Əkrəm Əylisli Azərbaycan Universitetinin qonağı olub
28 dekabr 2010 13:17 (UTC +04:00)

Əkrəm Əylisli Azərbaycan Universitetinin qonağı olub

Lent.az-ın verdiyi məlumata görə, universitetin akt zalında keçirilən görüşdə universitetin tələbələri, professor və müəllim heyəti iştirak edib. Universitetin Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova tələbələrə Əkrəm Əylislinin həyat və yaradıcılığı barədə məlumat verib. O deyib ki, yazıçı müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir, pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub. Əkrəm Əylisli dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə də tərcümə edib. Ülviyyə Rəhimova bildirib ki, yazıçının müasir dövr yaradıcılığı əvvəlkindən xeyli fərqlənir, müasir dövrdə milli-mənəvi dəyərlərin qorunmasına yönəlib.

Azərbaycan filologiyası və jurnalistika kafedrasının müəllimi Asiyyat Tinayeva Əkrəm Əylisli özünəməxsus yaradıcılığı və fərdi üslubu ilə seçildiyini söyləyib: “Yazıçının üslubu lirizmlə şərtlənir. Müəllif həyat hadisələrini nağıllandıraraq təsvir edir. Əsərlərinin adları da nağılla bağlıdır. Onun demək olar ki, bütün əsərlərində təsvir olunan Buzbulaq kəndi, saflığın və təmizliyin mənəvi simvoludur”.

Asiyyat Tinayeva qeyd edib ki, Ə. Əylislinin əsərlərində təbiətə münasibət maraqlıdır, yazıçı insanı təbiətin bir parçası kimi təsvir edir, təbiət kultlarını obraz səviyyəsinə qaldırır.

Tənqidçi alim Vaqif Yusifli, müasir ədəbi prosesdə Əkrəm Əylislinin yaradıcılığını xüsusi bir mərhələ hesab edərək, əsərlərinin bədii dilindən sitatlar gətirib.
Əkrəm Əylisli universitet rəhbərliyinə və tələbələrə təşəkkür edib, həyat və yaradıcılığına dair ona ünvanlanan müxtəlif sualları cavablandırıb. Tədbirdə yazıçının həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1009

Oxşar yazılar