Ustadına kəm baxmayana kəm baxmayan…
29 yanvar 2011 18:23 (UTC +04:00)

Ustadına kəm baxmayana kəm baxmayan…

Yadıma uşaqlıq illərimdə əzbərlədiyim bir şeir düşür. Müəllim peşəsinə sevgi-məhəbbətlə süslənən, misraları axıcılığı ilə yaddaşlara hopan şeir. Qəribə də olsa, o şeirin nə boyda olmağını indi xatırlamıram. Çoxunun əzbər bildiyi bu iki bənddən savayı:


Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə,
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü-çiçəyi solmaz.
Dünyada sənin kimi
Varlı bağban tapılmaz.



Yazımızın qəhrəmanının kimliyini, nəçiliyini bunca gözəl ifadə edən özgə söz tapmaq çətindi. Həyatını xanəndəlik sənətinə həsr edən Nəriman Əliyevin adı çəkiləndə məhz bu şeir parçasını xatırlayıram. Azərbaycanda pedaqoq xanəndə kimi Seyid Şuşinskidən sonra şöhrət zirvəsində məğrurcasına dayanan ikinci şəxsdi Nəriman müəllim. Yetirmələrinin sayı və sanbalına görəsə, bəlkə də birinciliyə layiq Nəriman müəllim.


Nəriman Əliyev sənətə nisbətən gec gəlmişdi. Daha doğrusu o erkən gənclik çağlarından əlinə qaval götürüb, el şənliklərinə getsə də, təhsil almaq, peşəkar xanəndə kimi yetişmək qərarına gələndə artıq müəyyən yaşa çatmışdı. Və bəlkə də bibisi oğlu, o illərdə məşhur Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyan, bu gün hamının yaxşı tanıdığı, görkəmli qaboy ifaçısı Kamil Cəlilov olmasaydı, Nəriman böyük sənətə gəlməyəcəkdi. Amma nə yaxşı yaşda balaca olmasına baxmayaraq, Kamilin dedikləri onun ağlına batır. Beləcə, 26 yaşlı Nəriman muğam aləmində adı hələ sağlığında əfsanələşən Seyid Şuşinskinin qarşısında imtahan verir. Ağa (Seyid Şuşinski nəzərdə tutulur-S.E.) cavan bakılı balasını əməlli-başlı sınağa çəkir. Və görünür, bərkdən-boşdan yaxşı çıxdığından, dünyanın hər üzünü görmüş, bir vaxtlar qıy vuran səsiylə çoxunun ürəyinə od salmış, köhlən atını şöhrət zirvələrində səyirtmiş Ağa yalnız dərs deməyə razılaşmır, həm də əbədilik ülfət bağlayır az qala nəvəsi yerində Nərimanla.



Təsadüfi deyil ki, 1956-cı ilin payızında o, birinci kursda oxuyan tələbəsinin Buzovnadakı evinə qonaq çağırıldığı gündən bu ailəyə, ocağa ürək qızdırır. Ailə sarıdan bəxti gətirməyən nəhəng sənətkar qocalıq qapını döydüyü vaxtda tək-tənha yaşamaqdan üşənir, özünə həyan axtarır. O, bu rahatlığı, doğmalığı, isti münasibəti Nərimangilin evində tapır. Həmin vaxtdan etibarən Ağa tələbəsinin evində qalmağa başlayır. Az sonra həmin həyət-baca bütün kənddə məşhurlaşır. Hətta şəhərdən Buzovnaya gələn nabələdlərə ”Ağanın evinin yanında düşərsən” deyə, nişan verirlər bu yeri. Tələbə Nəriman və atası, ev-eşiyin həqiqi sahibi, məxsusi sənəti, vəzifəsi olmasa da, muğama sonsuz sevgi bəsləyən, Seyid kimi ustada xidmət göstərməkdən zövq alan Mövsüm kişi camaat arasında deyilən sözdən nəinki daralar, əksinə məmnunluq hissi keçirərdilər. Zarafatıydımı, o boyda sənətkar bu evdə yaşayırdı. Ötən əsrin ortalarında, sənət və sənətkara hörmət-izzətinin başqa sayaq olduğu çağlarda bu, təbii qarşılanan məsələ idi. Televiziyanın evlərə təzəcə ayaq açdığı, radionun hələ şan-şöhrətdən düşmədiyi illərdə böyük-kiçik vardı, hələm-hələm aradan pərdə götürülməzdi. Belə qayda-qanunların hökm sürdüyü dövrdə Ağa və onun kimi sanballı köhnə kişilərin bir sözü iki olmazdı. Adi vətəndaşlardan tutmuş, dövlət adamlarınadək hamının qapısı onların üzünə açılar, xahişləri, diləkləri yerdə qalmazdı. Və heç şübhəsiz belə bir vaxtda Seyid təki ustadlarla kəlmə kəsmək xoşbəxtlik sayılardı. O da ola hər gün Ağayla bir süfrənin başında oturasan, az-az danışan bu qaraqabaq kişinin hərəsi bir dünyaya bərabər hikmətli sözlərini eşidəsən. Dinləyənlərin, görənlərin, bilənlərin xoş halına. Gənc Nəriman nəinki ustadından öyrənər, hərəkətlərindən, öyüd-nəsihətlərindən nəticə çıxarar, hətta onun ayaqlarını yumaqdan belə məmnunluq duyarmış. İndi çoxuna qəribə görünsə də, bu, həqiqətdi.


Altmış səkkiz illik həyatının otuz üç ilini Seyidsiz keçirən Nəriman Əliyevin əslində bircə günü, bircə saatı belə ustadsız ötüşmədi. Bütün bu illər ərzində dərs dedi və Ağadan görüb-götürdüklərini damlabadamla tələbələrinə öyrətməklə daim ustadına sadiq qaldı. Məhz buna görə onun adı xanəndə müəllimlər içərisində Seyid Şuşinskidən sonra ikinci çəkilir. Əgər Seyid Azərbaycanda xanəndəlik sənətinin pedaqoji əsasını qoyandısa, bu yolu layiqincə davam etdirənlərin sırasında birinci yerdə dayanan Nəriman müəllimdi. Belə deməyə yetərincə əsas var. “Hər bir iş nəticəylə ölçülür” qənaətinə söykənsək, başqa cür düşünməyə yer qalmır. Canəli Əkbərov, Ağaxan Abdullayev, Səfa Qəhrəmanov, Zümrüd Məmmədova, Mələkxanım Əyyubova, Qaraxan Behbudov, Vahid və Sabir Abdullayevlər, Rəhimə, Gülyaz və Gülyanaq Məmmədovalar, Kifayət Gəncəli, Təranə Vəlizadə, Eyvaz Həsənov, Yaqut Abdullayeva, Teyyub Aslanov, Ruzə İbişova, Qəzənfər Abbasov, Vahid Quliyev, Məhərrəm Həsənov... Adları sadalanan sənətkarları hamı tanıyır. Amma yəqin çoxu bilmir ki, onların hamısı Nəriman Əliyevin yetirmələridi. Və yalnız onlarmı? Bəs, rəsmən başqa müəllimin sinfində oxusalar da, ustaddan dərs alan Sabir Əliyev, Nəzakət Məmmədova, Zaur Rzayev, Səxavət Məmmədov və başqaları? Axı, belələri də az deyil. Bəli, bu gün Azərbaycanda sənətdə müəyyən uğur qazananların əksəri onun payına düşəndi.




Tələbəlik illərindən təzəcə ayrılmış, filarmoniya səhnəsində hələ özünü xanəndə kimi tamam-kamal təsdiq eləməmiş Nəriman müəllim əvvəlcə böyük tarzən, görkəmli muğam bilicisi Əhməd Bakıxanovun təklifiylə 12 saylı uşaq musiqi məktəbində, az sonra məzunu olduğu Asəf Zeynallı adına Musiqi Məktəbində dərs deməyə başlayanda bəlkə də ağlına belə gəlməzdi ki, ömrünün sonunacan burada çalışacaq. Və onun qismətinə ifaçı yox, məhz pedaqoq kimi tarixdə qalmaq yazılacaq. Düzdü, xanəndəlikdən ayrı düşməyəcəkdi o. Amma ifaçılığı müəllimliyə qurban verəcəkdi. Taleyini büsbütün tədrisə bağlayacaqdı. Yetirmələrinin xoş sorağı gəldikcə sevinəcək, ürəyi dağa dönəcəkdi. Neyləyəsən ki, onun özünü qiymətləndirmək, əməyinin dəyərini vermək aidiyyatı vəzifə sahiblərindən kimsənin fikrindən keçməyəcəkdi. Ta yeni dövrün, zamanın gəlişinədək belə davam edəcəkdi. Təsadüfən bir məclisdə mədəniyyət naziri Polad Bülbüloğlu onu görəndən sora tilsim sınacaqdı. Nəriman Əliyev 1992-ci ilin payızında əməkdar müəllim fəxri adına layiq görüləndə əməllicə duyğulanmışdı. Altmış iki yaşını arxada qoyan ustad halal haqqını almışdı. O, Əhməd Bakıxanov və Seyid Şuşinskidən sonra muğam dünyasında bu fəxri ada layiq bilinən üçüncü, müəllimlərinin ardınca isə birinci şəxsdi.


Nəriman Əliyev 1998-ci ildə haqq dünyasına qovuşdu. İki il sonra doğma kəndində bacısı oğlu, tanınmış kaman ifaçısı, pedaqoq, musiqişünas alim Arif Əsədullayevin təşəbbüsüylə yubileyi keçirildi. Həmin vaxt Arif müəllim vaxtilə “Rast”, “Çahargah”, “Bayatı Şiraz”, “Şur”, “Rahab”, “Arazbarı”, “Mahur-hindi”, “Mani”, “Humayın” muğamlarını sevə-sevə ustadın ifasından seçmələri disk şəklində buraxdırdı. Yeri gəlmişkən, 35-40 il əvvəl Bəhram Mansurov və Həbib Bayramovun ansambllarının və Arif Əsədullayev və Elxan Müzəffərovun müşayiətilə lentə alınmış, radionun qızıl fondunda saxlanan, “Bayatı Şiraz”, “Mahur-hindi”, “Rast”, “Çahargah” muğamları Nəriman müəllimin ifasında əsl klassik nümunələrdi. Və məhz həmin muğamların diskdə yer alması olduqca əhəmiyyətli məsələdi.


Yetmiş beş illik yubileyində Nəriman Əliyevin həyat və yaradıcılığı sənədli filmin diliylə ekrana gəldi. Amma ötən il mayında nədənsə əvəzsiz muğam müəlliminin səksən yaşı heç yerdə xatırlanmadı. Ailəsi, xüsusilə, ömürgün yoldaşı Xalidə xanım sarsıldı. Ondan bir qədər əvvəlsə açılışı olan Beynəlxalq Muğam Mərkəzində büstləri sıralanan görkəmli muğam ustadlarının sırasında Nəriman Əlievin yoxluğu ona yer eləmişdi...


Bu yazı yubileydən sonra ortaya çıxsa da, hər halda gərəksiz deyil, sanıram. Və məncə, onun yetirmələri olmuş sənətkarların bir qismi öz təbliğlərinə çalışmaqla yanaşı, arada müəllimlərini də yada salsalar, pis olmaz. O müəllimi ki, ustadını evində saxlayıb, ayağını yuyub, qulluğunda dayanmağı şərəf məsələsi bilmişdi.
Seymur Elsevər

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2422

Oxşar yazılar