Nazir: “Heç kim deyə bilməz ki, Dram Teatrının ömürlük aktyorudur”
19 yanvar 2011 18:55 (UTC +04:00)

Nazir: “Heç kim deyə bilməz ki, Dram Teatrının ömürlük aktyorudur”

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir müsabiqənin ləğv olunması səbəblərini izah edərkən bildirib ki, teatrda bütün aktyorlar bir illik müqavilə üsuluna keçirilib: “Biz ilk öncə bütün iştirakçıları ştatdan çıxartdırdıq. Bu gün heç kim deyə bilməz ki, Dram Teatrının ömürlük aktyorudur. Bu, sınaq ilidir. Biz heç kimi qeyri-ədalətli şəraitdə qoymaq istəmirdik. Yəni, bütün aktyorlar bir il müddətində teatrda öz bacarıqlarını, istedadlarını sübut etməlidir. Bir ildən sonra kim teatra lazım olsa, onunla olan müqavilənin müddəti uzadılacaq”.



Ə. Qarayev “Azdrama”da baş rejissor, ikinci rejissor anlayışının artıq mövcud olmadığını da deyib. Nazir qeyd edib ki, bütün rejissorlar müqavilə ilə işləyəcəklər, əsərləri müqavilənin şərtlərinə uyğun olaraq səhnələşdirəcəklər: “Bunun özü də artıq islahatdır. Çünki bu şəraitdə bir tərəfdən rejissorların maddi imkanları artacaq, digər tərəfdən də rəqabət nəticəsində daha maraqlı tamaşalar yaratmağa səy göstərəcəklər. Elə düşünürəm ki, biz inqilabçı deyilik. Bu islahatları davamlı, təyinatlı və məqsədli düşünürük. Bu bir il müddətində yeni strukturda çalışacaq teatr artıq yeni şəraitə də uyğunlaşacaq, aktyorlar bərabər, ədalətli şərtlərlə öz fəaliyyətlərini davam etdirmək şansı alacaqlar”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar