Xocalı faciəsi bizim yaddaşımızda sadəcə qanlı tarix deyil, kollektiv bir travmadır. Lakin, biz bu travmanı 34 ildir yalnız daxili bir sızıltı kimi yaşayırıq, onu ümumbəşəri bir dilə, yəni sənətə çevirə bilməmişik. Bu gün dünya kinematoqrafiyasında Xocalı haqqında dünya səviyyəli bir ekran əsərinin olmaması, bizim intellektual acizliyimizi və estetik səriştəsizliyimizi göstərir deyə bilərəmmi, ya yox, bu ayrı bir məsələdir.
Sənət statistikanın rəqəmlərinə ruh üfürməkdir. Dünya 613 rəqəmini yox, o 613 nəfərdən birinin hekayəsini hiss edir, ona ağlayır. Bununla faciə "kütləvi qırğın" statusundan çıxıb, bir insanın dünyasının dağılmasına çevrilir. Bu artıq "Azərbaycanın dərdi" yox, "insanlığın dərdi" olur.
Holokostu dünya yaddaşına qazıyan siyasətçilərin bəyanatları deyil, Polanskinin "Pianist"indəki Vladislav Şpilmanın titrəyən barmaqları idi. Yaxud da Stiven Spilberqin “Şindlerin siyahısı”. Bu filmlərdə biz rəqəmləri yox, bütöv faciənin timsalında bir insanın qorxusunu, çarəsizliyini görürük. Sənət statistikadakı o "bir" rəqəmini fərdiləşdirir və onu hamımızın ağrısına çevirir.
Bizim faciəmiz isə hələ də bürokratik pafosun əsiridir. Elə bilirik ki, Xocalı haqqında nə qədər çox çığırsaq, nə qədər çox qırmızı rəngli afişalar hazırlasaq, dünya bizi bir o qədər yaxşı anlayacaq. Halbuki dünya rəqəmlərə yox, hekayələrə inanır. Fərqli xalqlar öz faciələrini sənətin ölümsüzlük suyuna batıraraq əbədiləşdirirlər.
Bu gün bizim yaradıcı ittifaqlarımız Xocalını sadəcə "mövsimi vəzifə", bir rəsm-sərgi materialı, şeir müsabiqəsi mövzusu kimi görürlər. Vaxtı çatanda bir neçə pafoslu çıxış edib, sonda da sözlərini bir bənd şeirlə yekunlaşdırırlar. Xocalını deklomasiya ruhundan qurtarmaq, onu estetik qüdrətə çevirmək lazımdır. Sənət faciəni qurbanlıq statusundan çıxarıb, insanlıq dərsinə çevirməkdir.