İndi siyahısını təqdim edəcəyimiz məşhurlar zəriflik uğrunda ölənlərdir.
Lent.az kilo verməyi psixi xəstəlik həddinə çatdırıb, canından olan sənət adamları barədə məlumat verir.
Meksikalı aktrisa Karla Alvaras 20-dən çox filmdə çəkilmiş istedadlı və gözəl qadın idi. Məşhurlaşdıqca kökəlməkdən dəli kimi qorxan aktrisa anoreksiya xəstəliyinə tutulur. 41 yaşında aktrisa cəmi 29 kilo çəkidə idi və bu çox çəkmədi. O kilolarını, kino da onu itirdi.
Amerikalı müğənni Karen Karpenter bir zamanlar canlı əfsanə sayılırdı Bir dəfə jurnalistlər ondan göbəkli göründüyünə görə, hamilə olub olmadığını soruşdular və bu sual onun sonu oldu. Həyəcanlanan müğənni dəhşətli pəhrizlərlə öz sonunu gətirdi. 172 santimetr boyu olan Karen öləndə cəmi 36 kilo idi.
Fransalı model İzabella Karo varlı və məşhur idi. O arıq olmaq istəmirdi, buna onu məcbur edən anası oldu. Psixi problemləri olan ana qızının budlarının, döşlərinin qabarıq görünməsini istəmirdi. İzabella anoreksiyadan ölüm həddinə çatanda bu barədə verdiyi müsahibədə bildirdi, anasından qorunmaq üçün yardım istədi və mütəxəssislər onun köməyinə çatdılar. O, anoreksiya ilə mübarizənin simvoluna çevrildi.
Ana Karolina Reston bir zamanlar Braziliya gözəli olub. Arıqlamaq uğrunda mübarizədə özünə “qalib gələn” gözəl qız cəmi 22 il yaşadı.
İran şahının kiçik qızı Leyla Pəhləvi narkotik aludəçisi idi. Bu bəladan xilas etmək üçün içdiyi preparatlar onun iştahını kəsmiş, qız anoreksiya və bulimiya xəstəliklərinə tutulmuşdu. Londonda 31 yaşında həyata vida edəndə 26 kilo çəkisi qalmışdı.
Luisel və Eliana Ramos bacıları da arıqlamaq üçün qurban gedənlərdəndirlər. Luisel podiuma çıxmazdan öncə bir neçə gün özünü ac - susuz saxlamış, elə podiumda yeriyərkən yıxılıb ölmüşdü. Bacısı Eliana da sıfır bədən ölçülərə nail olmaq yolunda öldükdən sonra podiuma daha çox arıq modellər tələb olunmadı, trend dəyişdi.
Tereza Şayvo nə aktrisa, nə də modeldir. Lakin adı onlar qədər məşhurdur. Katolik kilsə mənsubu olan Tereza gözəl modellərə baxıb onlara bənzəmək istəmişdi. Qida pozuntusu nəticəsində (ancaq su ilə qidalanırdı) komaya düşən Tereza düz 15 il bitki kimi həyat sürüb. 1994-cü ildə həkimlər onun valideynlərindən qızlarının aparatdan ayrılmasını tələb edəndə bütün Amerika ictimaiyyəti bir - birinə qarışmışdı. Bu Amerikada evtanaziya hesab olunmuş, qalmaqallı məhkəmə davaları başladılmışdı.
Balerina Haydi Günterin sənət arzusu o qədər böyük idi ki, o yemək yeməkdən qorxurdu. Bu xanım haqqında “Həyatdan bahalı rəqs” filmi çəkilib. 22 yaşında ölən Haydinin cəmi 17 kilo çəkisi var idi.