Lent.az "Sönən ulduzlar" rubrikasında yalnız epizodik rollar oynamaqla yaddaşlarda qalmış, heç bir fəxri ad almasa da insanların ürəyində özünə yer etmiş bir maraqlı insanı yada salır. Söhbət aktyor Kamil Məhərrəmovdan gedir.
Biz onu heç vaxt baş rollarda görmədik. Lakin çəkildiyi epizodik rollarla, hətta susaraq yadda qalmağı bacardı. Söhbət “Yol əhvalatı” filminin Paşası, “Evlənmək istəyirəm”in tütəkçalan lal Hüseyn Kamil Məhərrəmovdan gedir. Xarakterik tipajları heç bir əziyyət çəkmədən yaradan bu aktyor “Azərbaycanfilm”in istehsalı olan 46 filmdə epizodik rollarda oynayıb. Hər dəfə də adından söz etdirməyi bacarıb. Di gəl ki, elə həyatı da ifa etdiyi obrazlardakı fərsiz, əfəl, əyyaş qəhrəmanlarından fərlqənməyib.
Kamil Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda kasıb bir ailədə doğulmuşdu. Atası dərzi, anası evdar xanım idi. Daima xəstə yatan qadının qayğısına 3 balası qalırdı. Travmalarını elə uşaqlıqdan almışdı Kamil. Bəlkə ona görə özü də yaxşı valideyn ola bilmədi.
Çöldə düzdə palçıqda oynayan bu uşağın arzusu aktyor olub alqış almaq idi. Atası dolanmaq üçün ailəsi ilə birlikdə Bakıya köçəndə sevinmişdi, arzularına addım-addım yaxınlaşacaqdı.
Kamil Məhərrəmov orta məktəbdə oxuyarkən Lütfi Məmmədbəyovun dram dərnəyində sənət sirlərinə yiyələnib. İncəsənət İnstitutunu bitirdikdən sonra təyinatla Sumqayıt Dram Teatrında işə başlayır, müxtəlif janrlı filmlərdə irili-xırdalı rollarda çəkilir, “Mozalan” satirik kinojurnallarında yaddaqalan obrazlar yaradır.
Adı çəkiləndə çöhrələrdə təbəssüm yaranan aktyor mənfi rolları da sevdirrməyi bacarır, qəhrəmanını məzəli bir üslubda təqdim edirdi.
Ona çox sadiq olan xanımı, iki övladı, teatrda yaxşı rolları, bir də güclü düşməni vardı. Dost bilib sarıldığı, ayrıla bilmədiyi içki şüşələri bütün həyatını məhv etməyə başlamışdı. İçkiyə qurşanandan səliqə sahamanı itir, oynadığı rolları bir-bir əlindən çıxır. Çünki məsuliyyətsizlik edir, işdən qalır bəzən premyeralara içkili çıxıb hər şeyi məhv edirdi. Xanımı onu ayrılmaqla hədələyir, bir həftə ara versə də, sonra yenidən içməyə başlayırdı.
Filmlərə çəkiləndə rejissorlar ayılsın deyə əvvəl kofe içirdir, sonra qaçmağa məcbur edirdilər. Ayılıb özünə gələn kimi kadrlar çəkilir, çəkiliş başa çatan kimi o yenə sərxoş olub harda gəldi yatıb qalırdı.
Aldığı maaşı, qonorarı dərhal içki məclislərində xərclənirdi. Dəfələrlə rejissorlar onu danlamış, qovmuşdular.
Amma əl tutub bataqlıqdan çəkib çıxarmağa cəhd edən olmamışdı. Arvadı Mahirə xanım da çox zaman onu evə buraxmamaqla tərbiyələndirməyə çalışırdı və bu metod onun küçədə ölməsiylə nəticələndi.
Bir gün yenə möhkəm içir, səndələyə-səndələyə avtobusa minir. Soyuq bir oktyabr günündə avtobusun son mənzilində belə yerə düşmür. Gedəcək yeri yox idi. Evə buraxacaq deyildilər onu. Yatıb qalmışdı son oturacaqda. Sürücü onu silkələyir, içki qoxusundan anlayır ki, oyada bilməyəcək, qapını açıq qoyub gedir. Səhər tezdən işə gələndə son sərnişinini avtobusda yatmış görür. Oyandırmağa çalışanda isə öldüyünü görür.
Beləcə səssiz-sakit köçüb gedir bu dünyadan özünü unutdurmağa çalışan unudulmaz adam. İçməsəydi bu istedadı ilə kim bilir haralara gedib çıxacaqdı. O isə bir çoxları kimi özü-özünə düşmən oldu. 1993-cü ildə 52 yaşında onu qəbullanmayan dünyayla vidalşamadan küsüb getdi.