Aktrisa teatra nə üçün  “ştrafnoy batalyon”   dedi?
15 may 2023 14:57 (UTC +04:00)

Aktrisa teatra nə üçün “ştrafnoy batalyon” dedi?

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunandan sonra teatrda kimin baş rejissor olacağına dair suallar yaranıb.

Xalq artisti Yasin Qarayev Mədəniyyət Nazirliyinə açıq məktub yazaraq teatrın rejissoru Əməkdar artist Nicat Kazımovun baş rejissor təyin edilməsini xahiş edib. O, kollektivin adından çıxış edərək, teatrda hamının bu arzuda olduğunu bildirib.

Lent.az məsələ ilə bağlı Nicat Kazımovun fikrini öyrənmək istəsə də, o bu barədə danışmaq istəmədiyini bildirib. Qaydalara əsasən, rejissor ixtisası olmayanların baş rejissor təyin edilməsində problem yaranır.

Nicat Kazımov bu məsələ ilə bağlı bildirib ki, o rejissorluq üzrə təkmilləşdirmə kurslarından keçib: "Rejissor olmaq üçün təhsil şərt deyil. Bunun üçün istedad lazımdır".

Gənc Tamaşaçılar Teatrının aktrisaları, Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova isə maraqlı açıqlamaları ilə diqqət çəkiblər.

Nəsibə Eldarova “Facebook” hesabında “Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü “teatr kollektiv sənətdir” oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim “ştrafnoy batalyona” elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın” yazıb.

Naibə Allahverdiyeva isə həmkarına bu şəkildə şərh yazaraq dəstək verib:
“Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!”

Onlar konkret ad çəkməsələr də, Mehriban Ələkbərzadədən şikayətçi olduqları hiss olunub.

Qeyd edək ki, Mehriban xanımın teatrda baş rejissor olduğu qısa müddətdə  aktyorların heç biri ondan şikayət etmirdi.


 

# 3063
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar