Aygün Bayramova: “Şəxsən mən onu sevmirəm, xoşuma gəlmir...” – MÜSAHİBƏ
11 mart 2011 18:35 (UTC +04:00)

Aygün Bayramova: “Şəxsən mən onu sevmirəm, xoşuma gəlmir...” – MÜSAHİBƏ

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramovanın Lent.az-a müsahibəsi.

- Nə vaxtdır sizi efirdə görmürdük, amma bu gün (martın 10-da – X.M) tilsimi qırdınız. Səhər canlı efirə çıxmışdınız.

- Səhər efirlərinə çox gedə bilmirəm. Tənbəllik də etmirəm. Əlbəttə, söz verdiyim yerə mütləq gedirəm. Bir də ki, efirdə tez-tez görünməyi xoşlamıram. Tamaşaçılar bir az intizarda qalsınlar, darıxsınlar. Artıq yaza doğru gedir. Yəqin ki, tez-tez də olmasa, görünəcəm (gülür).

- Bəs yaradıcılığınızda yeni nələr görünəcək?

- Keçən il yeni albomum çıxmalı idi. Bir-birinin ardınca qastrol səfərləri oldu deyə albom yubandı. Bu ay da albom üzərində işləyə bilməyəcəm. Çünki II Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif tədbirlərdə iştirak edəcəm. Martın 11-də və 15-də Heydər Əliyev Sarayında Cənubi Amerikadan olan musiqiçilərlə bir səhnəni bölüşəcəyik.

- Bu layihədə iştirakınızdan belə nəticə çıxarmaq olar ki, yaşlı sənətkarlardan fərqli olaraq, siz muğamın sintez olunmasının əleyhinə deyilsiniz?

- Bu, baxır sintezə. Əlbəttə ki, hamısının əleyhinə deyiləm. Amma qəbul etmədiklərim də var. Onu da deyim ki, bizim o musiqiçilərlə ilk layihəmiz 2007-ci ildə olmuşdu. Birgə albomumuz çıxdı və hamı tərəfindən yaxşı qarşılandı. Orda mənim, Alim Qasımovun, Arif Babayevin, Zabit Nəbizadənin mahnısı var. Disk çox yüksək səviyyədə İsveçdə buraxılıb...

- Məsələn, Sevda Ələkbərzadənin ifasında xalq mahnılarının sintezini bəyənirsiniz?

- Bəzi xalq mahnılarını, bəstəkar mahnılarını sintez edəndə fikirləşmək lazımdır. Şəxsən mən onu sevmirəm, xoşuma gəlmir, qulaq da asmıram. Elə mahnılar var ki, onu o şəklə salmaq olmaz. Bu, tək mənim fikrim deyil. Bir neçə sənət adamlarının, adi tamaşaçıların da fikirlərini eşitmişəm ki, onlar qəbul etmirlər. Kim qəbul edir, özü bilər. Şəxsən mənim xoşuma gəlmir ki, o cür mahnılarımız elə tərzdə oxunsun. Yenə deyirəm, sintez yaxşı şeydir. Baxır onu hansı formada, hansı tərzdə edirsən. Bir var yeni yazılan mahnını o şəkildə ifa etmək, onu özü bilər. Ancaq xalq mahnılarının o cür ifasını mən bəyənmirəm.

- Ağdamdan Bakıya gəldiyiniz illər ərzində həyatınızda daha çox nələr dəyişib?

- Mən Ağdamdan Bakıya gələndə 16 yaşım ancaq olardı. Valideynlərimdən ayrı yaşamaq mənim üçün çox çətin idi. Bakıda tək yaşamaq, oxumaq, çalışmaq çətinliyini mən bilirəm, görmüşəm. Mən Bakı mühitinə çox gec öyrəşdim. Bəzən elə olurdu ki, hər ay evə gedirdim. Çətin olurdu, darıxırdım. Sonradan tədricən özümü sakitləşdirdim. Bir də ki, mən 9 yaşımdan oxumağa başlamışam. Bilirdim ki, böyüyəndə bu yolu seçəcəm, ona görə də buna hazır idim. Özü də mən iki dəfə Bülbül adına musiqi məktəbinə qəbul olmuşam, amma fikrimdən daşınıb getməmişəm. Üçüncü dəfə münsiflər dedilər, bu daşı ətəyindən tök, gəlib oxumaq lazımdır. Münsiflər heyəti məni görəndə artıq əsəbiləşirdi. Mən Fikrət Əmirov, Şövkət Ələkbərova, Vasif Adıgözəlov, İslam Rzayev, Arif Babayev kimi sənətkarların qarşısında çıxış edib bu sənətə gəlmişəm. Amma bu gün xalq artisti fəxri adını qazanmağa qədər keçdiyim yol mənə asan başa gəlməyib. Həmişə zəhmət çəkmişəm və bəhrəsini görmüşəm. Çoxları elə bilir ki, fəxri ad aldın, vəssalam, hər şey bitdi, işləməsən də olar. Əksinə, o fəxri adı qoruyub saxlamaq olduqca məsuliyyətli işdir.

- Təbii ki, qazandığınız bu uğurlara baxanda bu sənətə gəldiyinizə görə peşmançılıq çəkməyə əsas yoxdur. Amma olubmu bu illər ərzində həyatınızda nəyinsə dəyişməsini istəməmisiz?

- Əlbəttə, peşman deyiləm. Əksinə, xoşbəxtəm ki, bu yolu seçmişəm. Hərdən fikirləşirəm, görəsən xanəndə olmasaydım, hansı sənətin sahibi olardım? Bu sualı tez-tez özümə verirəm. Amma yenə də deyirəm, yox, Allah bu istedadı mənə veribsə, deməli mən elə xanəndə olmalıymışam. Düzdü, sənətdə əsəb, gərginlik, paxıllıq, müəyyən söz-söhbət də olur. Buna görə bəzən adam məyus olur, ayrı şeylər düşünür. Amma yenə də yaxşı bir musiqi dinləyəndə, yaxşı bir ifa eşidəndə onların hamısı arxa planda qalır.

- Müsahibələrinizin birində demişdiniz ki, uşaq vaxtı pioner evinə getməmək üçün bəzən əncir, gilas ağacına çıxıb gizlənərdiniz. İndi də bəzən üzdə görünməmək, efirə çıxmamaq həmin gizlənmələrdəndi, deyəsən...

- Yox, yox. Mən sizə bir şey deyim də. Mən az tanınan vaxtlarımda da efirləri, verilişləri seçmişəm. Həmişə belə olmuşam. İndi pioner dəstə rəhbərimiz Hicran xanımı xatırlayanda fikirləşirəm ki, gör onu nə qədər incitmişəm. Təbii ki, onların hamısı uşaq şıltaqlığı idi. O da ara-bir baş verirdi. Amma tədbirlər olurdu ki, orda mən birinci çıxış edirdim. Ağdamın haralarında konsertdə olmamışam?! Uşaq vaxtı adam o hərəkətləri dərk etmir. Böyüdükcə nəyin doğru, nəyin yanlış olduğunu anlayır.

- Verilişləri seçməyinizdən söz düşmüşkən. Bir müddət sizi “Xalq ulduzu” müsabiqəsinin münsifləri arasında gördük. Sonra qəfildən layihədən ayrıldınız. Bu da müxtəlif söz-söhbətlərə səbəb oldu. Gah dedilər təqdimat xoşunuza gəlməyib, gah dedilər Aybəniz Haşımova ilə nəsə problem yaşanıb. Layihədən uzaqlaşmanızın əsl səbəbi nə idi?

- Ümumiyyətlə, bu barədə danışmaq istəməzdim. Amma söz düşmüşkən, qoy aydınlıq gətirim. Mən hansısa bir işə başlamazdan öncə vaxt istəyirəm və fikirləşirəm. Bu layihəyə birinci dəfə dəvət alanda da fikirləşmək üçün 4-5 gün vaxt istədim. Layihəni də ciddi qəbul etmişdim. Çox gözəl başlamışdı. Birinci “Xalq ulduzu” yüksək səviyyədə keçdi. Bəlkə ikinci də yaxşı keçdi. Amma qalanları belə də... Artıq birinci layihədən sonra ora getmək istəmirdim. Çünki vaxtım olmurdu, hətta qastrol səfərlərinə, konsert, tədbirlərə görə dəfələrlə efirdə olmurdum. Yəni, vaxt məhdudiyyətim vardı. Sonra ikinci dəfə dəvət aldım. Və sözün düzü, bir az könülsüz getdim.

- Bəyənmədiyiniz nə idi axı?

- Deyim də. İkincini də fikirləşdim ki, birtəhər yola vermək olar. Amma üçüncü layihədə fikrim qəti idi ki, daha getməyəcəm. Başqa-başqa fikirlər, sözlər eşidirdim. Nə isə. Mənə aid olmayan fikirlər idi.

- Layihə barədə idi?

- Layihə barədə də fikirlər olurdu. Çox zənglər gəlirdi. Birinci “Xalq ulduzu”nda da müəyyən ifaçıların qohum-əqrəbaları zəng edirdi ki, “niyə mənim uşağımı tənqid edirsiz? Filankəs o birindən yaxşı oxuyurdu” və s. Ancaq layihədən ayrılmağımın birinci səbəbi vaxt məhdudiyyəti oldu. Üçüncü “Xalq ulduzu”nda da “saqqızımı oğurladılar”. Amma könülsüz gedirdim. İnanın, o bir həftə seçim ərzində hər dəfə otağa girəndə istəyirdim deyəm ki, məni üzrlü hesab edin, gedirəm. Bu, mənim səmimi sözlərimdir. Layihə rəhbərlərinin hörməti, xoş münasibəti bir az qarşımı kəsirdi, düzü. Beləcə, seçim mərhələsi də qurtardı.

- Amma nəsə oldu ki, siz fikrinizi qətiləşdirdiniz. Çünki layihə efir həyatına da başlamışdı.

- Başlasa da, mən artıq birinci efir günü studiyada qəti qərarımı verdim. Qəti qərara gələndə də heç kim məni yolumdan döndərə bilməz.

- Həmin gün nə baş verdi ki, qərarınız qətiləşdi?

- Yox, sadəcə qəti qərara gəldim. Səhəri də zəng vurub qərarımı layihə rəhbərlərinə dedim. Bir həftəlik əziyyətimi də halal elədim. Çünki o seçim turları olduqca çətin mərhələdir. 800-900 adamın hərəsinin ağzından bir avaz gəlir. Onların arasında istedadlıları seçmək çox çətindir. Seçilmiş ifalara qiymət verməyə nə var ki?! Bunlar yenə elə bildilər mən gələcəm. Efir günləri də mənə zəng etdilər. ATV-dən də zəng vurdular. Dedim yox, gəlmirəm. Sonra da bir neçə nəfər mənə xəbər verdi ki, efirdə səni müzakirə edirlər. Dedim xeyir ola? Hər kəs getsin özünü müzakirə etsin. Mənim müzakirəyə ehtiyacım yoxdu. Bunlar çox cılız şeylərdir. Mən Aybəniz Haşımovaya da öz fikrimi bildirdim ki, “siz özünüzü müzakirə edə bilərsiniz, başqasını yox. Sabah tamaşaçı sizi qınayacaq. Mən xalqın məhəbbətini qazanmış ifaçıyam. Amma hər halda efirdə demək ki, Aygün gəlmədi, düz eləmədi. Birincisi, mən uşaq deyiləm. Nə etmişəmsə, düz etmişəm”. Sözümü onda dedim. O da dedi, “məni məcbur etdilər” və s. Bilirsiniz, mən cılız söhbətlərə reaksiya vermək, kimisə təhqir etmək istəmirəm. Çünki özüm cılız adam deyiləm. Cılız adamların cılız fikirləri də mənim üçün heç vaxt maraqlı olmayıb, olmayacaq da. Məni efirdə müzakirə edənlər sonradan məndən üzr də istədilər. Özləri gördülər ki, bu, mənə qarşı səhv hərəkətdir. Səhvi anlamağın özü də böyüklükdür.

- Bəs indi Aybəniz Haşımova ilə münasibətiniz necədir?

- Bu barədə danışmaq istəməzdim.

- Aydın oldu... Aygün xanım, həqiqətən 7 min manata toya gedirsiniz?

- Bilirsiniz o məsələ necə oldu? Təbii, ağıllı düşüncəli insanlar bildi ki, Aygün Bayramova heç vaxt belə çiy söz danışmaz. Çox zənglər də gəldi ki, ola bilməz sən belə söz deyəsən. Əlbəttə, ola bilməz. Məgər mən bilmirəm nə danışıram? Şou adamları var ki, səs-küy yaratmaq üçün bir söz deyirlər. Mənim elə şeyə ehtiyacım yoxdur. Mənə sual verdilər ki, 7 minə toya getmisiz? Dedim, bəli, getmişəm. Niyə də yox? Bunun aparaturası, tar, kamanı, başqa ifaçısı var. Elə adam var ki, 12 minə toya gedir. Söhbət bütün toydan gedirdi, 15 dəqiqədən yox. Dediyim başqa sözləri də kəsib-doğrayıb elə montaj etdilər ki... Şou eləmək mənim xasiyyətimə uyğun bir şey deyil, yaraşmaz da heç. Mənə şoumu lazımdır? Ciddi sənətlə məşğul olan biriyəm. Reklama da ehtiyacım yoxdur. Bir də ki, xarici, türk müğənnilər Bakıya neçəyə gəlir? Onları toya da gətirilər, konsertlərə də. Qiymətlərini hamı çox gözəl bilir. Bizim ifaçıların nəyi onlardan əskikdir?

- Maraqlıdır, Aygün Bayramova sükan arxasında nələrlə qarşılaşır. Sizi tanıyıb hörmət edən sürücülər olur?

- Ola bilər ki, kimsə məni tanımasın. Amma ümumilikdə götürdükdə bizdə bir-birinə yol vermək, sürücülük mədəniyyəti çox aşağı səviyyədədir. Hərdən maşın idarə etdiyimə görə peşman oluram. Bir də görürsən bir yaşlı adam yoldan keçir, ona yol vermək istəyirsən, arxadan o qədər siqnal səsi gəlir ki, lap peşman olursan. Dünyanın çox ölkəsində olmuşam. Orda görəndə ki, piyada yolu keçmək istəyir, sürücü artıq uzaqdan sürəti azaldır. Bizdə bəzən yaşıl işıqda insanlar keçməyə başlayır. Fikirləşirsən ki, insan öz həyatını niyə belə təhlükəyə atır. Gözəl yeraltı keçidlər tikilib. Amma heç kim ordan istifadə etmir, hamı yerin üstü ilə gedir. Mən indiyə qədər ən çox adam vurmaqdan qorxmuşam. Şükür Allaha, 6 ildir maşın sürürəm, bu vaxta qədər hələ elə bir qəza törətməmişəm. Qaydalara çalışdığım qədər riayət edirəm.

- Bəs şəxsi həyatınız? Deyəsən sənət ailə qurmaq fikrini geridə qoyub.

- Ailə qurmaq gec deyil. Sadəcə yarını tapmaq məsələsi var. Mən tələbə vaxtımdan ali təhsilimi, sənətimi düşünmüşəm. Amma elə fikridə olmamışam ki, hər şeyi sənətimə qurban edəcəyəm. O fikirdə də deyiləm. Hər kəsin bir alın yazısı var. Əsas odur ki, xasiyyətimə uyğun biri olsun. Bəzən mənə deyirlər ki, “kapriznisən”. Xeyr, elə deyiləm. Baxanda hərənin özünə görə bir kaprizi var. Mən elə bir kaprizli xanım deyiləm. Sadəcə insan gərək anlaşa, dil tapa bilsin, özünə uyğun biri olsun. Mən heç vaxt elə bir insan arzulamamışam ki, varlı, dövlətli olsun. Özümün şükür Allaha sənətim, iş yerlərim var, ehtiyacım yoxdur. Gərək elə bir insan olsun ki, səni bir kəlməndən, bir baxışından başa düşsün, anlasın, birinci növbədə özünə, sonra da sənətinə hörmət etsin.

- Elə bir insan da hələ yoxdu...

- Sağlıq olsun. İnşallah, olar

- Sözlü adama oxşayırsınız. Deyəsən, yaxında yaxşı xəbər eşidəcəyik.

- İnşallah. Ən əsas canımız sağ olsun. Hərdən fikirləşirəm ki, ailə də olacaq, başqa şey də. Amma ürəyimdə ən ümdə arzum torpaqlarımızın geri qayıtmasıdır. Bəlkə də o yerləri görməyən, orda böyüməyən insan bizim qədər bu hissləri yaşaya bilməz. Ağdamı, evimizi, bağımızı tez-tez xatırlayıram. O yerlər üçün o qədər darıxmışam. Deyirəm, ay Allah, bircə oranı görməyi qismət elə, qalan hər şey öz yoluna düşəcək.

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3450

Oxşar yazılar