Bəxtsiz sənətkarın qəfil atəşlə bitən film kimi ömrü - HƏYAT HEKAYƏSİ -
02 noyabr 2010 16:50 (UTC +04:00)

Bəxtsiz sənətkarın qəfil atəşlə bitən film kimi ömrü - HƏYAT HEKAYƏSİ -

Qırx üç illik ömrünün otuz altı ili kinoda keçən, bütün həyatını çətinliklər məngənəsində sıxılan bu insan çoxdan bizdən ayrı düşüb. Yarım əsrə yaxın vaxt ötüb onun gedişindən. Yaşasaydı, doxsan yaşını tamamlayacaq, üzü yüzə sarı daha bir onilliyi xərcləməyə başlayacaqdı. Amma o xarakterin sahibi bəlli aqibətə tuş olmasa belə, çətin ki, indiyədək tablayardı.

Bir ömrə sığmayacaq ağrı-acı, iztirab, məhrumiyyət, haqsızlıq, xəstəlik və üzüntü... Bunlar tam siyahı deyil. Olsa-olsa, yaşanmış, amma bitməmiş bir insan həyatının ümumi məcmusudu. Həmin kəlmələr onun qısa ömür yolunu, yarımçıq arzularını dilə gətirməkçün kodlardı.

O, şimşək kimi çaxıb, dolu təki yağdı, hava kimi açılıb, gün təki yüksəklərdən al şəfəqlərini yaymağasa vaxtı yetmədi. Gözləmək olardı ki, parlaq günəşə dönüb od-alovuyla əl-ayağımızı qarsalayacaq. Fəqət bu baş vermədi. Qəfil gəlişinə bənzər aqibətlə də yekunlaşdı hər şey. Səs-küylü başlanan həyat hekayəti beləcə də bitdi.

“...Bəlkə də səhv edirəm, məndə belə bir duyğu var ki, yaradıcı adam ya indi kinematoqrafiyadan getməli, ya da nəyisə partlatmalıdır...” Bu sözləri o demişdi. Dünyayla halal-hümmət eləməmişdən bir müddət qabaq. Həmin kəlmələr onun dilindən ağ vərəqə süzüləndə beləcə qərar vermişdi. Hələ filmlər çəkmək, indiyəcən lentə ala bilmədiyi əsərləri ekranlaşdırmaq istəyirdi. Bundan yana yaşamaq keçirdi könlündən. Yoxsa, o yalnız necə gəldi ömür sürmək fikrindən uzağıydı. İllərdən bəri həsrətində olduğu mövzuları işləmək üçün vaxt lazımıydı. Məsələn, “Hacı Qara”nın kinematoqrafik həllini aləmə çatdırmaq niyyəti vardı. Amma ona çox şeyi qıymırdılar: rahat çalışmağı, ürəyindən keçənlərlə baş-başa qalmağı, özgə qayğılarla yüklənməməyi və sairi. O bütün bunlara sağlamlığı bahasına dözürdü, ürəyinin yağını əridə-əridə, canının odunu söndürə-söndürə. Və iş o yerə çatır ki, qurmağa, yaratmağa təşnə insan günlərin birində hər şeydən bezir. Hətta özünə rəhm etməkdən belə usanır. Vaxtından qabaq gəlmiş soyuq, şaxtalı qış axşamı – 1963-cü il dekabr ayının 8-dən 9-a keçən gecə məhrumiyyətlərə, keşməkeşlərə rəğmən doymadığı həyatdan getmək qərarını qətiləşdirir, ölümünə fərman verir. Ov tüfəngindən açılan cəmi bircə güllə onu bu dünyadan ayırır. Lətif Səfərov ya kinematoqrafiyadan getmək, ya da nəyisə partlatmağı düşünmüşdü az öncə. Elə də oldu, dediyinə bir başqa sayaq əməl eləməklə. Yalnız kinodan yox, həyatdan getməklə, sənətdə yox, onu qırx üç il bərkə-boşa çəkən fani dünyada ürək partlatmaqla.

1920-ci il sentyabrın 30-da, bir payız günündə Şuşada dünyaya göz açan Lətif Bəşir oğlu taleyin yazısı ilə 7 yaşında kamera qarşısında dayanmalı olmuşdu. O zaman “Tunc ay” filminin çəkiliş qrupu Qarabağın dilbər guşəsinə gedib çıxır. Və tamam təsadüfdən ekran əsərinin balaca qəhrəmanını oynayacaq aktyoru tapmaq lazım gələndə onlarla uşağın içindən Lətif diqqəti cəlb edir. Çəlimsizliyinə baxmayaraq, üz-gözündən ağıllılıq yağan, diribaş hərəkətiylə hamıda maraq oyadan bu oğlan sınaqdan uğurla çıxır. Rejissor onu bəyənir, filmə çəkir. Qısa zamanda balaca aktyorun şöhrəti şəhərə yayılır. İndi onu bütün Qala camaatı (Şuşalılar nəzərdə tutulur – S. E.) tanıyır. Film “Gilan qızı” adıyla ekranlarda göstərildikdən sonrasa Lətif Səfərovun kimliyini Azərbaycanda hamı bilir. Ömründə xəyalına belə gətirmədiyi halda, kinematoqrafın sehrinə düşür. Bu gənc, ecazkar sənətin-kinonun tilsimi Lətifin yuxularını qeybə çəkir. Sonradan o bu illəri xatırlayıb yazırdı: “7 yaşım var idi. “Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şuşaya gəlmiş Azərbaycan kinematoqrafiyası işçilərini dağın zirvəsində yerləşən şəhərin nağılvari mənzərəsi heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar mənim şəhərimə gəlməsəydilər, bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara bilik öyrədərdim... 10-cu sinfi bitirmiş gənci maraqlandıra biləcək çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm... ”

Yeddi yaşındaca o, gələcək həyatının kinodan kənarda qalmayacağını kəsdirir. Və ilk müstəqil qərarını verir: Ya atasız, ana himayəsində qayğılarla qol-boyun naməlum sonluğa doğru irəliləmək, ya da kinodakı uğurlu başlanğıcın ardınca getmək. Lətif ikinci yolu seçir. Belə baxanda, başqa cür necə ola bilərdi, tilsimlənən yalnız yeddi yaşlı şuşalı balası deyil, həm də filmin rejissoru Leo Mur, operatoru İvan Frolov, görkəmli aktyor Sidqi Ruhulla, bir sözlə, hamıydı. Lətif kinoya, onlarsa balaca “sənətkar”a vurulmuşdular. Üstəlik, onu özləriylə Bakıya aparmaq üçün anası Mayanı neçə yol dilə tutmuşdular. Axırda ana zorən razılaşmışdı. Bu addımı atmağa əsas səbəb bəlkə də iki azyaşlı uşaqla gənc qadının ərsiz, qayğılarla üz-üzə qalmasıydı. Yeri gəlmişkən, Lətifin atası – Bəşir Heydər oğlunu dövrünə görə müəyyən təhsili olduğundan, yeni hökumət işsiz qoymamışdı, babat qulluq sahibiydi. Və elə o mənsəbin havasından Bəşir kişi ailəsini - təhsilsiz arvadını, balaca oğlunu və körpəcə qızını taleyin ümidin buraxıb, özünə bab bir xanımla evlənir. Dörd yaşlı Lətif həyatın ilk zərbəsini həmin vaxt alır. Amma sən demə, qarşıda daha sərt sınaqlar dururdu. Bundan bir kimsənin xəbəri yoxuydu. Maya əl boyda oğlunu kinoçulara etibar edəndə qarşıda onu hansı çətinliklər gözlədiyini unamamışdı. İlk baxışda al-əlvan işıqları, bər-bəzəyi, şan-şöhrətiylə göz qamaşdıran ekran sənəti bu savadsız qadını da çaşdırmışdı. O, sadəlövhcəsinə buradakı həyatın o biri üzünü bilmədən, duymadan Lətifini əzab-əziyyətli bir yolda tək qoymuşdu. Bundan belə bütün ağırlıq arıq, çəlimsiz oğlanın çiyninə düşəcəkdi. Az sonra Şuşadan Bakıya gələn həmin balaca yad şəhərdə məhəbbətini qazandığı insanların, xüsusilə rejissor Mikayıl Mikayılovun qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürülür. Lətif günün birinci yarısını internat məktəbdə oxuyur, dərslərini qurtaran kimi işə tələsirdi. Balaca aktyora studiyada çalışanların hamısı nəvazişlə, ehtiramla yanaşırdılar.

1928-ci ildə “Sevil” filminin çəkilişi başlayanda Gündüz roluna aktyor axtarmağa ehtiyac olmadı. Cəfər Cabbarlının tövsiyəsi ilə bu iş Lətifə həvalə edildi. Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorlarla bir sırada kamera qarşısında dayanmaq zarafat deyildi. Bacardı. Növbəti il film ekranlara çıxanda ifasının maraqla qarşılanması, məharətilə peşəkarlardan geri qalmadığının təsdiqiydi. Az sonra Mikayıl Mikayılov ölkədə geniş vüsət alan kollektivləşmə hərəkatını əks etdirən filmin çəkilişinə başladı. Maraqlıdı ki, sosrealizmin tələbinə cavab verən bu ekran əsərinin baş qəhrəmanının obrazını yaradan Lətifin təsirli oyunu addəyişməyə səbəb olur. Filmin adı Lətifin adıyla üst-üstə düşür. Beləcə Lətif “Lətif”lə daha da məşhurlaşır. Amma bundan sonra o həyatının uğursuzluq zolağına qədəm basır. Növbəti iki film – “Şərqə yol” və “Qızıl kol” zəif alınır. Və nəticədə iki-üç il ərzində parlayan aktyora daha diqqət yetirilmir. Üstündən az keçmiş Lətif ağır xəstələnir. Səhhətiylə əlaqədar ona işləməyi qadağan edirlər. Bu sonuncu zərbə olmur. Təhsilinə də fasilə vermək məcburiyyətində qalır. Balaca aktyor ruhi-mənəvi cəhətdən sarsılır. Bir-birinin dalınca gələn uğursuzluqlar xeyli vaxt onu incidir, məyus edir.

Həmin arada anası Maya bir nəfərə ərə gedir və qızını da götürüb Bərdəyə gəlin köçür. Lətif anasının yanına yollanır. Bir müddət orda yaşayır. Atalığı ona və bacısına doğma balası kimi yanaşsa da, o burada çox duruş gətirmir. 1935-ci ildə Bakıya dönür. Nəcib insanların sayəsində yenidən iş yerinə qayıdır, təhsilini davam etdirir. Di gəl, daha ona filmdə çəkilməyə rollar verilmir. Lətifin böyüdüyünü, kişiləşdiyini düşünüb, bu işi ondan balacalara etibar edirlər. Nəhayət, bir il sonra yenidən çəkiliş meydanına çıxmağa macal tapır. Amma bu dəfə kamera qarşısında, yox rejissorun yanında dayanır. Lətif rejissor köməkçisi və assistenti, aktyor kimi yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində “Çapayev”, “Lenin oktyabrda”, “Biz Kronştatdanıq”, “Lenin 1918-ci ildə” və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edir, böyük məktəb keçir. Azərbaycan kinematoqrafiyasının formalaşmasında və inkişafında əməyi olan insanlarla – Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar Atakişiyev, Sidqi Ruhulla, Rza Əfqanlı, Mustafa Mərdanov, Ələsgər Ələkbərov və başqalarıyla çiyin-çiyinə çalışmaq ona çox şey öyrədir. Lətif yavaş-yavaş rejissor sənətinə meylləndiyini duyur. 16 yaşında komsomol sıralarına keçdikdən sonra, imtahan verib Gəncə Pedaqoji Texnikumunun qiyabi şöbəsinə qəbul olunsa da, gələcəkdə taleyini müəllimliyə bağlamayacağını anlayır. İşlərin pis getmədiyi vaxtda, atası Bəşir repressiyanın qurbanına çevrilir. Ona “əksinqilabçı” damğası yapışdırırlar. İndi Lətif xalq düşməninin oğludu.

İllər sonrası həmin günləri belə xatırlayırdı: “...Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Öz müstəqil həyatımı küçədən başladım. Onda yeganə yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu...” Atası sürgündən sağ qayıdır. Onların görüşü baş tutur. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib: “...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... Pərəstişin son zərbəsi mənə cəmi alti ay bundan əvvəl dəydi. O, vəfat etdi...”

Bütün bunlar sonralar olur. İndisə repressiyanın tüğyan elədiyi vaxtdı. Demək qapılar üzünə bağlanacaq. Amma yox, 1939-cu ildə texnikumu fərqlənmə diplomuyla bitirir. Ürəyində ən böyük arzusu Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumaq idi. Kinostudiya rəhbərliyi on ildən artıq təcrübəyə malik bu gəncin ümidini qırmır. Əməyi qiymətləndirilir, 1940-cı ildə Lətif göndərişlə Moskvada ali məktəbə qəbul olur. Gələcək rejissor sevincindən uçmağa qanad axtarır. Bu xoşbəxtlik uzun sürmür. Bir il sonra müharibə başlayır. Həmkarlarıyla birgə Smolensk vilayətində müdafiə xəttinin tikintisində iştirak edir, qısa müddətdə “Mosfilm”də çalışır. Daha sonra institut arxa cəbhəyə - Alma-Ataya köçürüləndə pulsuzluq ucundan Bərdəyə qayıtmaqdan savayı çıxış yolu tapmır.

Rayona çatar-çatmaz onu cəbhəyə aparırlar. Səhhətindəki problemlə bağlı Lətifin orduya yaramadığını nəzərə alıb, tərxis eləyirlər. Rejissor olacağı günü səbirsizliklə gözləyən gəncin bir neçə ili Bərdə rayon mülki tədris şöbəsində hərbi inspektor kimi çalışmaqda, sevmədiyi işlə məşğulluqda keçir. Qələbədən sonra təhsilini davam etdirmək üçün yenidən Moskvaya yola düşür. Tələbəykən kurs yoldaşı Faina Nikolayevnayla ailə qurur. Oğlu Lətif, qızı Anna dünyaya gəlir. Özünü hər cəhətdən nümunəvi göstərən tələbə-rejissor institut illərində müəlliminin “Piroqov” filminin çəkilişlərində iştirak edir, pambıqçı, əmək qəhrəmanı Sürəyya Kərimova və onun briqadasının fəaliyyətindən söhbət açan “Çağırışa cavab” kinooçerkini lentə alır. Lətifin öz ssenarisi əsasında çəkdiyi bu sənədli filmin operatoru onunla bir vaxtda Moskvada təhsil alan Teyyub Axundov və Xan Babayev olur. İki il ötür, o, Astara rayonunun “İskra” kolxozunda çalışanların həyatını ekrana gətirir. “Yeni həyat qurucuları” sənədli filmi diplom işi kimi əla qiymət alır.

“Əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik” fikrini həyat kredosuna çevirən Lətif 1950-ci ildə görkəmli rus kinorejissoru Qriqori Kozintsevin emalatxanasında təhsilini uğurla bitirib, diplom və müəlliminin verdiyi sanballı xasiyyətnaməylə Vətənə dönür. Yox, Moskvadan gətirdiyi yalnız bunlar deyil. Arvadı və iki balası da onunladı. Gənc rejissora yaşamaq üçün kinostudiyanın həyətində kiçik bir otaq verirlər. Ailəsi çöldə deyildi, buna görə sevinirdi. Amma Lətifin bitib-tükənməz arzularıyla Bakı kinostudiyasının imkanları üst-üstə düşmür. O zaman burada ürəyaçan nəsə yoxuydu. Kinomuz “beskartinye” dövrünü yaşayırdı. Gənc rejissor doğma studiyaya qayıdan il cəmi bir film çəkilmişdi. Üç rejissorun - İ.Xeyfits, A.Zarxi və R.Təhmasibin müştərək məhsulu olan “Bakının işıqları” hətta ekrana da buraxılmamışdı. Lətif ruhdan düşmür Xan Babayev və Teyyub Axundovla birgə “Gədəbəyin sərvəti” sənədli filmini çəkir. Sonra bir-birinin ardınca “Gənc leninçilər”, “Azərbaycan sərhədçiləri”, “Quba bağlarında” sənədli filmləri, “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası üçün süjetlər araya-ərsəyə gəlir. Film üzərində gecəli-gündüzlü çalışmalar, rejissorluqdan aralanmadan həmkarlarının yaradıcı təşkilatda birləşməsi naminə gördüyü işlər vaxtını çox alır. Az qala ailəsi və xəstəliyi də yaddan çıxır. Arvadı Lətifin onlara diqqət ayırmamasından, etinasızlığından şikayətlənir. Və günlərin birində bu vəziyyətdən bezir, uşaqları da götürüb öz vətəninə qayıdır. Beləcə gənc ailə dağılır. O sarsılır, bəxtinə düşən “pay” onu rahat buraxmır. Bir vicdanlı şəxs kimi, uşaqlarına aliment kəsilməsi üçün lazımi sənədləri və maaş barədə arayışı Rusiyaya, aidiyyatı idarələrə göndərir. Arvadısa onun məktublarına, uşaqlarının vəziyyətiylə maraqlanma istəyinə incik, könülsüz reaksiya verir. “Daha hər şey qurtarıb...” - deyir və əlaqəni kəsməyi lazım bilir. Lətifə dəyən mənəvi zərbədən sonra özünə gəlməyə vaxt lazımıydı. Amma onun üçün bütün ömrü boyu tapılmayan, ələ düşməyən ən qiymətli şey vardısa, bu məhz vaxtıydı. Belədə başı yenə çəkilişlərə və ictimai fəaliyyətə qarışır.

...Nəhayət, kinomuzun “quraqlıq” dövrü başa çatır. Amma həsrət bitir demək hələ tezdi. Kinematoqrafiya İnstitutunun məzunu olan neçə-neçə rejissor bədii film çəkəcəyi günü gözləyir. Qəribədi ki, birinci olmaq Lətifin qismətinə düşür. Hamıdan qabaq o film yaratmaq fürsəti qazanır. Bu bir yandan rejissoru sevindirir, digər yandan qayğıyla üz-üzə qoyur. İstədiyini ekranlaşdıra biləcəkmi? Zənnində yanılmır. Onun “Hacı Qara” arzusu gözündə qalır. Nədən ki, vaxtı deyil, ideoloji maraqlara cavab vermir. “Görüş” filminin ssenarisi yuxarıların daha ürəyincədi. Lətif bu ssenaridə sənət baxımından ağlabatan nəsə görmür deyə, imtina edir. Bu səfər ona N.Rojkov və B.Laskinin yazdığı “Mahnı ilə keçən ömür” ədəbi ssenarisi təklif olunur. Əslində, bu da bəşəri ideyalardan uzaq, konyunktur bir əsərdi. Yenə imtina etmək gərəkdi, amma Lətif növbəti fürsətin olacağına inamsızdı. Ona görə əlləşmək hesabına ssenarini babat vəziyyətə gətirib, ortabab bir film çəkmək ümidiylə razılaşır. Amma bu hələ harasıydı, sən demə əziyyətli, ağır günlər qabaqdadı. Sən demə ona hələ də bədii filmlər rejissoru adı verilməyib. Mədəniyyət nazirliyi işə qarışır. Moskvaya məktub və müvafiq sənədlər göndərilir. Az sonra məsələ həllini tapmaqdaykən növbəti çətinliklə üzləşir. Müəyyən adamlar hər vəchlə yaradıcı və texniki heyətə hədə-qorxu gəlməyə, filmi yarımçıq qoymağa çalışır. Adi dekorasiyanın 28 günə, özü də qeyri-peşəkarcasına qurulması, müdiriyyətə giley-güzara rəğmən heç bir nəticənin hasil olmaması və sair kimlərinsə marağından xəbər verir. Rejissor əsəblərini cilovlaya bilmir. Məsələ böyüyüb nazirlik səviyyəsinə qalxır. Ssenari müəllifi N.Rojkovun və Lətifin təkidli mövqeyi nəticəsiz qalmır. Sanki daha problem olmayacaq. Neyləyəsən ki, rejissorun keyfiyyət naminə ssenari üzərində vaxt və zəhmət hesabına gördüyü işlər rəhbər şəxslərin vecinə deyil. Minnətdarlıq əvəzinə, iradlar eşidir. Ssenarinin adını dəyişib “Xoşbəxt gün” qoyan Lətifin hazırlıq dövrünün üçüncü mərhələsi barədə istəyisə sərt reaksiya doğurur. Moskva bunun yolverilməzliyini bildirib, filmin bağlanmaması üçün plan üzrə vaxtında və keyfiyyətlə təhvil verməyi xatırladır. Geriyə yol yoxdu, əsəbiləşməyi, mübahisə etməyi də heç nəyi dəyişməyəcək. Beləcə, rejissor öz fantaziyası və Rəşid Behbudov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Münəvvər Kələntərli, Ağahüseyn Cavadov kimi aktyorların məharəti, operator Arif Nərimanbəyovun, bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlığı sayəsində baxımlı ekran əsərini ərsəyə gətirir. İndi bizim “Bəxtiyar” kimi əzbər bildiyimiz, ilk adı “Mahnı ilə eldən-elə” olan bədii filmin uğurlu alınması müəllifi və rəhbərliyi razı salır.

Bu arada Lətifin həyatında daha bir əlamətdar hadisə baş verir. O, tanınmış müğənni Şövkət Ələkbərovayla ailə həyatı qurur. Az əvvəl keçirdiyi sarsıntılar azalır, mənəvi baxımdan sanki ona güc-qüvvət gəlir.

Növbəti addımını o yenə də “Hacı Qara”yla atmaq istəyir. Bir qədər əvvəlki məmnunluğa baxmayaraq kinonun başında duranlar “yox” deyirlər. Qanı qaralır və bu dəfə “26 Bakı komissarı”nı çəkmək arzusunu dilə gətirir. Yenə etiraz, planı büsbütün pozulur, alt-üst olur. Albaniyanın “Novaya Albaniya” kinostudiyasıyla, rejissor Q.Xakaniyəylə müştərək filmin çəkilişinə başlayır. Bolqarıstana gedib materiallar toplayır. Ciddi hazırlıq apararkən kimlərsə bu işə pəl vurur. Əli növbəti dəfə boşa çıxan rejissor bekar qalmamaq üçün “Bakının uşaqları” və “Qığılcım” sənədli filmlərini çəkir. Sevdiyi mövzular üzrə filmləri lentə almaqdan ötrü rəhbərləri yola gətirməyə çalışır. Dəfələrlə müraciət edir. Amma ona yalnız sovet insanının xarüqələrini işıqlandırmaq tövsiyə olunur. Bütün bunlardan sonra “Qızmar günəş altında” filmini çəkmək məcburiyyətində qalır. İşi təhvil verib bir balaca rahat nəfəs alır.

1958-ci ildə Lətif Səfərov əsasını qoyduğu Kino İşçiləri İttifaqının sədri seçilir. Və o Ümumittifaq kinofestivalının üzvlüyünə də layiq bilinir. Bu isə yalnız ürəyaçan məsələ deyildi. Artıq ictimai fəaliyyətiylə də qınaqlara tuş gəlir. Festivalda filmi uğur qazanmayanlar günahı onda görürlər. Heç kim başqa səbəb haqqında fikirləşmək istəmir. Lətif söylənənlərin həqiqətə uyğun gəlmədiyini sübut etməyə çalışır. İttiham və iftiralar yenə əsəblərini tarıma çəkir.

Bir il sonra kino işçiləri üçün yaradıcılıq evinin layihə-smeta sənədlərini hazırladır, ittifaqın plenumunu keçirir. O, ittifaq üzvlərinə imtiyazlar almağa çalışır və bu yolda nazirlikdən tutmuş ölkə rəhbərliyinədək hamıyla çəkişməli olur. Az sonra arzularından biri həyata keçir:”Kino evi” açılır. İndi həmkarlarının yığışmağa, yaradıcı planlarını bölüşməyə doğma ocaqları var. Amma sən demə, “...Adamlarla həqiqət dilində danışmaq lazımdı. Yalan cana doydurub – o dəqiqə onu hiss edirlər. Xalqa çox uzun müddət və üzəvari yalan danışıblar...” deyən, böyük zəhmət hesabına buranı yaradan Lətifi çoxlarının yerini dar eləyib...

Yenə “Hacı Qara” istəyi. Və yenə “olmaz” hökmü! “”Mehdi Hüseynin “Səhər” romanı əsasında Ağarza Quliyevlə birgə ekran əsərini yaratmaq təklifi. Razılıq vermir. Şərikli iş onluq deyil. Növbəti təklif Moskvadan gəlir. Ssenari studiyasının direktoru F. Dulgerov A. Abakarovun qələmə aldığı “Dağlılar”a üz tutmağı məsləhət bilir. O, yenə də boyun qaçırır. Beynindəki fikirlər “Hacı Qara”, “Ölülər” kimi klassik komediyaların üzərində dolaşır. Nəhayət, Lətifə klassik əsər tapşırılır. Amma komediya yox, faciəylə üzləşir. Rəhbərlik “Leyli və Məcnun”u ona etibar edir. Bu arada “Koroğlu”nun uğursuz ekran həllindən narazı qalan başbilənlər məsuliyyətli işin öhdəsindən yalnız onun gələcəyini düşünür. Lətif Səfərov tərəddüd keçirir. Artıq qırx yaşını yola salıb, yetərincə təcrübəyə malikdi. Hərçənd bəzilərinin nəzərində belə deyil. Üstəlik, həyatın və sənətin keşməkeşlərindən doyunca dadan rejissora təzəcə verilmiş əməkdar incəsənət xadimi fəxri adı onu gözü götürməyənlərin sayını bir qədər də artırıb. Həmişə işi daşdan çıxan Lətif duruxub qalıb: birdən film uğursuz alınar. İllah da “Koroğlu”yla bağlı biabırçı söz-söhbətdən sonra. Amma rəhbərlik fikrində qətidi: filmi o çəkməlidi! Füzuli dünyasına baş vurmaq gərəkdi. İctimai fəaliyyətiylə bir arada Lətif böyük ustadın yaradıcılığını diqqətlə nəzərdən keçirir. Tez-tez Ənvər Məmmədxanlıyla görüşür, onun yazdığı ssenariylə məşhur tarixi dastan arasında bağları, fərqli məqamları müzakirə edir, qeydlərini nəzərə çatdırır. İçini didən şübhələr bir an rejissoru sakit buraxmır: film istədiyi kimi - söz nəhənginin xatirəsinə, öz adına layiq alınacaqmı? Rəhbər və mütəxəssislərin açıq və eyhamlı müdaxilələri, cəmiyyətdəki söz-söhbət onun nigarançılığını birə-beş artırır. Çıxış yolunu yalnız irəli getməkdə görən Lətif onu anlaya biləcək birisinin məsləhətinə ehtiyac duyur. Gümanı müəllimi Qriqori Kozintsevə gəlir. Leninqrada – ustadının yanına gedir.

Burdakılarsa öz hayındadılar. Mərkəzi Komitədən kinostudiyanın rəhbərliyinədək hamını filmin vaxtında, keyfiyyətlə çəkilməsi, bəlli ideoloji çərçivələrdən çıxmamaq maraqlandırır. Amma bu hələ hamısı deyil, aktyorların seçilməsi məsələsində də onu dinc qoymurlar. Lətifsə inadkarlıq göstərir, üstəlik əlavə vaxt, vəsait tələbini irəli sürür. “Böyüklər”in razılaşmamağı rejissoru fikrindən daşındırmır. Ürəyindən keçəni lentə almaq uğrunda mübarizədən çəkinmir. Di gəl, yuxarılar belə şeyi həzm etməyə alışmadıqlarından, bu hərəkəti birmənalı şəkildə tərslik adlandırırlar. Beləcə, çəkilişlər didişmə və mübahisələrlə aparılır. İndi onun bircə addımı belə gözdən yayınmır. Mütəmadi qaydada lentə alınan kadrlar rəhbərlik və bədii şuranın istəyilə baxılır, yarayıb-yaramadığı təhlilə çəkilir. Bundan sonrasa əcaib mənzərə yaranır: xoşagəlməz nə varsa səbəbkarı Lətifin özüdü.

Həyatının növbəti çətinlikləri qarşısında qalan rejissorun çıxılmaz vəziyyətdən qurtulmağının yolu Qriqori Kozintsevdən asılıdı. Görünür, respublikanın mədəniyyət naziri belə düşünür. Yoxsa, görkəmli rejissorun Bakıya gəlməsi üçün Rusiyalı həmkarına və onun özünə müraciət etməzdi. Amma təəssüf ki, Kozintsevin özü yox, məktubu gəlir. O yazır: “Əziz Lətif! Orada nə baş verir? Niyə mənə Siz yox, rəsmi adamlar məktub yazırlar? Başlıca bəla ondadı ki, sizə nəylə desəz kömək etməyə hazıram, ancaq mənə Bakıya gəlmək qəti olmaz”.

İndi, üstündən əlli il keçəndən sonra o zamankı hadisələrə qiymət vermək asan görünə bilər. Bəs həmin vaxt? Əlbəttə, çox çətiniydi. Xüsusilə, Lətif Səfərov kimi mürəkkəb xarakterə malik, tutduğu yoldan dönmək istəməyən, prinsipial, mübariz birisi üçün. Ötən əsrin 60-cı illərinin əvvəlində cərəyan edən hadisələr həyatının mənasını sənətdə və insanların xeyrinə yarımaqda görən rejissorun min bir əziyyətə qatlaşdığından, olmazın cəfalar çəkdiyindən xəbər verir. L. Səfərovun “Leyli və Məcnun” filminin taleyi müəllifinin özü kimi başı bəlalı olur. Ekran əsərinin təhvil anınacan davam edən “olar-olmaz” qadağaları, bürokratik əngəllər sonda yarımçıq nəticəni ortaya qoyur...

Qəribədi ki, rejissor plan üzrə vaxtın bitməsinə baxmayaraq, tamamlanmamış epizodlar, əlavə çəkilişlər üçün Moskvadakı səlahiyyət sahiblərinin inadını qırmağa xeyli qüvvə sərf edir. Məntiqli mülahizələr, dəlil-sübut və aydınlaşdırma cəhdləri hədər getmir. Razılıq alınır. Lətif gec baş tutsa da, bu addımın müəyyən nəticəyə səbəb olacağına ümidlidi. Bircə tələsmək lazımdı. Ona görə də Moskvaya dəydiyi vaxtda əziz müəllimiylə görüşməyə vaxt tapmır. Tez Bakıya dönür. Bura çatanda ardınca məktub gəlir. Qriqori Kozintsev ondan neçə vaxtdan bəri xəbər çıxmadığını, buna görə narahat olduğunu yazıb, uğurlar arzulamağı unutmamışdı.

Amma artıq gecdi. Sənət, ailə və ictimai fəaliyyətlə bağlı qayğılardan dinclik bilməyən Lətifin səhhətində ciddi problemlər var. Onun uşaqlıqdan zədəli, xəstəhal canı get-gedə zəifləyib, ağır mərəz öz işindədi. Əsəb, gərginlik onu dözülməz edib. Belə bir vaxtda filmi təhvil verir. Əsərin yarı çiyliyi özünə bəllidi. Çox da bütün çatışmazlıqları ayağına yazmaq insafdan deyil, bunu itirib-axtaran kimdi? Bu səbəbdən qarşıda nələr dayandığını duyur. Kinematoqrafiya işçilərinin fəallar yığıncağının keçirilməsinin məqsədi də ona aydındı. Hədəfdə Lətif və onun filmidi. O həmin iclasa getmir. Deyəcəklərinə, nəyisə sübuta yetirəcəyinə məhəl qoyan tapılmayacaq. Rejissora irəlicədən bəlli olanların “gerçəkləşməsi özünü çox gözlətmir. Mərkəzi Komitənin katibi Xasay Vəzirovun çıxışı kinematoqrafçılar ittifaqının təşkilat bürosunun sədri Lətif Səfərova və onun son filminə hücum və kəskin tənqidlə yadda qalır. Bundan sonra həmişə üzünə gülənlər də əleyhinə danışır, yerli-yersiz şəxsi həyatını eşələyirlər. Yığıncaqdakı hoqqalar rejissora artıq təəccüblü gəlmir. Axı, az sonra ittifaqın təsis konfransı keçiriləcək, ardınca SSRİ kinematoqrafiya işçilərinin qurultayına nümayəndələr seçilməlidi. O isə bu xasiyyətlə, davranışla sədrliyə və qurultaya nümayəndə seçilməsinə yaramır. Daha doğrusu, yuxarılara sərf etmir.

1962-ci ilin noyabrında Gəncədə və Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən “Leyli və Məcnun” filmi tamaşaçıların müsbət qiymətini alır. Mətbuatda yazılanlar da əsasən obyektivliyi və xoşniyyətliyilə seçilir. Rejissora qarşı formalaşan haqsız münasibətəsə bunlar heç bir təsir göstərmir. Növbəti ay hazırlıq işlərinə başlansa da, ittifaqın təsis qurultayının keçirilməsi 1963-cü ilin yanvar ayına adlayır. Adı çəkilən tədbirdə onun hesabat məruzəsi dinlənilir. Toplantının gedişindəcə bu işin nəylə bitəcəyi Lətifə aydın olur. Az sonra ehtimallar özünü doğruldur. Rejissor oyunların qurbanına çevrilir. On ildən artıq müddətdə yaradılmasına və formalaşmasına qüvvə sərf etdiyi kinematoqrafçılar ittifaqında indi o arzuolunmaz şəxsdi. Moskvaya, qurultaya gedəcək nümayəndə heyətinə onun adı salınmır. İdarə heyətinə seçilsə də, ittifaqa rəhbərlik Həsən Seyidbəylinin qismətinə düşür.

Vəziyyət üzücüdü. Lətif bərk sarsılıb. Onu incidən itirdiyi vəzifə deyil, bir vaxt həmkar saydığı, böhtan atan, karyeraya həris adamların xəyanətkarlığıdı. Belə ağır vəziyyətdəykən həmişə arxa, pənah yeri kimi baxdığı müəllimindən məktub alır. Q. Kozintsev onun xəstələndiyindən kədərləndiyini bildirib, tezliklə sağalmasını arzulayır. Daha sonra planlarını soruşur, xalqı, vətəni üçün görəcəyi işlərə inandığını yazır.

Bu məktub rejissorun sınıq qəlbini ovundurur. Ruh düşkünlüyündən xilas olub, qətiyyətlə ayağa qalxmaq istəyən Lətif növbəti zərbəni alır. Kinematoqrafçılar ittifaqının hazırkı rəhbərliyi maliyyə məsələsiylə bağlı bir-iki şeyi onun yadına salmağı lazım bilir. Baş mühasib Poqosovanın qəfil məktubu yaxın keçmişəcən sədr işləyən rejissorun ittifaqdan borc, ezamiyyə və kredit məqsədiylə götürdüyü 873,15 manat pulun qısa vaxtda qaytarılmasının vacibliyi haqdaydı.

Bakıdakı yaxınlarından borc almağa utanan Lətif Bərdəyə yollanır. Bacısından götürdüyü pulla ittifaqdan canını qurtarır.

Vaxt ötür. Ağrı-acıdan daha çox, sanki unudulmaq ona yer eləyir. Nə zamansa rejissor peşəsinin özəlliyi haqqında belə söyləmişdi: “...Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardı. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu təzədən çəkməyə cəhd elə! Axı, bu da yaradıcılıqdır – təkcə rejissorun keyfiyyətlərindən asılı olmayan çətin və kollektivin əməyindən, ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşüb əlini yelləsin”. Əslində Lətif haqlıydı. Səsini eşitmək istəməsələr də.

Beləcə bir müddət özünə qapılır. Nəhayət cana doyur, bədii şuradan sifariş tələb edir. Həsən Seyidbəylinin “Möcüzələr adası” ssenarisi təklif olunur. Diqqətlə oxuyur, ssenaridən ağlı bir şey kəsməsə də, üzərində ciddi işləmək hesabına nəyisə dəyişəcəyinə inanır. Amma bu proses o düşündüyündən ağır keçir. Vaxt itkisi də bir yandan. Plan tələbi yenə xirtdəyinə dirənib. Yenə çəkişmə, kiməsə nəyisə anlatma cəhdi... Lətif yaxşı nəsə alınacağına ümidini itirmədiyindən filmin istehsalata buraxılmasına etiraz etmir. Qabaqdasa onu daha bir sınaq gözlədiyindən xəbərsizdi. Belə bir vaxtda gənc, perspektivli operator Rasim Ocaqovun “sürprizindən” çaş-baş qalır: Kamera ustası məktub yazaraq, müəyyən səbəblərdən çəkiliş apara bilməyəcəyini xəbər verir.

Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmayıb. Xəstəlik canini yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilib.

Artıq dekabr ayıdı. İlin sonuna az qalıb. Qış vaxtından qabaq qapını kəsdirib. Dekabrın 8-i axşamdı. Bayırda əməllicə şaxta, sazaq var. Lətifgilin evi istidi. Amma heç kim bilmir ki, az sonra bu mənzilin dörd divarı arasında baş verən hadisə bayırdakı soyuğu, şaxtanı kölgədə qoyacaq. Faciəni eşidən adamın belə damarda qanı donacaq.

Qarşıdakı müsibətə bircə addım qalıb. Yalnız Lətif itirəcəyi həyat barədə xəbərdardı. O, fikrində qətidi: belə yaşamağa son qoyulmalıdı! Daha heç nə onun gözündə deyil, nə ailə, nə sevdiyi sənət, nə də doyunca kam almadığı həyat.

Bu axşam o sonuncu dəfə ömür-gün yoldaşı Şövkət xanıma, altı yaşlı oğlu Bəşirə diqqət ayırır, onların könlünü oxşamağa çalışır. Sanki bu yolla mehr və məhəbbətini, nəvazişini kəsrdə qoymayacaq. Evdə qonağı da var. İkinci rejissor Ruslan Şahmalıyevdi gələn, müəyyən müzakirələr aparırlar.

Günün bitməsinə az qalıb. Daha gecdi, qonaq onları tərk edir. O xanımına “hələ işləyəcəyəm” söyləyir. Həyat yoldaşı ərinin gecə yarıyadək işləmək adətinə bələddi. Birinci dəfə deyil ki. Ona görə sakitcə yataq otağına yollanır. Bəli, bunacan yuxusuz gecələr az olmamışdı. Amma ta beləsi bir daha təkrarlanmayacaqdı. Elə dünyanı düz-əməlli tanımayan Bəşirlə də sonuncu görüşdü. Mərhəmət dolu gözlərlə yuxuya getmiş oğluna baxır.

Bir dəstə təmiz paltar götürüb, vanna otağına keçir. Çimir, təmizlənir, əynini dəyişib bir balaca rahatlanır. İndi öz iş otağında təkdi. Gecə saat ikidi. Yazı masasının üstü vərəqlərlə doludu. Yaxınlarda çəkməyə hazırlaşdığı, bir qədər əvvəl ikinci rejissorla barəsində fikir mübadiləsi apardığı “Azərbaycan möcüzəsi” irihəcmli sənədli filminin ssenarisi də onların arasındadı. Lətif “bəlkə yox” fikrini ağlına gətirir və tezcə də “qərarından” daşınır. Sonuncu dəfə yazılara, şirin-şirin yatan doğmalarına nəzər yetirir. Gözünü qıyır, sanki kameranın obyektivindən qarşıdakı mənzərəyə baxır: Şuşa, günəşli yay günü, Cıdır düzü, kinoçularla ilk görüşü, birinci çəkiliş anı, Moskva illəri, daha nələri, nələri görür... Sevimli müəllimi Qriqori Mixayloviç Kozintsevin sözlərini xatırlayır: “Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şeyi uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi...” Doğrudan da həyat necə də gözəldi. Lətif sonuncu dəfə bu sözlərin mənası barədə düşünür. Amma artıq gecdi. Nəhayət, ov tüfəngin əlinə götürüb özünə sarı tuşlayır. Sərrast nişan üçün cəmi bircə güllə kifayətdi. Tətik çəkilir. Hər şey bitdi. Daha Lətif yoxdu. Yerdəki qan gölməçəsindən, gurultusu evdəkilərin qulağından getməyən güllə səsindən savayı bu insanın cəmi bir-iki dəqiqə əvvələdək mövcudluğuna şəhadət verən nəsə qaldımı? “Əlbəttə” - deyəcəyik. Məşəqqətli bir ömürdən sonra miras qalan sənət nümunələri belə düşünməyə əsas verir. Amma bunu söyləmək çətindi. Axı, elə idisə, ömrünü bütünlüklə kinoya, xalqına həsr edən bu insanın faciəsindən əl boyda yazı verməyə niyə qıymırlar.

Deyirlər, Lətifin dəfninə çox adam gəlibmiş. Hamı - doğmaları, onu sevənlər və cana doyduranlar bir aradaymış. Qəribədi ki, Lətifin nə sağlığında, nə də son qırx yeddi ildə başına bu qədər adam toplaşmayıb. Sanki haqlı, haqsız kim var, hamı həmin gün rejissora son borcunu vermək istəmişdi. Və bununla da haqq-hesabın bitdiyi təəssüratı yaranmışdı. Belə düşünənlərə bəraət varmı? Məncə, yox. Ən azı L. Səfərovun əsasını qoyduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinin rejissorla bağlı unutqan münasibətinə haqq qazandırmaq mümkün deyil. Yazı bir yana, həmin ittifaqın üzvü və son iyirmi ildəki fəaliyyətindən xəbərdar şəxs kimi buna təəccüb edirəm. Necə ki, Lətif bu dünyanın işlərinə, əhatəsindəki bədxahların əməllərinə bütün ömrü boyu məəttəl-məəttəl baxmaq, döyüşmək, nəyisə sübut etmək zorunda qaldı.

“...Əgər mən hesab eləsəydim ki, bu gün bizim hərəkətimizin sonudu, həmin saniyə öz həyatımı dayandırardım. Durğun həyat, işıqlı gələcəyi görməmək, perspektivsizlik, ən yaxşını gözləməmək – bunlar yaradıcı adama lazım deyil...” sözlərini söyləməyi də bundan yanaydı. Əsl həqiqəti anlayanda, reallıqla barışmağa çalışandasa gec idi, çox gec...

“Əgər məndən soruşsanız ki, “siz nə etmisiniz”, cavab yalnız bir olacaq: “Demək olar, heç nə”. Əgər soruşsanız ki, nə etmək istəyirəm, cavab yenə qısa olacaq: “Çox şey”. Bu sözlərin gerçəyə çevrilməsinə bir ömür gərək idi. Fədakar insan ömrü. Lətif təki... İlğıma bənzər...

P.S. Lətif Səfərov yaradıcılığına diqqətli münasibətinə görə Aydın Kazımzadəyə, Nəriman Əbdülrəhmanlıya, Dövlət Film Fonduna, Dövlət Kino-Foto Sənədləri və Dövlət Ədəbiyyat və İncəsənət arxivlərinə minnətdarlığımı bildirirəm.

Lətif Səfərovun yazdıqlarından:

“...Yadıma institutu bitirəndən sonra studiyanın tapşırığıyla sərhədçilərdən bəhs edən bir film üçün material toplamağım düşür. Bir kapitanın və avtomatçı serjantın məni gecə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, san demə, silah altında aparırmışlar ki, birdən o taya keçərəm...”

“Bədii film çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi – həyatımda çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar... Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz (dünyagörüş) olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən onları görməyəcəksən - fonoqramla təsvirin sinxronluğu olmayacaqdır”.

“...Mən əyalətdənəm. Bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm... Əyalətdə insanlar unudulurlar... Əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər...”


Qocaman kinooperator Seyfulla Bədəlovun xatirələrindən:

“...Ssenari üzrə əsas rollardan biri 7-8 yaşlı uşaq idi. Bu rola namizədi uzun müddət axtarmaq lazım gəlmişdi. Yığılmış bir dəstə uşağın içində diqqəti ən çox cəlb edəni, ağıllısı və kino işiylə maraqlananı Lətif idi. Leo Murun başçılıq etdiyi çəkiliş qrupu bu məsul və çətin rola balaca Lətifi götürdü. O, bacarığı sayəsində yaşından əvvəl özünü doğrultdu, həmyaşıdının rolunu çox gözəl ifa etdi...”

Seymur Elsevər

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027

Oxşar yazılar