Ramil Səfərov daha bir romanı macarcadan dilimizə tərcümə edib
14 sentyabr 2011 14:29 (UTC +04:00)

Ramil Səfərov daha bir romanı macarcadan dilimizə tərcümə edib

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu dəfə onun diqqətini macar ədəbiyyatının klassiki Ferens Molnarın (1878-1952) yaradıcılığı cəlb edib. R. Səfərov tərcümə üçün yazıçının ən populyar əsərini - “Pal küçəsinin uşaqları” romanını seçib. Müxtəlif nəsillərdən olan macar oxucularının masaüstü kitabı sayılan, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab indiyə qədər dünya xalqlarının onlarla dilinə tərcümə olunub, onun motivləri əsasında birgə macar-Amerika bədii filmi çəkilib. Kitab yaxın vaxtlarda Bakıdakı nəşriyyatlardan birində işıq üzü görəcək.


Ramil Səfərovun tərcüməsində bu il nəşr olunan tanınmış macar qadın yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanı da ölkənin ədəbi ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.


Əsər haqqında Budapeştin “Nepsava” qəzetində məqalə ilə çıxış edən Mikloş Nad oxuculara azərbaycanlı zabitin hansı səbəblər üzündən həbsxanaya düşməsi haqda məlumat verərək yazır: “Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı ərazi münaqişəsi zəminində meydana çıxan hərbi əməliyyatlar zamanı həlak olmuşlar. İfadələrində də göstərdiyi kimi, erməni kurs yoldaşı bütün bu faciəli hadisələri məsxərə obyektinə çevirmiş və onu tamamilə haldan çıxarmışdı. Ortada şərəf məsələsi vardı və Səfərov əsəblərini cilovlaya bilməmişdi”.


Macar müəllifi “Qapı” romanının Azərbaycan nəşrinin meydana çıxmasını da bu sarsıdıcı hadisələrlə bağlayır: “Basqınlar və qətllər, onillər boyu sağalmayan yaralar və qəlb iztirabları, etnik münaqişələr və təxribatlar, nəhayət, iki nəfər gəncin Budapeştdəki faciəli görüşü nəticə etibarilə doqquz milyonluq Azərbaycan oxucularının “Qapı” romanı, Maqda və Emerentsin həyat tarixçələri ilə tanış olmalarına imkan yaradıb. Qismətə inananlar həyatda heç bir şeyin təsadüfi baş vermədiyini deyirlər. Lakin mən buna inanmaq istəmirəm .”


Müəllif yad ölkədə ağır məhbəs həyatı yaşayan Ramil Səfərovun öz nəcib təşəbbüsü ilə münaqişə tərəflərini yaxınlaşdırmağa, “sülh qapısı” açmağa çalışdığı fikrindədir. O yazır: “Tərcüməçi Azərbaycan və macar qadınlarının taleyində çoxlu oxşar cəhətlərin olduğunu bildirir və Maqda Sabonun romanının da məhz buna görə diqqətini çəkdiyini deyir. Bərkə-boşa düşmüş bu asiyalı əsgərin həssas müşahidələri və qadın qəlbinin sirlərinə bələdliyi onun daxili zənginliyindən xəbər verir. Və gələcəkdə başqalarının azərbaycanlı və erməni qadınları arasında oxşar cəhətləri tapacaqlarına ümid yaradır. Bundan sonra isə azərbaycanlı və erməni kişilər arasındakı oxşarlıqları tapmaq sırası gəlir...”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar