Mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil ocaqlarında təhsil alan tələbələr arasında “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq esse müsabiqəsini elan edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan Lent.az-a bildirilib ki, müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri türk dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir. Eyni zamanda, müsabiqənin hədəfi istedadlı gənclərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.
Esse sadəcə informasiya məzmunu daşımamalı, türkdilli xalqların günümüzədək yaşayan milli adət-ənənələri, mərasimləri, eləcə də türk dünyasının ortaq mədəni-mənəvi xüsusiyyətləri ilə bağlı müəllifin düşüncələrini əks etdirməli və 3 səhifədən az olmamalıdır.
Müsabiqədə iştirak edəcək tələbələr özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi əlavə olunmaqla) Azərbaycan və ingilis dilində mayın 15-dək [email protected] elektron poçtuna göndərilməlidir.
Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcək. Qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.