ABŞ-da Azərbaycan xalçaları sərgilənir
21 iyun 2011 13:35 (UTC +04:00)

ABŞ-da Azərbaycan xalçaları sərgilənir

Vaşinqtondakı Qarabağ Fondu “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirləri davam etdirir. Bu tədbirlər sırasında ABŞ-ın Azərbaycan əsilli tanınmış xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib.
Qarabağ Fondundan Lent.az-a verilən məlumata görə, bu sərgiyə 200-dən çox ziyarətçi gəlib. Bu tədbirdə Azərbaycanın dostu sayılan tanınmış musiqişünas Jeffry Werbock qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. Sərgidə 40-a yaxın xalça nümayiş olunub.
Digər böyük tədbir ABŞ-ın tanınmış Tekstil Muzeyinin hər il keçirdiyi Festival olub. ABŞ-ın 10 tanınmış muzeyinin iştirakı ilə keçən tədbirə yüzlərlə ziyarətçi qatılıb. Tədbir zamanı Qarabağ Fondu gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib və təşkilatın könüllüləri Azərbaycan mədəniyyətini ziyarətçilərə təqdim edib. Səhnənin yaxınlığında qurulan Qarabağ Fondunun kabinəsində təşkilat şərq xalçalarının hazırlanması və istehsalında Azərbaycanın vacib rolu haqqında amerikalı ziyarətçilər üçün təqdimat keçirib. Tədbirdə iştirak edən uşaqlar xalça konturlarını boyayıb və Azərbaycan xalçalarını digər xalçalardan fərqləndirməyi öyrəniblər. Daha sonra Azərbaycan muğamı səslənib və musiqi çoxlu amerikalı ziyarətçinin marağına səbəb olub. Eyni zamanda Azərbaycan tələbələrinin “Ulduz” rəqs qrupu, “Kardelen” Türk rəqs qrupu və köçəri rəqqaslar tərəfindən Azərbaycan rəqslərinin təqdimatı keçirilib. Çoxlu amerikalı ziyarətçi Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat alıb. Festivalda iştirak edən amerikalı ziyarətçinin sözlərinə görə, Azərbaycan xalçaları şərq xalçaları içərisində daha çox tanınanlar sırasındadır. Ziyarətçi qeyd edib ki, dünyada olan çoxlu Azərbaycan xalçaları şərq, fars və erməni xalçaları adı altında təqdim olunur.

Qarabağ Fondunun direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda fond xalçaçılıq məktəbinin yaradılması ilə bağlı yeni layihə hazırlayacaq. Bu layihədə Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi və sexi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçalarını ənənəvi olaraq geniş ictimaiyyətə təqdim edəcəklər.
Hazırda fondun veb saytında Azərbaycan xalçaları haqqında ayrıca bloq açılıb (http://www.karabakhfoundation.org/pages/news/blog/posts/azerbaijani-carpets/). Yaxın zamanlarda tanınmış Amerikalı sənətşünasların bu bloqda Azərbaycan xalçaçılıq sənəti haqqında məqalələri çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar