"Başına şahlıq quşu qonmaq" nə deməkdir? - Belə yaranıb
31 oktyabr 2022 15:40 (UTC +04:00)

"Başına şahlıq quşu qonmaq" nə deməkdir? - Belə yaranıb

Lent.az  “Belə yaranıb” silsiləsindən maraqlı ifadələrin arxasında dayanan sirləri açmağa davam edir.

Yəqin “başına şahlıq quşu qonmaq” ifadəsini eşitmisiniz. Folklorumuzda rast gəldiyimiz məlumatlara görə, türk dövlətlərində padşahın varisi olmayanda ölkə əhalisi geniş bir meydana yığılar, qəfəsdə saxlanılan şahlıq quşu uçurularmış. Quş kimin başına, çiyninə qonarmışsa, həmin adamı sorğu-sualsız şah seçərmişlər.

Bəs nə üçün quş, bu ideya necə yaranmışdı? Məsələnin məğzi türk xalqları arasında yayılmış Huma- Humay quşu ilə bağlıdır.

Qədim Orxon yazılı abidələrindən məlum olur ki, hələ VII –VIII əsrlərdə qadın ilahəsi hesab edilən Umaya (Humaya) sitayiş edirdilər. Məşhur Tonyukuk abidəsində Umayın adı “Tanrı” ilə yanaşı çəkilir. Humay hamilə qadınları himayə edən ilahə imiş. N.Gəncəvinin və X.Şirvaninin əsərlərində Humay adlı quşdan bəhs edilir. Muğamlarımızdan birinin adı "Humayun"dur. Bu muğamın adı cənnət quşu, səadət, şahanəlik, şahlara layiq, əzəmət anlamına gəlir.

Humay həm də xoşbəxtlik və səadət rəmzi kimi işlənir. Bu quş haqqında müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə görə Böyük Okean adalarında (Sindibad hekayələrinə görə Yəməndə) yaşayan quşdur ki, kölgəsi hər kəsin üstünə düşərsə, o şəxs ya padşah, ya da dövlətli, zəngin, xoşbəxt adam olurmuş. Guya havada yumurtlar və balası havadaca yumurtadan çıxıb uçmağa başlarmış.

Bu ada müxtəlif türkdilli xalqların ən müxtəlif abidələrində təsadüf olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar