Azərbaycanlı məşhurların  zəlzələ ilə bağlı   dedikləri – "Bir insanı xilas etsəm..."
07 fevral 2023 19:01 (UTC +04:00)

Azərbaycanlı məşhurların zəlzələ ilə bağlı dedikləri – "Bir insanı xilas etsəm..."

Qardaş Türkiyədə yaşanan faciə şübhəsiz ki, Azərbaycanda da müsibət kimi qarşılanıb. 

Lent.az Azərbaycanın bir qrup incəsənət nümayəndəsinin təəssüratlarını diqqətinizə çatdırır.

Əməkdar artist Kamran Yunis Lent.az-a verdiyi açıqlamasında bildirib ki, Türkiyəyə yardıma getmək arzusundadır.

“Bu dərd həm də Azərbaycanın faciəsidir. Bu məqamda söz demək azdır. Kaş imkanım ola, dövlət təşkil edə, könüllü kimi gedək. Əlimi daşın altına qoymaq, qolumu çırmayıb xilasretmə işlərinə girmək istəyirəm. Bir insanı belə xilas edə bilsəm, özümü dünyanın xoşbəxti sayardım. Belə təşkilatçılıq olsa, canla-başla getməyə, son insan xilas olana qədər işləməyə hazıram. Allah türkü qorusun!”

Xalq artisti Faiq Ağayev Türkiyənin bu dəhşətli sınaqdan da üzüağ çıxacağına inandığını bildirib. O dağılan yuvalar, yetim qalan uşaqlar, amansız fəlakət nəticəsində ölən insanlar üçün kədərləndiyini bildirərək, ölənlərə rəhmət, qalanlara səbr diləyib.

Xalq artisti Aygün Kazımova təəssüratlarını sosial şəbəkə hesabından bildirib:

“Bir gün keçib, həlak olanların sayı isə durmadan artır. Hadisə yerindən olan videoları izləmək çox çətindir. Bu necə dəhşətli mənzərədir. Dağıntılar altından qurtardığı övladı atanın qollarında can verir. Bunları izləməyə ürək dözmür. İlahi, sən özün körpələrə, insanlara kömək ol.

Allahdan dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə səbr, güc diləyirəm.
Başın sağ olsun, Türkiyə”.

Xalq artisti Nisə Qasımova da baş verənləri ürək ağrısı ilə izlədiyini bildirərək Allahın Türkiyəyə kömək etməsi üçün dua etdiyini bildirib.

Bəstəkar-müğənni Murad Arif yalnız dua etməklə qalmayıb, yardım kampaniyası başlatdığını deyərək, insanları bu kampaniyaya qoşulmağa dəvət edib.

“Yalnız dualarla iş bitmir, hərəkət də etmək lazımdır. Hər kəs əlindən gələn köməyi göstərməklə mərhəmətini ifadə edə bilər. Bu daha yaxşı olardı”, - o qeyd edib.

# 4005
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar