Bakı Ağır Cinayətlər Məhkəməsində Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Seymur Məmişovun sərbəst ifadəsi dinlənilib:
"Elxanla bir yerdə işləyirdim, suvaq vururduq. Azaliyanı əvvəldən tanıyırdıq. Həmin gün birlikdə yemək yeyib, spirtli içki qəbul etdik. Elxan Azaliya ilə otaqda tək idi, bir qədər sonra Azaliyanın qışqıraraq, Elxana onu buraxması üçün yalvarmağını eşitdim. Azaliya bizi onu zorlamağa görə polisə şikayət etməyi ilə hədələyəndən sonra onu öldürmək qərarına gəldik. Elxanla yenidən həmin otağa qayıdaraq, Azaliyanın boğazından tutub boğmağa başladım. Elxan da qızın ayaqlarından tutaraq onun hərəkət etməsinin qarşısını alırdı".
Növbəti proses yanvarın 14-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Rusiyada törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları həmin ölkənin vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında, bu il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.