Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov mayın 20-də vəfat edib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.
Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O,Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət "Ləzginka" rəqs ansamblında da uğurla çalışıb.
Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında "Yallı-Zorxana", "Bulaq başında", "Şəki", "Çobanlar", "Bənövşə", "Ceyran", "Qarabağ maralı", "Nazeləmə", "Lənkəran" rəqslərində, "Azərbaycan" "Qələbə", "Xalqlar dostluğu", "Bayram", "Neftçilər" suitalarında solist kimi cıxış edib.
O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!