"Novruz naxışları" sərgisi
17 mart 2021 10:17 (UTC +04:00)

"Novruz naxışları" sərgisi

Bakıda “Novruz naxışları” - SƏRGİ

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyindən Lent.az-a verilən məlumata görə, tədbirdə muzeyin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Xalq rəssamı Fərhad Xəlilov, xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Arif Hüseynov yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışıb, rəssama təbriklərini çatdırıblar.

Sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən,  xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunub. Qeyd edək ki, görkəmli qrafik Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş “Novruz”, “Novruz çiçəkləri”, “Novruz nağılları”, “Novruz çiçəyi” silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnib.

Siz sərgiyə gəlməklə Arif Hüseynovun ornamental motivlərlə zəngin süjetli xalça kimi toxunmuş, milli nağıl personajları ilə bəzənmiş Novruza həsr olunmuş əsərləri, folklor motivli yaradıcılığının başlıca obrazları ilə yaxından tanış ola, nağıllar aləminə səyahət edə bilərsiniz.

Eyni zamanda, sərgi dövründə müxtəlif ustad dərslər, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.

Sərgi aprelin 16-dək ziyarətçilərə açıq olacaq.

Qeyd edək ki, mövcud karantin qaydalarını nəzərə alaraq, sərgiyə on nəfərdən artıq qruplar buraxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar