Sumqayıtda kişi ayrıldığı sevgilisindən qeyri-adi qisas alıb.
Lent.az xəbər verir ki, 33 yaşlı İkram Quliyev 1 həftə əvvəl ayrıldığı sevgilisinin yaşadığı evə gedib. Burada o, qapını davamlı olaraq, döysə də, qadın məhəl qoymayıb. Belə olan halda İkram qeyri-adi yola qisas almağı düşünüb. O, kəskin qoxulu naməlum məhlulu evin qapısına və qapının gözcük hissəsinə töküb. Kəskin qoxudan qadının vəziyyəti pisləşib.
Onun şikayəti əsasında polis əməkdaşları İkramı saxlayıblar. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələrilə protokol tərtib olunub.
Zərərçəkən qadın bildirib ki, 11 ildir İkramla sevgi münasibətləri var:
“Son zamanlar münasibətimiz pisləşib və 1 həftədir ki, ayrılmışıq. Həmin gün saat 20 radələrində İkram gəlib mənzilimin qapısını fasilələrlə döydü, lakin açmadım. Bundan sonra o, qapıma və gözcük hissəyə kəskin qoxulu maddə tökdü. Qoxudan vəziyyətim pisləşdi və 102 xidmətinə zəng etdim”.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə İkram Quliyev 150 manat məbləğində cərimələnib.