Amaliya Pənahovanın oğlu aktrisaya nələr dedi? - Aygün Fətullayeva ilə MÜSAHİBƏ 
17 fevral 2023 15:02 (UTC +04:00)

Amaliya Pənahovanın oğlu aktrisaya nələr dedi? - Aygün Fətullayeva ilə MÜSAHİBƏ 

Lent.az-ın müsahibi Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı Aygün Fətullayevadır.
Teatr və kino sevərlər onu bir - birindən rəngarəng obrazlarda görüb seviblər.
“Kür nəğmə”, “Vəsiyyət”, “Uçurum”, “Qan qohumları” seriallarında, “Soyuq günəş” filmində rol alıb. Teatrda isə “Dəli yığıncağı”nda “Pırpız Sona” , “Kod adı VXA”  tamaşasında Dilbər kimi maraqlı, çətin rollarla özünü sənət aləmində sübut eləyib. Bütün ruhu ilə teatra bağlı olan aktrisayla söhbətimiz də elə sənət barədə oldu.

- Bu günlərdə teatrlarımızdan birində tamaşa izləyirdim. Düşündüm ki, çoxunun xeyli iş təcrübəsi, yaşı, istedadı olsa da tamaşaçı onların üzünü tanımır və aktyor ömrü əslində fədakarlıqdır...

- Bəli, xüsusən də teatr aktyorları fədailərdir. İldən-ilə bunu daha yaxşı dərk edirəm və eyni zamanda əmin oluram ki, biz necə gözəl bir işlə məşğuluq. Aktyorluqda istedad qədər şans, səbr, çalışqanlıq da önəmlidir. Bu yolu gərək qarşılıq gözləmədən gedəsən. Əgər düşünsən ki, hər addımın alqışla qarşılanmalıdır, tez sınarsan. Çox uman, çox da küsəcək. Mütləq şəkildə əziyyətin cavabı olur. Ola bilməz ki, insan ömrünü fəda eləsin, heç nə qazanmasın. Maddi qazanc əldə etməsə də, o bu işi sevir ki, məşğul olur. Həmin dövrdə xoşbəxt olub. Sevdiyi işlə məşğul olmağın özü qazancdır. Aktrisa olduğum üçün heç vaxt peşman olmamışam. Düzdür, bunu demək üçün hələ çox tezdir, amma inanıram ki, gələcəkdə də bunu deməyəcəm. Teatr mənim xilasım oldu. 

- Amma bu günə qədər eşitdiyimiz, bildiyimiz sənətkarların bir çoxunun taleyində həzin, kövrək bir not olub, necə deyərlər şəxsi həyatlarında yarımayıblar. Sənət deyildiyi kimi qurban tələb edir?

- İllər keçdikcə hiss edirəm ki, teatra, aktyor və aktrisalara münasibət dəyişib. Artıq insanlar bu sənətə daha anlayışla yanaşa bilirlər. Mən “aktrisa olacam” deyəndə yaxın ətrafımdakılar bunu ciddi qəbul eləmirdilər, tələbə ikən insanların gözündə sezdiyim o inamsızlığı indi sevgi əvəz elədiyini görürəm. Evli olan aktyor cütlüklərini də, görürəm, onlarla ailə qurmuş digər peşə sahiblərini də. Hər şeyin sevgi və anlayış çərçivəsində gözəl ola biləcəyinə inanıram. Belə olsa, sənət qurbansız da keçinər. Yanında səni anlayan, “sənin insanın” olacaqsa, arzularına hörmət qoyacaqsa hər şey gözəl olacaq. Mən işimlə fəxr edən bir insanla ailə qurmaq istərdim.

- Varmı “sənin insanın”?

- Yoxdur. Şəxsi həyatım bu günə qədər öncəlik təşkil etməyib. Düşünsəm olardı, amma düşünmək lazımdır. Qismət deyim.

- Çox rəvan nitqiniz var. Çox uğurlu aparıcı da olardı sizdən...

- Radioda aparıcılıq etmişəm, bədii qiraətlə məşğul olmuşam.Bacım Aynur Fətullayeva aparıcıdır. İTV də “Sabahın xeyir, Azərbaycan” proqramının aparıcısıdır. İstər – istəməz təsiri olub. 

- Neçə ildir teatrdasınız?

- 8 ildir. 2016-cı ildə Gənc Tamaşaçılar Teatrında yarım-ştat olaraq çalışmağa başladım. 1 il ərzində heç bir məvacib olmadan tamaşalarda əsasən kiçik rollarda oynadım.  Artıq 3-cü ilimdə tam ştat olaraq çalışmağa başladım. Və bu illər ərzində başımı aşağı salıb  sadəcə işimlə məşğul idim. Rolun böyüyü-kiçiyi yoxdur. Hər obrazda aktyor bir az daha təkmilləşir, bir az daha öyrənir, bir az daha böyüyür. 

 - Və günün birində Prezident təqaüdü. Belə gənc yaşda bu adı almağınız böyük sevinc yaratmalıydı...

- İnanın ki, heç gözləmirdim. Həmin gün məşqdəydim. Telefonu səssiz rejimə qoymuşdum. Eşidən-bilən hər kəs zəng edib açmamışam. Aktyorlardan biri məşqi bölüb sevinclə gəldi ki, mükafat almısan. Yenə inanmadım. Məşq bitdi, gördüm bacım zəng edir. Dedi “Prezident təqaüdü alandan daha telefonları da açmırsan”. O siyahını öz gözümlə görənə qədər inanmamışdım. Mən şadam ki, ötən il “İlin gənci”, “Prezident mükafatı”nı alanda həm gənc, həm yaşlı kollektivin özümə qarşı sevincini, sevgisini, səmimiyyətini gördüm. Teatr mədəniyyət ocağıdır. Orda yaşlı nəsil öz nəcabəti, davranışı ilə gənc nəslə çox şey öyrədir. 

- Aktyorlar çox zaman gənc yaşlarında istədikləri rolları ala bilməməkdən şikayətlənirlər. Əslində 35-40 yaşında aktrisanın gənc qız rolunu oynaması  absurd deyilmi?

- İnsan özündə ölmüş hissləri çatdıra bilməz. İlk sevginin, ilk həyəcanın duyğuları o yaşlarda bir qədər çətin çatdırılır, inandırıcı görünmür. Hisslər köhnəlməməlidir. Bu mənada aktyorun öz yaşına uyğun obrazları oynaması önəmlidir. Tanış olmadığın hissi çatdırmaq çətindir. Bu o demək deyil ki, qatil, manyak, oğru, fahişə obrazını oynayırsansa, onlar kimi olmalısan. O obrazdakı ağrını hiss etmək üçün özünün  yaşadığın hansısa travmalardakı duyğuları ora köçürə bilərsən. Mən ana obrazlarını sosial çarxlarda reklamlarda canlandırmışam. Teatrda hələ tezdir. Amma məncə ana olandan sonra ana olmadan oynadığım o obrazlara yanaşmam dəyişəcək. Bu barədə dəqiq nəsə deyə bilmərəm. Mənim bacımın oğlu var. Həddən artıq sevirəm onu. Deyirlər xala ana yarısıdır. Hərdən soruşuram ki, görəsən mən öz uşaqlarımı bu qədər sevə biləcəm. Anam gülümsünür, deyir “özün ana ol, görəcəksən ki, övlad başqa bir dünyadır”. Anamdan söz düşmüşkən deməsəm olmaz. Sənətimdə ən böyük dəstəyim anam olub. O premyeram, o tamaşam, o proqramım yoxdur ki, anam onu xüsusi sevinclə izləməsin. “Sabah tamaşam olacaq” deyəndə anam gecədən əlimi ağdan-qaraya da vurmağa qoymur ki, birdən nəsə olar, kefim pozular. O bu sənətə xüsusi həssaslıqla yanaşır.

- Bir dəfə ,illər öncə, Xalq artisti Sənubər İsgəndərli ilə müsahibə zamanı mənə demişdi ki, yaxınlarından kimsə tamaşaçı zalında olanda özünü rahat hiss eləmir. Sizdə necədir? Tutaq ki rolunuzun sevişmə səhnələri var və ata-ananız da zalda izləyir. 

- Mən zalda kimlərin olduğunu unuduram. Unutmasam, rolumdan qoparam. Hərdən qonşularıma, qohumlarıma dəvətnamə verirəm, tamaşalarıma gəlirlər, çıxanda onların üzündə tamaşanın verdiyi zövqü, teatra olan sevgini görmək məni sevindirir. Özümü bu sənət üçün nəsə eləmiş hesab edirəm. Rollarıma belə yanaşıram. Mən tamaşaya nə qatdım, tamaşa mənim varlığıma nə qatdı? Bu sualı verincə insan daha məsuliyyətlə yanaşa bilir işinə. Mənim Pırpız Sona, Maşa rollarımda belə səhnələr var idi. Bu roldur, obrazı açmaq üçün, incə detallar, koloritin olması şərtdir. Doğmalarım bunu sənət olaraq görür və mən heç bir problem hiss etmirəm.

- Xalq artisti Amaliya xanımla bənzərliyiniz  karyeranızda xüsusi rol oynayıb? Bir filmdə onun obrazını canlandırmısınız və uğurlu alınıb.

- Günün birində dedilər Amaliya xanımın haqqında film çəkilir, onun obrazını mən canlandıracam.  “Onun qəribə taleyi. Amaliya Pənahova” sənədli filmi çəkildi.  Bu əslində çox çətin idi, onu həm aktrisa kimi obrazını, həm də özünü canlandırmalı idim. Deyilənə görə uğuru alındı. Hətta məzarını ziyarət edərkən Amaliya xanımın oğlu dedi ki, sənin gözlərində anamı gördüm. Bu sizə mistika kimi gələ bilər, bu rola görə Amaliya xanım yuxuda mənə təşəkkür etdi. Filmin çəkilişindən 2 il sonra 2022-ci ilin dekabr ayında onun rəhbərlik etdiyi Bələdiyyə Teatrının “Şuşada ürəyim qaldı” tamaşasının təqdimatı olacaqdı. Mənim xəbərim yox idi. Yuxuda Amaliya xanımı gördüm. Şuşa barədə şeir deyirdi. Bu barədə nəvəsinə danışanda o mənə dəvət göndərdi. Məncə bu Amaliya xanımın ruhunun mənə təşəkkür idi. Amaliya xanım gözəl sənətkar və gözəl də rəhbər idi. O, Bələdiyyə Teatrında neçə-neçə aktyora yuva verdi.  Hansısa rayona, xarici ölkəyə qastrola gedəndə, otellərdə qalmaları, istirahətləri çox yüksək səviyyədə təşkil olunurdu. Bir dəfə teatrın əməkdaşlarından birinin rayonda toyu olub. Bir qrup aktyor təbrik üçün gediblər və niyyətləri toya baş çəkib qayıtmaq imiş. Amaliya xanım deyib ki, oteldə yer ayırtmışam, qalın, istirahət edin, sonra gəlin. O özünə necə rəftar gözləyirdisə, bunu da aktyorları üçün edirdi.

- Onun haqqında böyük sevgi ilə danışdınız. Başqa hansı aktyoru sevərək izləmisiniz?

- Mənim üçün sənətkarlıqla xarakter bir bütöv təşkil etməlidir. Bu mənada çox alicənab insan olan Həsən Məmmədovun adını çəkmək istəyirəm. Xarakteri də, sənəti də möhtəşəm idi.

- Yəqin tamaşalarda, məşqlərdə maraqlı anlar da yaşanmamış deyil...

- Adətən tərəf müqabillərimizlə səhnədə yaşanır belə anlar, kimsə bilməsə də, biz bilirik ki, hansı yerdə bir-birimizi çətinliyə saldıq və ya vəziyyətdən çıxardıq. Sözlər unudulanda mizan düz getməyəndə və s.
Bir dəfə “Hörümçək adam” tamaşasının son böyük məşqi gedir, mən orda nindza tısbağa Donatello rolunu oynayırdım. Belimdə böyük tısbağa çanağı. Tamaşada bir səhnə var idi, işıqlar söndürülür və mən kulisin arxasına keçməliyəm, səhnəyə dekorasiya düzülməlidir. Qaranlıqda kiməsə toxundum, yerimdə fırlandım, istiqamətimi itirdim, irəli addımladım. Bir də gördüm ayağımın altından yer qaçdı. Gözümü açdım ki, tavana baxıram. Səhnədən tamaşaçı zalına yıxılmışdım, belimdə də tısbağanın çanağı. Bir həftə tərpənə bilmədim və məni dublyorum əvəz elədi. Hələ də o günü gülərək xatırlayırıq.

- “Yeşil çam” filmlərində filmin romantik qəhrəmanı sevdiyi aktrisanın şərəfinə teatrı bağladır və tamaşaçı zalında bir tək özü oturur. Aktyor üçün bu romantikadır ya nə?

- Bu dəhşətdir. Biz aylarla məşq edirik, bir tamaşanın ərsəyə gəlməsi böyük bir kollektivin gərgin əməyi nəticəsində olur. Tamaşaçı zalının dolu olması aktyorları ruhlandıran amildir. Yalnız bir nəfərə tamaşa vermək o kollektivin əməyinə haqsızlıq, hətta hörmətsizlik olardı. Bəzən televiziya üçün teatrda çəkilişlər olur. Kameralar quraşdırılır və biz kameralara oynayırıq. Hesab edirəm ki, belə çəkilişlərdən öncə operatorlar gəlib çəkdikləri tamaşaya ən az 1-2 dəfə baxmalıdırlar. Çünki əsas monoloqları, momentləri qaçırıb başqa yerə fokuslana bilirlər və bu tamaşanın anlamını itirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10815
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar