“Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayon ziyalıları Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət ünvanlamışdılar. Məsələ artıq öz həllini tapıb”.
Bu barədə Lent.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib. O bildirib ki, eyni zamanda Astara rayonunu təmsil edən deputat Rəşad Mahmudovla bu məsələ ətrafında söhbət zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağını bildirmişdi.
“Bu məsələyə baxılması xahişi ilə hörmətli baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapdı. Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbərin onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza ulu Tanrıdan rəhmət diləyərkən, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq.
Hörmətli baş nazirimiz Əli Əsədova Mədəniyyət komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq".