Ata-babadan qalan, yararsızdır deyib kənara atılan sınıq-salxaq samovar, səhənglərə yenidən can verən misgərlər...
Bakıda bir küçə var ki, ölkənin müxtəlif yerlərindən toplaşıb öz sənətlərini davam edirlər. Əntiq əşyalar axtaranların da sevimli məkanıdır misgərlərin olduğu yerlər....
Müştəri gözə dəyməsə də bir-birinə söykənmiş yastı-yapalağ dükanlarda misgər və qalayçılar iş başındadır. Sifarişini xatırlamaq istəyən usta da var, bekarçılıqdan siqaretə güc verən də...
Bura paytaxt Bakının misgər və qalayçılar məhəlləsidir. Ustaların da çoxu ötən əsrin 90-cı illərində buraya gəliblər.
Özü də bilirsiniz hardan?
Misgər və qalayçılarla məşhur olan məkandan. Bütün Qafqazda tanınan Lahıcdan...
“Mən “Misgər Şəmsəddin”əm, dəmirçi Şəmsəddin yox. Sənətimə hörmət edirəm. Mənə keramika gətirib 100 min versələr də düzəltmərəm”.
Bu sözləri elə həmin misgər və qalayçılar məhəlləsində 66 ildir çalışan, misgərlərin qocamanları Şəmsəddin Soltanov deyir.
Ustalar hər səhər mağazasını açır və ta axşamacan burada lövbər salırlar. Usta Əkrəm Məmmədov bu sənətə samovar qalaylamaqla gəlsə də, indi deşilən qab-qaşığını bərpa etməklə məşğuldur:
“Təxminən 25 ildən çoxdur ki, bu sahə ilə məşğulam. Uşaqlıqdan həvəsim olub. İndi bu sənəti öyrənmək üçün tələbə kimi müraciət edənlər az olur. Elə yanımdakı da bacım oğludur. Bu işlər çox fərqlidir, hər adam maraq göstərmir. Və qabiliyyət tələb edən sahədi. Eyni zamanda, həvəs olmalıdır ki, oturub işləsin”.
Əvvəllər bu məhəllədə at nallayıb, samovar düzəltsələr də indi deşilmiş mis qablar da qalaylayırlar:
“Əvvəllər at nallayıb, kömür satardılar burda. Bu məhəllədə illər əvvəl ləzgilər işləyib. Köhnə əşyalar yığıram həm də. İstifadə etməyənlər, başı çıxmayanlar 100 illik tarixi qabları gətirib verirlər. Kimdəsə olur saxlamaq istəmir mən alıram ondan. Köhnə əşyalarım çoxdur. Onlar illərdi əldən-ələ keçərək gəlir. Samovarlar, mis qablar var ki 1800-cü illərə aiddirlər.
Məsələn, mən bu samovarı alanda onun nə dəmkeşi, nə su axan borusu, nə qapağı, heç nəyi yox idi. Mən onu düzəldib bu vəziyyətə gətirmişəm”.
Usta deyir ki, Səfəvi dövlətindən qalan mis qablarım var ki, üzərində şeirlər cızılıb:
“Bunlara sarımsaq samovarlar deyilir. Yumru olduğu üçün. 1800-cü ildəndi. Mis qablar var ki, 1900-cü ilin 20-ci illərinə aiddir. Məsələn, bu aftafa, ləyən 1900-cü ildən qalmadı. O vaxtın bəylərin, xanların əl-ayaqlarını bunla yuyurmuşlar. Baxın, bunun 300 yaşı var. Üzərində incə xətlərlə şeirlər yazılıb. Bayaq göstərdiyim aftafanın alt hissəsidir. Səfəvi dövrünə aiddir bu.
Bu bir günə ərsəyə gələn şey deyil. İllər lazımdır, bu əşyaları yığmaq üçün. Məsələn, bu telefon gəmilərdə olur əsasən. Amma evdə işlədənlər də var idi. Daha sonra bu televizor ümumiyyətlə alınan gündən işləməyib. 1948-ci ilin məhsuludur. Bu fotoaparat isə 1940-cı ildə yaranıb. Mən özüm “Ağ bilet” üçün şəkilimi bunla çəkdirmişəm”.
Bəs, alış qiymətləri necədir??
“Alış qiymətləri çox fərqlənir. Başı çıxmayan, ilkin məlumatı olmayan insanlar bu qədimi əşyaların dəyərini anlamır. Buna 120 manat vermişəm. Elə adam var dediyim kimi, tarixini bilmədiyi, xəbəri olmadığı üçün tullayır. Anlayışı olanlar qəti bunları aparıb çölə atmaz, ya kiməsə verməz. Çünki bu əşyalar tapılmır.
Məsələn, bax bu mis qab o zamanlar ayranı sərin saxlamaq üçün istifadə olunurdu. Bu da qədimidir, 1800-cü illərə aiddir. Bu da həmin illərə aiddir ki, vedrə əvəzi istifadə edirdilər. İçərisinə inəkdən süd sağar, yağ saxlayarmışlar.
Belə qablar çox ağır olurdu o zamanlar. İndiki xanımlar bundan istifadə edə bilmirlər deyə qaçırlar plastik ləyənlərə. Heç süd sağa bilmirlər”. (gülür)
Bu balaca daxmanı günəş kimi işıqlandıran çilçıraqlar isə hamısı ötən əsrə aiddir:
“Bu çilçıraqlar 1900-cü illərdəndir. O vaxt bəylərin, xanların evində olub bunlardan. Məsələn, bu mis qabın üzərində heyvan cizgiləri var. Kasa kimi istifadə edərdi yeyib-içən adamlar.
Qədimi belə bir qab var ki, o vaxt qadınlar hamama gedəndə öz zinət əşyalarını bu qaba qoyarmışlar. Çox insan deyir bu qənd, şəkər qabıdı. Amma yanlışdı. Bu zinət qoymaq üçün qabdı. 100 yaşı olar təxminən. Bu qamçının isə ən aşağısı 150 yaşı var. 1 əsrdən çoxdur ki, bu günümüzə gəlib çıxıb.
Yaxın keçmişə aid “Nəsibənin qabları”ndan da var burda. O vaxtlar hər evdə görərdiniz bunları”.
150 yaşı olan qamçını, 300 yaşı olan Səfəvi şahlarının ayran qablarına nəzər yetirərək yavaş-yavaş çıxırıq əsrləri bir-birindən ayıran daxmadan...
Yoxuş yuxarı qalxaraq yol alırıq “Misgər Şəmsəddin” kimi tanınan, ömrünü bu sənətə verən Şəmsəddin ustanın yanına. Ustanın arzusu çoxdur. Amma ən böyük arzusu isə şagirdlərinin çox olmasıdır:
“Bu sənət bizə babalarımızdan qalıb. Əslən Lahıcdanam. 8 yaşımdan atamın, babamın yanında əllərinə baxıb öyrəndim. Mən “Misgər Şəmsəddin”əm, dəmirçi Şəmsəddin yox. Sənətimə hörmət edirəm. Mənə keramika gətirib 100 min versələr də düzəltmərəm. İndi bu sənətə maraq da yoxdu. Öyrənmək istəyənlər də pul az olduğu üçün qaçır bu sənətdən”.
Artıq bu sənətin getdikcə köhnəlməsindən şikayətlənən Şəmsəddin dayı hər kəsdən küsdüyünü deyir:
“Mən küsmüşəm. Ona görə bu sənətdən heç danışmıram. Bakının Qala Muzeyi var ha, bax o muzeydəki əsərləri mən təmir etmişəm. Orda 1000 samovar, 3500 dənə də mis qab var. Hamısını mən bərpa eləmişəm. 10 ildi ora getmirəm. Çünki mənim bu qədər əziyyətimi yerə vurdular. Bərpaçı ustanın adını başqasına yazdılar. Mənim adımı belə çəkmədilər.
1870-ci illərə aiddi bu samovarlar. O boyda əziyyət çəkmişəm. İndi muzeyə girəndə məndən giriş pulu istəyirlər. Bu əlimə baxın. 60 ildi çalışıram, sizcə, günah deyil əziyyətin yerə vurulması?”.
Şəmsəddin ustanın nəvəsi Qala Muzeyinə gedir. Orada babasının çatlamış əlləri ilə hazırladığı samovarları görüb heyran olur. Və gəlib babasına gördüklərinin gözəlliyindən, tarixindən danışır. Amma nəvə bilmir ki, o samovarların bərpaçı ustası elə öz babasıdı...
Bu da belə... Ümidi kəsilmir bu məhəllənin ustalarının. Ümid edirlər ki, bir vaxt yenidən canlanacaq misgərlik sənəti...
Fotolar: İlkin Nəbiyev