“Mədəniyyət” kanalı Müdafiə Nazirliyi ilə birgə vətənpərvərlik mövzusunda “Mən də əsgərəm” mahnı müsabiqəsi elan edib.
Mədəniyyət Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 27-dən sentyabrın 15-dək keçiriləcək müsabiqəyə vətənpərvərlik, hərbi-vətənpərvərlik və qəhrəmanlarımızın həyatından bəhs edən əsərlər, həmçinin marşlar təqdim edilə bilər. Göndərilən əsərlər mövzu ilə əlaqədar olaraq milliliyin və müasirliyin vəhdətini özündə ehtiva etməlidir. Münsiflər seçim mərhələsində müəllifin səsli sənədlərinə və təqdim olunan əsərlərin elektron variantına əsaslanacaqlar. Müsabiqə “Mədəniyyət” kanalının inzibati binasında (Bakı, Mehdi Hüseyn küçəsi, 1) keçiriləcək.
Müraciət üçün son tarix sentyabrın 15-dir. Müsabiqə ilə bağlı ətraflı məlumatı (012)4921458 əlaqə telefonu və (050)4921458 mobil telefon nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etməklə öyrənmək mümkündür.
Qalib olan əsərlər Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında səslənəcək və Azərbaycan Televiziyasının Mədəniyyət kanalında təbliğ olunacaq.
Müsabiqədə iştirak və qeydiyyatdan keçmə qaydaları aşağıdakı kimidir:
- İştirakçılar [email protected] elektron ünvanına öz əsərlərinin yüksək keyfiyyətli audio və video versiyasını, şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər;
- Müsabiqəyə təqdim olunmuş əsərlər daha öncə heç bir kütləvi informasiya vasitəsində və tədbirdə səslənmiş olmamalıdır.
- Müsabiqədə yalnız musiqi təhsili olan şəxslər iştirak edə bilərlər.
- Müsabiqədə qalib olan şəxslər əsərini təqdim edərkən klavir, eyni zamanda hərbi orkestr və ya kiçik estrada heyəti üçün yazılmış partitura və partiyaları təqdim etməlidir.
Münsiflər heyəti yerlərdən hər hansını heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir. Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır.