Xalq sənəti evinin qədim əşyaları –
19 avqust 2011 10:40 (UTC +04:00)

Xalq sənəti evinin qədim əşyaları –

Yəqin ki, bu ünvan çoxlarına heç nə demir. Bura adi evlərdən biridir. Amma adi olduğu qədər də qeyri-adidir. Qeyri-adiliyi isə İçərişəhər evlərinə məxsus tarixiliyin indiyə qədər qorunub saxlanmasındadır. Bura xalq sənəti evidir.

2005-ci ildə bir layihə əsasında yaradılan xalq sənəti evinin tarixi, eksponatları, məqsədi haqda Lent.az-a Mələkxanım Hacıyeva danışır. Onun sözlərinə görə, bu ev 19-cu əsrin ortalarında babası Hacı Şıxəli Əli Əşrəf oğlu Hacıyev tərəfindən inşa olunub. Evin divar şkafı, tavanı, pəncərələri İçərişəhərə məxsus arxitektur elementlərdəndir.


Evin bir guşəsi M. Hacıyevanın baba və nənəsinə həsr olunub. Divar şkafının rəflərinə onların işlətdiyi ev, məişət əşyaları toplanıb. Burada milli geyimlərimizdən qədim araqçınlar, güləbətin tikməli daraqqabı, möhürqabı, qədim tumanların bağları qorunub saxlanılır. Qədim qadın aksessuarlarından kirşanqabı, sürmədan, mücrü və güzgüyə rast gəlmək olur. Maraqlı əşyalardan biri də kişi üçün adekalon qabıdır. Bu hissədə ailə şəcərəsi albomundan götürülmüş bir şəkil də var. 1929-cu ildə çəkilən şəkildə bir neçə qadının oturub qədimi saplarla əşyalar toxuması təsvir olunub. O əşyaların nümunələri də burada qorunur. Digər rəfdə Kuznetsov çinili qablar var. Burada Kuznetsov farfordan düşbərəxor, nəməkdan, plovçuxur, kasalar, masquralar görünür. Aşağı hissədəkilər isə nənəsinin o illərdə istifadə etdiyi cehiz əşyalarıdır. Hətta onların arasında Kuznetsov farforlu uşaq oyuncaq xörək dəsti, çay dəsti var. Divar şkafının yuxarısına həndəsi və nəbati naxışlarla bəzədilmiş misgərlik nümunələrimizdən satıl, sərpuş, camlar, qazanlar, qablama, sərnic düzülüb.

Başqa bir guşə Mələkxanımın atası Məmmədnaib Hacıyevə məxsusdur. Məmmədnaib Hacıyev əvvəl musiqiçiləri balabanda müşayiət edib. Bəhruz Zeynalovla, Ələkbər Əsgərovla olan lent yazıları bu gün də “Qızıl fond”da qorunur. Amma sonrakı illər balabanı düzəltməyə başlayıb. Şirzad Fətəliyev və başqa bir çox sənətkarlar indi də onun hazırladığı balabanı çalırlar: “Bu guşədə atamın düzəltdiyi balabanlar və balabanları düzəltdiyi alətlər nümayiş olunur. Özünün çaldığı gümüş balaban isə bu gün də qorunur. Onun balabanı dərhal seçilir, səsindən tanıyıram. Bir də hazırladığı qəmişin qırağına qara, ya da qırmızı dəri vurardı. Bunu tək mən yox, bütün musiqiçilər deyir ki, atamın balabanın səsi tamam başqa olub. Bu gün də zəng vurub soruşurlar ki, bəlkə satdıq balaban var. Deyirəm yox. Əksinə mən özüm onun vaxtilə satdığı balabanları alıram”.

Evin qədim əşyalarından biri komod və üzərindəki lampadır. Komod Hacı Şıxəli tərəfindən evə alınan ilk interyer olub: “O illər hər bir içərişəhərli özünə ev qurarkən birinci aldığı əşya evin lampası, çırağı idi. Biz gözümüzü açandan bu günə qədər belə eşitmişik ki, evin lampası evi qoruyur. Hətta yadımdadı, zəlzələ vaxtı evdə çox şey yerə düşüb sındı. Təkanlar olanda komod da artıq aşmaq üzrəydi. Çiynimi komodun qabağına verib saxladım ki, tərpənməsin. Komod dayananda lampa da dayandı. Onda məndə elə bir təəssürat yaranmışdı ki, lampa düşüb sınsa, ev uçacaq və atamla anamı çölə çıxara bilməyəcəm. Ona görə də bütün gücümlə komodu saxladım ki, üstündəki lampa da yerə düşməsin”.

Mələkxanım Hacıyeva evin bir küncünə qoyulan yekə mis qablardan nə üçün istifadə olunduğu indiyə qədər xatırlayır. Deyir sininin üstündə qoğalın xəmiri yayılırdı. Dolçaya su tökülürdü. O biri mis qabda isə şəkərburaların ən yaxşısı seçilib qonaq üçün saxlanılırdı.

Burada diqqəti cəlb edən eksponatlardan biri qəmədir. Bu, Nuru paşanın Hacı Şıxəliyə şəxsən hədiyyə etdiyi əşyadır: “1918-ci il Bakı qırğınları vaxtı ermənilər tərəfindən İçərişəhərə də hücumlar olub. Amma o vaxt ermənilərin ayağı İçərişəhərə dəyməyib. Çünki İçərişəhər çox güclü şəkildə qorunurdu. Əsasən da türk əsgərləri tərəfindən. Tarixdə türk əsgərlərinin adı çəkilir. Düzdür, İçərişəhərin qorunmasında onların böyük rolu olub, bu, danılmazdır. Amma İçərişəhərin bir çox qoçuları vardı ki, onlar da mərd-mərdanə ermənilərin üzərinə hücum çəkirdilər. O zaman türk əsgərləri Türkiyədən gəlib İçərişəhərdə yerləşdirilirdi. Çox türk zabitləri vardı ki, birbaşa babamın adıyla İçərişəhərə gəlirdi. Bir neçə gün gedən bu vuruşlar zamanı babam türk əsgərlərinə, zabitlərinə çox yardımlar edir, onları yedirib-içirdib, döyüşə hazırlıq vəziyyətinə salırdı. Hər bir şərait yaradırdı ki, təki döyüşə hazır olsunlar. Bu vuruşlar bitəndən sonra əsgərlər yığışıb gedəndə Nuru paşa babamla görüşür və hörmət olaraq bu qəməni ona şəxsən hədiyyə edir. Qəmənin üzərində yazı, ay-ulduz şəkli və Fateh Sultan Mehmetin möhürü var. Bu möhürün olmağı onun qədimliyinə nişanədir. Üzərində ərəb əlifbası ilə yazılmış yazını isə AMEA-nın müxbir üzvü Məşədixanım Nemət belə oxuyub: “Döyüşdə zərbə endirmək, xırda-xırda doğramaq, döyüşə hazır olmaq, haqqını ödəmək”. Bu qəmə uzun illər bizim evdə gizli saxlanılıb. Mən bunu 2005-ci ildə zirzəmidə tapmışam. Onda qardaşım danışdı ki, məktəbdə oxuduğu illərdə - 60-cı illərdə tavanın taxtalarını çıxaran zaman bu qəmə ordan çıxıb. Qardaşım atamdan bunun nə olduğunu soruşub. Atam da onun əlindən alıb ki, sən bilməzsən. Səhəri gün maraq qardaşıma güc gəlib və yenə həmin yerə gedib, amma qəməni orada tapmayıb. Biz bilirdik evdə belə bir şey var. Amma o barədə söhbət ola bilməzdi. Babam bəy ailəsindən, sövdəgər nəsildən olub. Onların öz mağazaları, dükanları vardı. Sövdəgərlərin tacirlərdən fərqi o idi ki, tacirlər özləri mal gətirməyə gedirdilər. Sövdəgərlər isə burda öz ofislərini açır, ayrı-ayrı xarici şirkətlərlə əlaqə yaradıb müqavilə bağlayırdılar. Tacirlər də onların imzası ilə xaricdən mal gətirə bilirdilər. Şəhərin ayrı-ayrı yerlərində babamgilin evləri vardı. Onlardan birini dövlətə təhvil vermişdi. Çox çəkinirdilər ki, onlara “kulak” adı verərlər. Ona görə də bu qəmə uzun illər üzə çıxarılmayıb”.

Xalq sənəti evinin maraqlı əşyaları sırasında yeddi nəsil şəklin toplandığı albom var. “Şəkillərin tarixi” adlandırılan albomda “ən qoca” şəkil 1866-cı ildə anadan olan adamın atasına məxsusdur.

Xalq sənəti evinin son guşəsini isə Mələkxanım Hacıyevanın öz əl işləri əhatə edir. Özünün toxuduğu bir neçə şəbəkəbənd süfrələri divardan asılıb. Bu əl işləri ilə o, keçmiş ümumittifaq, beynəlxalq sərgilərdə təmsil olunub, mükafatlar qazanıb. İndi də Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi sərgilərdə iştirak edir: “Hələ o qədər eksponatlar var ki, onlar bura düzülməyib. Mən bu evi kosmetik təmir edərkən o qərara gəldim ki, ilk növbədə evin qədim memarlıq ünsürləri ön plana çəkilsin və qorunsun. İçəri daxil olan adam ilk baxışdan hiss etsin ki, İçərişəhərdə qədim bir evdədir.
Mən buranı muzey kimi görmürəm. Bura muzey deyil. Xalq sənəti evi adı da buranın funksiyasını tam açmır. Mənim məqsədim odur ki, İçərişəhərli nəsillərin adətini, yaşam tərzini, məişətini, ailə tarixini gələn qonağa çatdırım. Və burada olan xarici qonaqların təəssüratlarından hiss edirəm ki, istədiyimə nail ola bilirəm”.

Xəyalə Muradlı
# 2651

Oxşar yazılar