Bakıda maraqlı bir məkan var. Burada ezoterika ilə məşğul olur, spiritual rituallar həyata keçirilir, səs dalğalarının gücü ilə psixoloji dəstək verilir. Mərkəzdə peşəkar psixoloqlar da fəaliyyətdədir. Amma bu peşəkarlar da işlərini ezoterika ilə sintez ediblər.
Lent.az-ın əməkdaşı həmin məkanda gördüklərini sizə danışır:
- Bura yaxşıdırmı, pisdirmi, hər kəs özü qərar verər. Sadəcə onu demək istəyirəm ki, Bakıda belə xidmət göstərən məkanların sayı barmaqla sayılacaq qədər azdır və bu bizlər üçün yenilikdir. Bura mistika ilə reallığın qovuşduğu yerdir.
Məkana daxil olunca fərqli aura hiss edirsən. Dizaynda, tətbiq olunan rituallarda qədim hind və şaman mədəniyyətlərinin, eləcə də parapsixologiyanın sintezi hiss olunur. Baş tərəfdə qoyulmuş vitrində müxtəlif şamlar, ətirli otlar, cürbəcür daşlar, amuletlər (qədimlərdə bizlərdə buna həmayil deyirdilər), xoşbəxtlik, var-dövlət gətirdiyinə inandıqları “oxunmuş-üfürülmüş” fincanlar, üzərinə müxtəlif runa ( runa gizli hikmət deməkdir, ən qədim əlifbadır, bu hərflərin hər birinin sirli gücə malik olduğuna inanılır) fiqurları cızılmış xırda məişət əşyaları satılır. Ucuz da sayılmaz. Məsələn, bir şam 15 manatdır, rəngli daşların da qiymətləri təxminən o qiymətə.
Hə, “bu məkanın müştərisi varmı?” deyə soruşsanız, bəli, yetərli qədər var. Sosial şəbəkələr üzərindən qruplaşıb, bir növ öz klublarını yaradıblar.
Xoşbəxtlik axtarışında olub seansa gələnlərin demək olar ki hamısı qadınlardır. Hər kütlədən insan görə bilərsiniz. Aralarında müğənni də var, estetik əməliyyatlarla gözəlləşib “kukla” olan, indi də ruhunu gözəlləşdirmək istəyən də, evdar xanımlar da var, ezoterik elmlərdən yaxşı xəbərdar olub, ondan istifadə etmək istəyən çoxbilmişlər də. Ərinin pulunu hara gəldi tökməyə alışanlar da, pulu olmayıb, pul çağırmaq üçün gələnlər də. Seans da ucuz deyil ha. 50 manatdır. Mən olsam bekarçılıqdan belə yerə gedərəmmi? Düzünü desəm, getməzdim. Amma sosiallaşmaq həvəsində olanlar və bir də ezoterik ritualların gücünə inanıb arzularına çatmaq istəyində olanlar, buna ürəkdən inananlar gəlirlər. Kiminsə inancına qarışmaq fikrim yoxdur.
Seans başlayır. Mən də qoşuluram. Həzin, sakitləşdirici musiqi sədası altında psixoloq xanım təlqinlər verir. “Keçmişə qayıdın, valideynlərinizin pulla münasibətini öyrənin, ona bu sualı verin, onların cavabını xatırlayın” və s. şəklində əmrlər verir. Hər kəs gözünü yumub dinləyir. Arada otağa yığılmış və toxunanda çox maraqlı frekanslarda səslər çıxaran qablara toxunurlar, səs dalğaları gah qulaqda küy yaradır, gah da dinlədikcə dalıb gedirsən. Hərçənd tibb elmi belə psixoloji müalicəni qəbul eləmir. Öz-özümə sual verirəm. Görəsən bu qabın hansı frekansda səs çıxardığını dəqiq bilirlər? Yanlışlıqla şeytani dalğalara girmiş olmayaq?
Seansdan öncə xanımlardan birinin “Qusik deyir ki, gülüm get beynini boşalt, rahatlan gəl. Bura gəlib özümü çox yaxşı hiss edirəm” deməsi düşür. Mənim Qusikim yoxdur, pulla bağlı olan təlqinlər də beynimə danq eləyib geri qayıdır. Elə hey fikirləşirəm. “Maaş bitib, qayğılar çoxdur. Ay sonuna nə edəcəm?”. Nəysə, bu seansın mənə heç bir isti-soyuğu olmur deyəsən. Halbuki seansdan sonra bəziləri yatdığını, bəziləri ovuclarının isindiyini deyir.
Ezoterikadan, astral səyahətlərdən, spiritualizmdən az-çox xəbəri olan adam kimi deyə bilərəm ki, baş verənlər mənə bir qədər səthi çatdı. Edirlər, amma tam dərinliyinə qədər varılmır, gedilmir. Hansısa işi peşəkarcasına görmürsənsə, bu bir qədər şarlatanlıq kimi çatır insana.
Nə deyim, Qusiklərin pulu varsa başlarını rahat eləmək üçün canlarını, cananlarını göndərə biləcəkləri yaxşı yerdir.
Amma real həyatda psixoloji problemləri olanların əlacı ezoterikada deyil, peşəkar həkimin yanında tapacağına daha çox inanıram.