işlənir. Yaranma tarixçəsi çox maraqlıdır.
Lent.az “Belə yaranıb” rubrikasında tarixi səyahətə dəvət edir.
Bu ifadə müvəqqəti, qısa müddət ərzində hakimiyyətdə olan adamlar haqqında da işlədilir. İfadənin yaranması əslində elmi-tarixi faktlarla bağlı olsa da, bir sıra tədqiqatçılar onu məşhur “Min bir gecə” nağılları ilə əlaqələndirirlər.
IX əsrdən başlayaraq Abbasi xəlifələri yalnız xüsusi qoşun qüvvələrinin köməyi ilə taxta sahib olur və hökmranlıq edirdilər. Bu qoşun qüvvələri içərisində türklərdən ibarət atlı dəstələr xüsusilə fərqlənirdi. Əslində həmin qvardiyaların komandirləri IX əsrin ortalarında hakimiyyəti öz əllərinə almışdılar. Çünki qvardiya vasitəsi ilə Abbasilərdən birini hakimiyyətdən salıb, başqasını taxtda oturtmaq adi bir hal olmuşdu. Abbasi xəlifələrindən cəmi bir gün hakimiyyət sürən xəlifə İbn əl-Mütaz olmuşdur. O, xəlifə Müqtədirə qarşı yönəlmiş saray çevrilişi nəticəsində (17 dekabr 908-ci il) hakimiyyət sürmüş və həmin gün də başqa bir çevriliş nəticəsində öldürülmüşdür.
Nağılda isə göstərilir ki, Bağdadda yaşayan Əbül Həsən adlı gəncə bir nəfər qonaq gəlir. Axşam söhbət əsnasında Əbül Həsən özünün ən böyük arzusunu qonağa söyləyir: onun arzusu bir gün xəlifəlik etməkdir. Bu qonaq tacir paltarı geymiş xəlifə Harun-ər-Rəşid idi. O, Əbül Həsənin badəsinə yuxu dərmanı tökür. Məst olub yuxulayan gənci xəlifənin əmri ilə saraya aparırlar. Sarayda ona xəlifə kimi hörmət olunur, bütün əmrlərinə danışıqsız riayət edilir. Hətta Əbül Həsən özü də xəlifə olduğuna inanır. Bütün günü xəlifəlik edir. Lakin axşam yenidən badəsinə yuxu dərmanı tökürlər. Gözünü öz evlərində açan Əbül Həsən xəlifəlik etməsinin bir yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.