Audiovizual Şura Türkiyədə baş verən, çoxlu sayda insan ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar televiziya kanallarına proqram səbətinə dəyişiklik edilməsi barədə tövsiyə verib.
ARB kanalından Lent.az –a verilən məlumata görə Türkiyədə baş vermiş faciə ilə əlaqədar ARB-nin efirində gedən əyləncəli verilişlərin formatına dəyişikliklər edilib. Gündüz saatlarında təqdim olunan bütün əyləncə proqramları ləğv edilib. Bunun neçə gün davam edəcəyi hələlik məlum deyil.
ATV kanalı da analoji addımı atıb. Telekanalın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ATV efirində dəyişiklik edilib. Bütün əyləncəli və musiqili proqramlar yayımı dayandırılıb.
“Qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş şəxslərə baş sağlığı verir, yaralılara şəfa diləyirik”,- deyə bildirilib.
Xəzər TV də əyləncəli proqramların yayımını dayandırıb.
"Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dünən səhər saatlarından etibarən Xəzər Media Mərkəzinə daxil olan bütün yayım platformalarının efir proqramında dəyişiklik edib, qardaş ölkənin kədərinə hörmət və həmrəylik əlaməti olaraq musiqili-əyləncəli verilişləri dayandırıb.
Təbii fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik, dağıntılar altında qalanların sağ-salamat xilas olmasını arzulayırıq. Türkiyənin bu imtahandan ən az itki ilə çıxması üçün dua edirik.
Kədərinizə şərikik.",- deyə Xəzər TV-nin Mətbuat Xidmətindən bildirilib.
Lent.az-a digər telekanallardan verilən məlumata görə, AzTV, Mədəniyyət TV, İctimai TV "Qardaş ölkənin acısı acımızdır” şüarını dəstək götürərək proqramlarına dəyişiklik ediblər.