“Əsli və Kərəm” 22 ildən sonra yenidən nümayiş olundu
29 iyun 2011 11:50 (UTC +04:00)

“Əsli və Kərəm” 22 ildən sonra yenidən nümayiş olundu

Lent.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva festivalın əhəmiyyətindən danışıb və Azərbaycanın bu tipli tədbirlərə ev sahibliyi etməsini uğurlu addım kimi qiymətləndirib. Nazir müavini açılış mərasimində iştirak edən çoxsaylı xarici qonaq qarşısında Azərbaycan mədəniyyəti haqqında geniş məlumat verib.


Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə festivalın iyulun 1-ə kimi davam edəcəyini və maraqlı proqram hazırlandığını bir daha qonaqların diqqətinə çatdırıb.

22 ildən sonra “Əsli və Kərəm”ə yenidən səhnə həyatı verən rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev XX əsrin əvvəllərində dahi Üzeyir bəyin yazdığı bu operanı bərpa etməyin məsuliyyətli iş olduğunu qeyd edib: “Müəyyən səbəblərdən dolayı bu opera 80-ci illərin sonlarında teatrın repertuarından çıxarıldı. Belə bir qərara gəlindi ki, bu festival çərçivəsində yeni tamaşanı tamaşaçılara təqdim edək. Şəkidə keçirilən I “İpək Yolu” festivalında Karvansarada açıq hava altında “Leyli və Məcnun” və “Şah İsmayıl” operalarını ixtisarlarla göstərmişdik. Bu gün də “Əsli və Kərəm” operası qədim Şirvanşahlar Sarayında nümayiş olunur və fikrimcə, bu hadisələrin həmin yerdə baş verməyi ilə mifik bir bağlılığı var. Bu tamaşanın belə ab-havada nümayişinin daha maraqlı alınacağını düşünürəm”.
Müxtəlif illərdə fərqli rejissorlar tərəfindən bu əsərlərə müraciət olunduğunu diqqətə çatdıran H.Quliyev hər dəfə qoyulan tamaşalarla maraqlandığını da deyib: “O dövrə uyğun qoyulmuş tamaşadır, sözsüz ki, həmin tamaşanı bu günə köçürmək olmaz və qəbul belə olunmaz. Çalışıram ki, bu ənənəni pozmayım və bu günün baxımına uyğun tamaşalar hazırlayım. Ən əsası tamaşaçıların zövqünü oxşamaqdır”.


Rejissor qeyd edib ki, tarixdə ilk dəfədir, “Əsli və Kərəm” operası açıq havada nümayiş olunur.


Operada Əsli partiyasını Vüsalə Musayeva, Kərəm partiyasını İlkin Əhmədov, Qara Keşiş partiyasını isə xalq artisti Şahlar Quliyev ifa edib. Musiqi yozumuna və əsas süjet xəttinə dəymədən opera bir saatlıq hazırlanıb. Operanın nümayişindən sonra xarici qonaqlar və yerli tamaşaçılar ifaçıları ayaq üstə alqışlayıblar.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar