Film kimi: Şərqin seçilən qadını... Bakıda maşında gecələyir - HEKAYƏT
03 mart 2011 15:40 (UTC +04:00)

Film kimi: Şərqin seçilən qadını... Bakıda maşında gecələyir - HEKAYƏT

... Bilmirəm, onu nə dərəcədə xoşbəxt biri hesab etmək olar. Yaxud, ümumiyyətlə, olarmı? İstər sənətçi, istər bir qadın kimi. Bu sualı onun özünə verməyə, düzü, cəsarətim çatmadı. Axı necə verəydim?! Bütün dediklərindən, danışdığı problemlərdən sonra... Nə idi onun üçün xoşbəxtlik? Evmi, fəxri admı, təqaüdmü? Bəlkə heç vaxt yaşamadığı, bilmədiyi qadın, övlad, ailə səadətimi? O, bunların hamısından məhrum idi...

... Əslində həyatının müəyyən məqamlarında xoşbəxt olmamış deyildi, əlbəttə. Amma nədənsə o xoşbəxtliklərin hamısının ömrü çox qısa olmuşdu. Daha doğrusu, həmin sevinci sona qədər yaşamaq qisməti deyildi. Həyat bir üzünü güldürürdüsə, o biri üzünü də ağladırdı. Yarımçıq sevinclər, yarımçıq xoşbəxtliklərdi nəsibi...

İndi də həyatında heç nə dəyişməyib. Hələ əksinə, sevinc, ani xoşbəxtlik üçün də bir səbəb yoxdu. Həyat ondan üz döndərib sanki. İllərdi... Nəyə sevinsin, nəyə xoşbəxt olsun? Evsizliyinəmi, ailəsizliyinəmi, bu yaşda qohum-əqrəbaya möhtac qalmasınamı?! Bəlkə sənətdəki uğursuzluğuna?! Axı necə də olsa, o, nəinki Azərbaycanda, bütün Şərqdə nağaranın ilk qadın solo ifaçısıdır. Buna baxmayaraq, gördüyü işlərin qarşılığında layiq olduğunu da ala bilmədi. Amma nə olur-olsun, tarixi heç kim dəyişə bilməz. O, tarixə elə belə də düşüb. Bütün Şərqdə nağaranın ilk qadın solo ifaçısı Esmira Cəfərzadə kimi.

Yəqin ki, həyatının ən gözəl illəri elə uşaqlıq çağı olub. Qayğılardan, problemlərdən uzaq bir dövr. Əslən Xızılı olsalar da, 1953-cü il avqustun 19-da Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Atası həm nağara ifa edib, həm də gözəl səsi olub. Ancaq sonradan səsi batdığına görə ticarətlə məşğul olmağa başlayıb, qəssab işləyib. Böyük Vətən Müharibəsində iştirak edib kontuziya ilə geri qayıdan atası müharibədə göstərdiyi şücaətə görə Yasamalda mənzillə də təmin olunub. Bibisi, əməkdar artist İzzət Məmmədova isə Azərbaycanda və bütün Şərqdə ilk qadın nağara ifaçısı sayılır.

İki bacı, bir qardaş olsalar da, aralarında ancaq Esmira sənətə maraq göstərib. 6 yaşından pioner evində saz çalıb, oxuyub. Sonradan sazı nağarayla əvəz edib. Artıq 9 yaşında AzTV-nin “Lalə” qızlar ansamblının tərkibində çalışıb. Sonra isə uzun illər filarmoniyanın solisti olub.

1974-cü ildə cəmi 21 yaşında sənətdə ilk uğurlu işə imza atır. O zamankı mədəniyyət naziri Zakir Bağırov Naxçıvanın 50 illik yubileyilə əlaqədar Esmiranı ora göndərir. Esmiranın yaratdığı qızlar ansamblı yubiley tədbirində “Qızlar bulağı” adı ilə çıxış edir. Yubileydən sonra iki il də Naxçıvan Dram Teatrının solisti kimi işləyir və evi olmadığına görə, teatrın üçüncü mərtəbəsində qalır. Ancaq bu müddət ərzində vəd etdikləri evi və fəxri adı vermədiklərinə görə, yenidən Bakıya qayıdır, filarmoniyanın solisti kimi işinə davam edir. Beləcə, bu sevinci, uğuru yarımçıq qalır.

Ali təhsilində də eləcə. Əslində fars dilini yaxşı bildiyinə görə şərqşünaslıq və hüquq fakültəsində təhsil almaq istəyirdi. Amma filarmoniyanın solisti olduğu üçün o fakültələrə qəbul etmirdilər. Çünki hansı fakültəyə sənəd verirdinsə, o ixtisas üzrə də stajın olmalıydı. Nəhayət, İncəsənət İnstitutuna daxil olur. Amma buranı da yarımçıq tərk edir.

1978-ci ildə isə həyatının ən böyük faciəsini yaşayır. İdarə etdiyi maşında qəzaya uğrayır. Özü sağ qalsa da, atası dünyasını dəyişir. Bu hadisə ona çox pis təsir edir, böyük bir stress yaşayır. Elə bununla da Esmira Cəfərzadənin həyatından bir qara zolaq keçməyə başlayır. Bir müddət sonra ard-arda anasını, bacısını, qardaşını, bibilərini torpağa tapşırır. Ailə mübahisəsi nəticəsində ata evi əlindən alınır. Beləcə, ailə qurmaq da arxa plana keçir... Bir də o zaman ayılır ki, nə yaş o yaşdır, nə də həyatı öz axarındadır. Sənəti də o cür, donmuş vəziyyətdədir.

... İndi onun heç nəyi yoxdu. Nə ailəsi, övladı, nə bir fəxri adı, nə də evi. Qohum-əqrəbaya möhtacdı ancaq. Ya qohumlardan birinin evində gecələyir, ya da artıq köhnəlib, yerindən belə tərpənməyən maşınında. Hardansa bir manat gəliri belə yoxdu. Yaşa görə təqaüd almaq üçün 6 aydan çoxdur lazımi instansiyalara müraciət etsə də, heç bir nəticə olmayıb. Haqqı olan təqaüdü hələ də almır: “Vəziyyətimlə bağlı ölkə başçısı rəhbərliyinə müraciət etmişdim. Hətta Əbülfəs Qarayevin qəbulunda da oldum. Bir kəlmə dedi ki, “söz vermirəm, çalışaram”. Mən hər dəfə qapı döymək istəmirəm, utanıram, xəcalət çəkirəm. Amma fakt odur ki, dolanışıq, yaşayış üçün heç nəyim yoxdur. Qohumlar baxır mənə. Axı nə vaxta qədər belə davam edəcək? Alver edə bilmirəm. Dərs deməyə icazə verilmir ki, pedaqoji stajın yoxdu. Yaxşı, bəs mən necə dolanım? Təqaüd də verilmir. Çox çətindir, çox... Nəinki Azərbaycanda, bütün Şərqdə nağaranın ilk qadın solo ifaçısıyam. Bütün dövlət tədbirlərində mənim solo ifam mütləq olurdu. Amma gördüyüm işlərin müqabilində nə fəxri adım, evim var, nə də təqaüd alıram. Üstəlik, şəkərli diabetəm. Şəkər xəstələrinə pulsuz dərman verilən laboratoriyada qeydiyyatdan keçmək istədim. Orda da məndən pul istədilər. Arada gözdən əlil uşaqlarla işləyirdim. Qrup yaratmaq, xeyriyyə konsertləri keçirmək istəyirdim. Dövlət Əmlak Komitəsinə müraciət etdim ki, bizə bir yer versinlər. Onu da vermədilər...”

... İndi onun heç nəyi yoxdu. Olan-qalan ikicə nağarası var. Həyatında nələrisə qoruyub saxlaya bilməyibsə də, o sevimli zərb alətinə göz bəbəyi kimi baxıb. Hər şeyini itirib, bircə nağaraya dönük çıxmayıb. Kimlərinsə xəyanətilə üzləşib, bircə bu “dostu” ona vəfasızlıq etməyib. Deyir, “hərdən nağarada çalıram. Hərdən ona küsülü baxıram. Hərdən də oturub onunla söhbət edirəm. Bir yandan Allaha minnətdaram. Yaxşı ailədə doğulmuşam. Qara Məhəmmədin nəvəsi olmuşam. Allah mənə hər şey vermişdi. Qabiliyyət, savad, neçə dil bilirəm. Hətta şöhrət də vermişdi. O şöhrəti mən nağarayla qazanmışdım, bunu danmaq olmaz. Amma ürəyimin dərinliyində bir küskünlük də var nağaraya qarşı. Bəlkə bu aləti sevməyib başqa bir işlə məşğul olsaydım, indi həyatım bambaşqa idi. Yaşamağım, dolanmağım üçün hər şeyim olardı. Bir tərəfdən də fikirləşirəm ki, bunda nağaranın günahı nədi? Yuxarıda oturanlar gözdən saldı məni. Ancaq nə olursa olsun, nə qədər küssəm belə, mən yenə də bu aləti sevirəm. Və hər zaman da sevəcəm, ölənə kimi”.

Söhbətin sonunda Esmira Cəfərzadədən bundan sonra nə etmək fikri olduğunu soruşdum. Bircə kəlmə dedi: “Heç nə, bircə yolum qalır - Xəzərə atılmaq”. Dedi və güldü...

... Və mənə elə gəldi ki, bu gülüşün, zarafatın altında əslində gizli bir həqiqət yatır - əbədi xoşbəxtliyə qovuşmaq həqiqəti... Daha doğrusu, özü bu həqiqəti “içində yatırdır”. Oyatmaq istəmir, oyanmasından qorxur. Ya bəlkə hələ də ümid edir. Həyatında nələrinsə düzələcəyinə, problemlərinin aradan qalxacağına. Yarımçıq sevinclərə, yarımçıq xoşbəxtliklərə son qoyulacağına...

... Düzdü, indi onun heç nəyi yoxdu. Onu xoşbəxt biri də hesab etmək olmur. İstər bir qadın, istər bir sənətçi kimi. Amma mən bircə şeyi bilirəm ki, indi onu xoşbəxt etmək olduqca asandır. Sadəcə, bir azca, lap azca istək lazımdı. Bir də təşəbbüs. O istək, təşəbbüs olsa, nəinki Azərbaycanda, bütün Şərqdə nağaranın ilk qadın solo ifaçısı olan Esmira Cəfərzadənin həyatında nəhayət ki, tam bir sevinc, xoşbəxtlik olar bəlkə...

Xəyalə MURADLI

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1196

Oxşar yazılar