“Bütün cahan sənə heyran...”
“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Elə Azərbaycanımız da bəşər tarixində bir çox xüsusiyyətləri ilə, iqtisadiyyatı, coğrafi gözəlliyi, elm dühaları, mədəniyyəti və incəsənəti ilə tanınıb, sevilib. Dünya ədəbiyyatında bu barədə az yazılmayıb. Fransadan başlayaq. Qeyd edim ki, Fransa həyatı, fransız xalqının mədəniyyəti Azərbaycan yazıçılarının əsərlərində zaman-zaman təsvir edildiyi kimi, fransız yazıçılarının da Azərbaycan xalqının coğrafi və milli xüsusiyyətlərindən, adət-ənənələrindən bəhs edən əsərləri mövcuddur.
Fransız şair və yazıçısı Jerar de Nerval (Jerar Labrüni) Şərqə səyahətə çıxarkən gördüklərini qələmə almış və “Şərqə səyahət”, “Şərq həyatından səhnələr” adlı əsərlərində Türkiyə, İran, Tiflis haqqında məlumat vermiş və yazılarında Azərbaycana da yer ayırmışdı. Avropa yazıçılarından öz əsərlərində Azərbaycan haqqında daha geniş məlumat verən yazıçılar Aleksandr Düma (ata) və onun dostu Jül Vern olmuşdur.
Dünya ədəbiyyatı xəzinəsinə 301 cild əsər bəxş etmiş, “Qraf Monte Kristo”, “Üç müşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılmış məşhur fransız yazıçısı Aleksandr Düma tarixdə həm də səyyah kimi tanınıb. O, bir sıra ölkələri gəzib, yerli əhalinin etnoqrafik xüsusiyyətləri, yaşayış tərzi, milli adət-ənənələri, incəsənəti və musiqi mədəniyyəti ilə maraqlanıb. Təbii ki, Azərbaycan da Dümanın həyatında xoş xatirələrlə yadda qalıb.
Yazıçı 1858-ci ilin noyabr ayında Moskvadan səfərə çıxaraq Həştərxandan, Gizlərdən, Dərbənddən keçib, Qubaya gəlib. Azərbaycan xalqının tarixi, etnoqrafiyası və məişəti ilə dərindən maraqlanan Düma, səyahət zamanı yurdumuzun həyatı ilə ətraflı tanış olub, özünə yaxın adamlar tapıb, yazacağı kitab üçün materiallar toplayıb. Onun Quba, Şahdağ və bu dağlarla əlaqədar əfsanələr haqqında məlumatı indi də böyük maraqla oxunur. Yazıçı xüsusilə Quba xalçalarına yüksək qiymət verib.
Aleksandr Düma Bakıda olarkən təsadüfən knyaz Xasay xan Usmiyev və onun ailəsi də Bakıya gəlmişdi. Həmin vaxtlar Bakı qubernatoru M.Piqulyevski Dümanı öz evinə qonaq dəvət edərkən Xasay xan arvadı Xurşud Banu bəyim Natəvan, qayınanası Bədircahan bəyim, oğlu Mehdiqulu xan və qızı Xanbikə ilə qubernatorun qonağı idilər.
Düma Piqulyevskinin evindəki ziyafətdə Qarabağdan gəlmiş qonaqlarla görüşmüş və özünün yazdığı “Qafqaza səyahət” adlı kitabında bu görüşdən aldığı xoş təəssüratı belə ifadə etmişdi: “...Biz faytona minib dəvət olunduğumuz evə tərəf yollandıq. Mən qonaq otağına daxil olarkən ev sahibi məni gülərüzlə qarşıladı. Bizi qarşılayanlar işərisində ev sahibinin 34 yaşlı bacısı və 16 yaşlı qızı da var idi”.
Düma Avropa qaydasında qarşılandığına görə Xurşud Banu bəyim və anası məclisdə açıq üzlə oturmuşdular. Bu isə Dümanı daha çox heyrətləndirmiş, xüsusilə Natəvanın gözəlliyi fransız qonağını məftun etmişdi. Düma xatirələrində Natəvanın əri knyaz Usmiyevi belə təsvir edir: “...Xasay xan Usmiyev 35 yaşlı məğrur və yaraşıqlı bir kişi idi. Fransız dilini heç də parislilərdən pis danışmırdı. O, əyninə çərkəzi çuxa geymiş, başına qələmi papaq qoymuşdu. Belində qızıla tutulmuş xəncər asılmışdı. Knyazın fransızca danışığına, ağlına, mədəniyyətinə heyran qalmışdım”.
Dümanın yazılarından aydın olurdu ki, o, Xasay xanla və arvadı Xurşud Banu bəyimlə bir neçə dəfə görüşmüş və bu görüşlərin birində Düma Xasay xana tapança bağışlamış, Natəvan isə yazıçıya iki arxalıq və özünün toxuduğu pul kisəciyini hədiyyə vermişdi. Amma təəssüflər olsun ki, Natəvanın şairəliyindən, onun yazdığı əsərlərdən, çəkdiyi rəsmlərdən Dümanın xəbəri olmamışdı. Görünür, Natəvan təvazökarlıqdan bu barədə söhbət açmamışdı. Necə deyərlər, müvəffəqiyyətlərini gizləmək, ən böyük müvəffəqiyyətdir.
Düma daha sonra Bakıdan Şamaxıya getmiş, Nuxada (Şəkidə) olmuş və oradan Tiflisə yola düşmüşdü.
Fransız yazıçısını Şamaxıda müşayiət edən dost və tanışlarının yazdıqlarına görə, Düma Şamaxıda qaldığı iki gün ərzində öz mülayim xasiyyəti və mehribanlığı ilə yerli əhalinin hədsiz hörmət və məhəbbətini qazanmışdı. Bu qısaca müddətdə yazıçı Şamaxının tarixi ilə, yerli əhalinin adət və məişəti, xüsusilə şərq nağılları və əfsanələri ilə maraqlanmış, özünü şərqli kimi aparmışdı. O, xalı üzərində bardaş qurar, qəlyan çəkər və həvəslə ləzgihəngi oynayardı. Bunu görən Şamaxı camaatı hər yerdə əziz qonağı sevgi və səmimiyyətlə qarşılayardı. Bu barədə Düma yazır: “...Şamaxıda mənə, Avropanın uzaq diyarından gəlmiş qonağa göstərilən ehtiram və hörməti ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm”. Azərbaycan, onun təbiəti və insanları yazıçının ürəyində dərin izlər qoyur. “Nə olaydı, mənə bir də bu yerlərə gəlmək qismət olaydı!” - deyir.
Nuxanın da ab-havasına, bumbuz sulu bulaqlarına, füsunkar təbiətinə məftun olan yazıçı, heyranlığını gizlətmir, Azərbaycandan ayrılarkən bu ayrılığa təəssüflənirdi: “...Bazarı və şəhəri xeyli gəzdik. Elə bil ürəyimə dammışdı ki, daha Nuxadan gözəl bir yer görə bilməyəcəyik”.
“Qafqaza səyahət” kitabında xalqımızın təbii sərvətləri, tarixi abidələri haqqında maraqlı məlumatlar verən yazıçı, eyni zamanda azərbaycanlıların həssas, mehriban, zəkalı, qayğıkeş, qonaqpərvər, sözübütöv, mərd, işgüzar, yaraşıqlı, gözəl olduqlarından xüsusi bəhs edir. Diqqətə onu da çatdırır ki, elə xalqların adamları var öz əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən belə boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlılar verdiyi sözdən heç vaxt dönməz.
Elmi-fantastik romanların müəllifi kimi dünya şöhrəti qazanan fransız yazıçısı Jül Vern də əsərlərinin bir neçəsində Azərbaycan haqqında məlumat verir. Doğrudur, Jül Vernin Azərbaycanda olub-olmaması şübhəli idi. İddia olunurdu ki, o, Azərbaycan haqqında bir səyyahdan geniş məlumatlar almış və yazıçı həmin məlumatlardan özünün “Klodius Bombernak” əsərində bəhs etmişdi. Tədqiqatçıların bəziləri isə güman edirdilər ki, Azərbaycan haqqındakı hissələri yazıçının dostu Aleksandr Düma ona vermişdi. Ümumiyyətlə, Jül Vernin Azərbaycanda olub-olmaması hələlik aydın deyildir.
Jül Vern də Aleksandr Dümatək öz əsərində Azərbaycana xas olan “papaq”, “arxalıq”, “yapıncı”, “xəncər”, “zurna” və digər bu kimi sözlər işlədir, Azərbaycanın sevimli milli xörəyi olan plovun hazırlanmasından danışır. Yazıçı Tiflis – Bakı yolundan söhbət açaraq yazır: “...Bu yolların ikisi də Naftoluqdan, Poyludan, Ağstafadan, Dəllərdən, Yelizavetpoldan, Kürdəmirdən, Ələtdən, Bakıdan keçərək Kür düzənliyini kəsir”.
Stansiyalar üzrə hərəkət edən səyyah Klodius Bombernaq – Jül Vern nəhayət, Azərbaycanın qədim şəhəri Gəncəyə gəlir. O, Gəncəni belə təsvir edir: “....Tiflisin yüz yetmiş kilometrliyində, Kürün qollarından biri sayılan Gəncə çayı üstündə salınmış, 20 min əhalisi olan bu kiçik şəhərdə mən nə gördüm?”. Yazıçı öz sualına cavab olaraq Yelizavetpolun qədim çinarlarından, şiş uclu divar hasarlarından da danışır. Yelizavetpoldan, Şirvandan keçən Jül Vern Goran, Ləki, Yevlax, Ucar, Kürdəmir, Qarasu, Nəvai kimi yerlərin adını çəkir. O, Azərbaycanın təbii mənzərəsinə heyran qaldığını, aşiq olduğunu söyləyir. Bakıya çatan yazıçı öz qəhrəmanının dili ilə yazır: “Üç cərgə daşlı hasarla əhatə olunmuş Bakı şəhəri Abşeron yarımadası, Qafqaz silsiləsinin qurtaracaq ətəklərində yerləşmişdir”. Yazıçı Bakını adım-adım gəzərək, onunla tanış olur, Qədim Xan Sarayına, “Qız Qalası”na baxmaqdan doymadığını bildirir.
Azərbaycan və hind xalqları arasındakı dostluğun tarixi hələ neçə əsr bundan əvvəl başlayıb. Zaman-zaman respublikamıza Hindistandan xeyli səyyah, tacir, elm xadimi, şair və yazıçı qonaq gəlib. R.Taqor, S.Vurğun qarşılıqlı ehtiramı ədəbiyyatımızda izlər qoyub. Zamanında kinoteatrlarımızda fasiləsiz nümayiş etdirilən hind filmlərinə tamaşaçılarımız təkrar-təkrar baxmaqdan doymurdu. Dünya şöhrətli müğənnimiz Rəşid Behbudovla görkəmli hind aktyoru Rac Kapurun dostluğu dillər əzbəri idi. Bakıya gələn hindistanlı şairlər içində Amrit Qayalın xüsusi yeri vardı. Şair məmləkətimizdə olduqdan sonra yurdumuza olan sevgisini bir neçə şeirində tərənnüm etmişdi. Onlardan birini – məhəbbət dolu “Azərbaycan” şeirini bütövlükdə sevimli oxucuların diqqətinə təqdim edirəm:
Qafqazda var Odlar yurdu, gözəl məkan, Azərbaycan!
Ağ göyərçin qanadını, aç, qanadlan, Azərbaycan!
Bakı özü – mirvaridir, insanları ondan gözəl,
Boyunbağı işıqları – karvan-karvan, Azərbaycan!
Xəzər mavi güzgü tutub onun gözəl surətinə,
Sahilləri sahilsizdi – əlvan-əlvan, Azərbaycan!
Gözəl gözlər, qara-gözlər, mavi kirpik gözəllərin
Ən qiymətli sərvətindir, oldum heyran, Azərbaycan!
Ürəklərdə sevinc gördüm, aləm gülür, şadlıq edir,
Yer üzünün sevinc, fərəh yuvasısan, Azərbaycan!
Qəlbi açıq, istiqanlı, qonaqpərvər bir ölkəsən,
Elə bildim öz evimdi burda hər yan, Azərbaycan!
Mənim doğma diyarımdı həm Qucarat, həm də Qayal,
Mən də sənə doğmalaşdım, ey mehriban Azərbaycan!
70 ildən artıq Sovetlər birliyində bir-birinizə mənəvi arxa, dayaq olduğumuz, bir-birimizin uğurlarımıza sevindiyimiz qazax və özbək xalqları, onların unudulmaz söz ustadları, sənətkarları həmişə bizə əzizdir, doğmadır. Sədaqətli qardaşlarımızın həmin illərin yadigarı olan şeirlərinin munis misraları hər bir azərbaycanlıya yüksək ovqat, xoş əhval ruhiyyə, qürur hissi bəxş edir. Qazax şairi Əbdülkərim Əhməd “Azərbaycan! Azərbaycan!” şeirində yazır:
Əssalamü əleyküm...ey...tarixlərdən mənə əyan,
Gündoğandan günbatana zaman-zaman şölə yayan,
...Doğma balan kimi gəldim sənin ana qucağına.
Alqış ulu tarixinə, o çağına, bu çağına.
Vurulmuşam hər daşına, hər guşənə, bucağına.
Baş əyirəm üstü – gülzar, altı – yanar torpağına.
Bütün bəşər sənə valeh, bütün cahan sənə heyran – Azərbaycan!
...Ozanların qopuzunda tellər günəş şüasıdır,
Qılınclaşan qopuz bizə Koroğlunun mirasıdır,
Arada səd deyil Xəzər, qardaşlığın aynasıdır,
Bu dostluğa kəm baxsa kim, xar olası, sınasıdır,
Qoca şərqin qapısında yan əbədi məşəl kimi!
Yüksəl aya, ulduzacan Azərbaycan! Azərbaycan!
Özbək şairi Qafur Qulam sanki bugünkü Azərbaycanı vəsf edir:
...Azərbaycan, əzəldən azadlıq aşiqisən,
Mənim azad nəğməmi bilirəm ki, duyarsan.
Keşməkeşdən, vuruşdan çıxmısan vüqarla sən,
Ürəyimi verdiyim bir sevimli diyarsan.
...Azərbaycan, sevirsən böyük şeri, sənəti,
Tarixə həkk olunub öz şöhrətin, öz adın.
Hələ keçmişlərdə də çox dühalar səndədi,
Şəfəqlər saçdı dahi Nizamitək ustadın,
Bizə yaxşı tanışdır Füzulilə Vidadi,
Biz ürəkdən sevirik sizin böyük Vurğunu.
Üzeyir! Çox əzizdir sənəti, sözü, adı,
Könüldə bəsləyirik bir xoş duyğutək onu.
...Sevimli bayramında ey əziz, qardaş diyar,
Xəzərtək qalxıb enir iftixar ilə sinə.
Mübarək bayramında mənim bir sözüm də var:
Yaşa, əbədi yaşa! Salam, afərin sənə!
Böyük rus yazıçısı L.N.Tolstoyun sözüdür: “Dil millətin ruhudur. Dil ideyanın, hissin, təfəkkürün canıdır”. Doğrudan da dil hər millətin, xalqın varlığı deməkdir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Azərbaycana hərtərəfli sədaqəti ilə xalqımızın qabaqcıl adamına çevrilən Abram Plavnik kimi.
Abram Plavnik əslən Belarusdan olub. Körpəlikdən ata-anadan yetim qalıb. Taleyi uşaqlıqdan onu yurdumuza bağlayıb. Sonralar kamil bir mütəxəssis kimi yetkinləşən Plavnik, neçə-neçə şair və yazıçılarımızın əsərlərini rus dilinə tərcümə, onların əksəriyyətini Bakı – Moskva nəşriyyatlarında kitab şəklində çap etdirib. Azərbaycana “Vətənim” deyib onu saf bir məhəbbətlə sevən şair – mütərcim Abram Plavnik “Azərbaycan dili” şeirində ana dilimizə olan ülvi duyğularını misralarına köçürüb:
...Qanıram özümü – duymaq bəs deyil
Üzməyi bilməyən dənizdə batar.
Ey böyük dahilər dilləndirən dil,
Sənin də dəniz tək dərinliyin var.
...Bu dilin özünün cazibəsi var
Bu yerin, bu xalqın cazibəsi tək...
Bütün incəliyi qəlbimə aşkar
Mütərcim nə lazım, lüğət nə gərək?
...Azərbaycan dili aydındır mənə
Aydındır quşların cəh-cəhi kimi.
“Vətənim!” demişəm mən bu Vətənə,
Ömürlük sevmişəm Vətən dilimi.
Bəşəriyyətin səcdə etdiyi varlıqdan və mövzudan biri anadır. O ana ki, A.S.Puşkin onun nümunəvi obrazını üç cümlə ilə yaradır: “Qadın ana adlanır. Onun ana qəlbi olmalıdır. Bu qəlb yalnız öz övladına deyil, hamı üçün ana qəlbi olmalıdır, hər işdə, hər addımda onun mərhəmətli, səxavətli, comərd ana olması hiss edilməlidir”. Böyük şairin bu fikirləri gözlərim önündə Azərbaycan anasının surətini canlandırır. Gülərüz, cəfakeş azərbaycanlı ananın. Məktəbli yaşlarımdan saxladığım “Azərbaycan qadını” jurnalındakı rus şairi Anatoli Peredreyevin “Azərbaycanlı ana” şeir-hekayətini bilmirəm neçənci dəfə oxuyuram:
...Yığışdıq maşına, mindik maşına,
Dedik: yolda gərək yollar yolçusu.
Başımız üstündə dayandı Ana,
Titrək əllərində bir qab təmiz su.
O səssiz, astaca çıxıb eyvana,
Oğluna, oğlunun qonaqlarına,
Xeyir-dua verdi, hey yana-yana.
Baxdı, arxamızca su atdı Ana.
Bizə asan gələn bu adi səfər
Onunçün çətindi, çətindi əlbət.
Bu su aydınlıqdır, atılmır hədər,
Anaya əzizdir bu qədim adət.
Baxıb yola düşdük biz deyə-gülə,
Ana nurlandırdı düz yolumuzu.
Qızıl torpaq üstə rahat yol ilə,
Bizi sağ-salamat apardı o su
O vaxtdan nə qədər yolları yorub,
Gəzmişəm dünyanı belədən-belə.
O Ana eləcə eyvanda durub,
Məni hifz eləyir nəzərlərilə.
Alanda üstümü hərdən duman, sis
Çatır harayıma o Ana, o su...
Vaxtilə paytaxtımızı ziyarət etmiş Bolqarıstanın mədəniyyət xadimi Rza Mollovun mənəvi arxivimizin xəzinəsini şölələndirən və qəzet səhifələrində əbədiləşən “Bakı düşüncələri”ndəki lövhələrlə bir anlıq 70-ci illərə pərvazlanmaq istəyirəm. O vaxtlar Rza bəy deyirmiş:
“Azərbaycanda alim deyəndə şair, şair deyəndə alim anlaşılır. Burada, alimin bir elmi kitabı varsa, ən azı üç şeir kitabı vardır. Şairin bir şeir kitabı varsa, üç də elmi əsəri var. Yerinə düşər azərbaycanlılara şair-alim və alim-şair xalq desək!”
“Mən əgər rəssam olsaydım, süzgün baxışlı azərbaycanlı qızını rəsm edərdim. Bununla da Azərbaycana məxsus gözəlliklərdən birinin rəmzini yaradardım”.
“Haraya baxıram, gözəl-göyçək qızlar. Hansını görsəm, “gəlinim olaydı” düşünürəm. Cavan oğluma bəyənirəm bütün bu gözəlləri. Sonra da fikirləşirəm: “Kaş bu gözəllərin sayı qədər oğlum olaydı”.
“Xəzri əsdimi, sahilə get. Günəşin şüaları altında Xəzərin suları rəng-rəng, naxış-naxışdır. Oğulsan, gör, amma sevmə, vurulma Xəzərə - bu par-par parıldayan od ürəkli, minbir rəngli dənizə”.
“Qobustan daşlarına rəsm edilən şəkillərdə üç şey var: ov, mərdlik, qadın...Nağıl və dastan qəhrəmanlarımız buradan çıxmamışlarmı?! Qobustan daşlarını görməsəydim əgər, “insanın qüdrətini anlayıram” deyə bilməzdim!”
“Qəribə qonaqpərvərdirlər bu azərbaycanlılar. Kiminlə tanış oluruq, “bu gün qonağımızsan” deyir və bizi evlərinə aparır. Artıq yeni-yeni insanlarla tanışlıqdan çəkinirəm, kökələcəyəm vallah! Bu yaşda kökəlmək də səhhətimə zərərdir. Azərbaycan xörəklərinin damağımda qalan dadı da bu yandan məni rahat buraxmır! Yeyə də bilmirəm ki...”
“Nə zaman televizorun önünə gəlirəm, nə zaman radioya qulaq asıram, mahnı sədaları eşidirəm. Musiqi canı, nəfəsidir bu azərbaycanlıların, vəssalam!”
“Gözəl şeydir bakılı olmaq! Heyranam Bakının parlaq səmasına, ilıq havasına, saçlarını Xəzər dənizində yuyan mehtabına, otağa bənzər eyvanlarına, gülərüzlü kişilərinə, çatmaqaşlı, sürməgözlü qızlarına. Gözəl şeydir bakılı olmaq! Sevdim bu Bakını!”
Haqlı sözlərdir, bakılı olmaq doğurdan da fəxarətdir. Tarixin ən qədim səhifələrindən onu da oxuyuruq ki, Abşeronun zəfəranı, duzu, nefti hələ uzaq keçmişdən yurdumuzu çox ölkələrdə tanıdıb. VIII əsrin tarixçisi Yaqut Bakının əzəmətini yığcam bir cümlədə ifadə etmişdi: “Bakı. Bakıda isə neft var”. Əsrlərin yadigarı olan bu qısa kəlmələr Albaniya şairi Həmzə Koçionu və onun “Bakı” şeirini yada salır:
...Mən şair olmağı düşünməzdim heç,
Sevdim, şair oldum görəndən səni.
İndi bircə gün də saxlamaq olmur,
Sinəmdə çağlayan, coşan nəğməni!
...Alqış, zəhmət sevən o mərd fəhlənin,
Memarın, alimin amallarına!
Alqış, zavoduna, mədənlərinə,
Alqış, qəlbin kimi gen yollarına!
Alqış, buruqları nur saçan dəniz!
Alqış, gözəl Bakım, şöhrətim-şanım!
Sən mənə həmişə əzizsən əziz,
Ölkəmin qardaşı Azərbaycanım!
Sevilən Bakımızın dayağı, vüqarı olan əzəmətli Abşeronumuzun hüsnünə neçə-neçə əsərlər, şeirlər, poemalar həsr olunub. Həmyerlimiz Abram Plavnikin “Abşeron” şeiri isə sanki saf bir çeşmənin suyu kimi ürəyə süzülür:
Dəniz əngin yaşıllığa bürünür
Şəfəq gəmi bayrağı tək görünür.
Bağ-bağatlı, od-alovlu Abşeron,
Xəzri qopsa – başı lovlu Abşeron,
Sükutunda müdrik, həzin bir muğam
Qumunda dürr, qayasında ehtişam
Açıq, təmiz ürəyimiz Abşeron
İlhamımız, çörəyimiz Abşeron!
Dahilər haqlı deyib ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Görkəmli rus şərqşünası, SSRİ EA, İran EA, Ərəb (Dəməşqdə) EA-nın müxbir üzvü, Özbəkistan və Tacikistanın əməkdar elm xadimi Yevgeni Eduardoviç Bertels Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədqiqatlarına görə 1948-ci ildə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb. Onun Nizaminin həyat və yaradıcılığı ilə bağlı elmi əsərləri 1939-cu ildən çap olunmağa başlanıb.
Bertels Nizami irsinin tədqiqatını apararkən konkret tarixi metodlardan istifadə edərək, görkəmli Azərbaycan şairinin əsərləri ilə ondan əvvəlki, yaxud müasirlərinin yaradıcılıqları arasında sıx əlaqəni aşkar etmişdi. Alim “Orta əsr Şərq ədəbiyyatında fars dilində yazılan və özünün dəst-xətti olan Azərbaycan poeziyası mövcuddur” fikri ilə ilk dəfə məhz əsil həqiqəti açıqlamışdı. Bertels “Dahi Azərbaycan şairi Nizami” kitabında yazır: “Nizaminin müxtəlif ölkələrdə fars və ərəb dilləri vasitəsi ilə öz dünya görüşünü yaya və şöhrətlənə bilməsi faktına diqqət yetirməmək olmaz. Yalnız bu səbəblə böyük sənətkarın necə deyərlər, əli-qolu bağlı qalmışdır. Onun yaratdığı əsərlərin itməməsi üçün o, öz dövrünün yazılı ədəbiyyat dilinin tələblərinə riayət etmək məcburiyyətində idi”.
Ədəbi tarixdən məlumdur ki, müxtəlif xalqların xeyli sayda şərqşünas, türkoloq və tədqiqatçıları Nizami irsinə müraciət edərək, bu barədə cild-cild kitablar yazmışlar. Dünyanın neçə-neçə şairi Nizami sözünün, Nizami şeirinin qüdrətini yaddaşlara ərməğan etmişlər. Qardaş xalqlar Nizami gücündən və istedadından xüsusi qürur duymuşlar. Elə görkəmli qazax şairi Xalican Bekxojin kimi. Nizamiyə həsr etdiyi “Afaqnamə” adlı poemasında şair sanki böyük söz dühasına üzünü tutub deyir:
Ey şeir mülkünün şahı, sultanı,
Sözünlə bəzədin bütün dünyanı.
Firdovsidən alıb söz bayrağını,
Ucaltdın sənətin təmtərağını.
...Səsin ariflərin öz səsi oldu,
Nəğmən sevənlərin Kəbəsi oldu.
Yer qızını elə bəzədin ki, sən,
Cənnət huriləri yandı həsəddən.
Nakam məhəbbəti Leyli-Məcnunun
Etdi çox şairin qəlbini məhzun.
Yaxındır ruhuma gözəl Şirin də;
Gözəllik gəzirəm hər şeydə mən də.
Sən də eşq oduna yandın, ay ustad;
Səni də duyğu qoymadı rahat.
...Qılınclardan iti sözün-söhbətin
Sirrini açıbdır əbədiyyətin.
Aşiq sinəsinə dağ çəkənlərin
Külünü göylərə sovurub şeirin.
İncə qəlb sahibi neçə nazənin
Əbədi ad alıb sayəndə sənin.
Sən başı göylərə dəyən uca dağ,
Mən isə bir ovuc torpağam ancaq.
Hələ sovetlər dönəmində xalqımızın rəğbət və məhəbbətini qazanan bir sıra çinli görkəmli yazıçı və şairlər Bakıya gələrək iqtisadi və mədəni həyatımızla, xalqımızın əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmuşdular. Çinin tanınmış yazıçılarından biri Mao Dun demişdi: “Azərbaycan xalqının qədim mədəni ənənələri vardır. XII əsrin şairi Nizaminin gözəl əsərləri Azərbaycan xalqının nəcib hisslərini, çoxəsrlik yüksək mədəniyyətini bizə aydın göstərir. Görkəmli şair Səməd Vurğunun, gözəl nasirlərdən Mirzə İbrahimov və Mehdi Hüseynin ən yaxşı əsərlərini çinlilər sevə-sevə oxuyurlar. Azərbaycan mahnı və rəqs ansamblının qastrolları Çin tamaşaçılarının qəlbini fəth etmişdir. Ansamblın parlaq milli koloriti, yüksək musiqi və xoreoqrafiya sənəti qastrolun böyük müvəffəqiyyətini təmin etmişdir. Bizim rəqs və musiqi ustalarımız Azərbaycan ansamblının çıxışlarından çox şey öyrənmişlər”.
Çin şairi Ke Çjun-Pin əmək və zəhmət səltənəti, dostluq və qardaşlıq şəhəri olan Bakıdan aldığı təəssürat nəticəsində paytaxtımıza şeir həsr etmişdi. Şair buruqları göylərə baş vuran Bakıda qaynayan əmək həyatından, neft diyarının cəsarətli adamlarından, dənizin dərinliklərindən qara qızıl çıxaran qəhrəmanlardan fəxrlə danışır, Azərbaycan və Çin neftçilərinin dostluğundan bəhs edərək, doğma paytaxtımızın ona Çinin neft rayonlarını xatırlatdığını söyləyirdi:
Çində də neft çıxarırlar, mən o yerdə doğulmuşam,
İlk dəfədir gəlib səni görsəm də mən,
Qızıl Bakı əməyinlə, ürəyinlə çoxdan bəri dost olmuşam.
Budur, Xəzər sahilində nəhəng-nəhəng meşələr var,
Onlar qalxır əzəmətlə hər qış, bahar.
O meşələr, o meşələr uca dağlar zirvəsindən
Addımlayır göy Xəzərə, sularda ki, meşə bitməz?!
Bitər! – dedim mən baxdıqca heyran-heyran bu yerlərə,
Nağıllardan gözəl ölkə, nağıllardan gözəl diyar!..
Bu əfsunlu qüdrətini aldın hardan, gözəl diyar?
Yoxdur, yoxdur, bir qəm izi, kədər izi bu torpaqda,
Sıxdı isti qucağına məhəbbətlə
Ellər bizi bu torpaqda.
Öz doğma Vətəni naminə xarüqələr yaradan Azərbaycan zəhmətkeşlərinin mədəni həyatı İraq şairi Məhəmməd Saleh Bəhrul – Ülumun da dost qəlbini riqqətə gətirmişdi. Sevimli yurdu İraqdan azərbaycanlı qardaşlarına salam yetirən, Nizami və Füzuli kimi ölməz söz bahadırları yetişdirən Azərbaycan xalqına dostluq hisslərilə həsr etdiyi “Bakılı dostlar” adlı şerini aşağıdakı misralarla bitirirdi:
Yanaşı döyünsün ürəklərimiz,
Var olsun sədaqət, vəfa, etibar.
Bir gün də Bağdadda görüşərik biz,
Əlvida, mehriban, bakılı dostlar!
İstər slavyan, istərsə də Orta Asiya xalqlarının ziyalıları ilə bərabər, bayaq qeyd etdiyim kimi, Avropa xadimləri də Azərbaycanımıza, qədim və müasir mədəniyyətimizə daim maraq göstərmişlər. Onların milli və mənəvi dəyərlərimizə hörmət və məhəbbətlə yanaşması inanın ki, arxivdəki “yadigar abidələri” üzə çıxardıqca, ruhumu səmalara qanadlandırırdı. Oxuyur, oxuyur, zövq alırdım. Bir daha azərbaycanlı olmağımla fəxr edirdim. Axı necə sevinməyəsən? Ürəyin qürur hissi ilə döyünməsin? Görün, xalqımızın incəsənət və ədəbiyyatının tərəqqisini yüksək qiymətləndirən alman yazıçısı Anna Zegers nə deyir: “Fikrət Əmirovun “Sevil” operasını dinlədim, gördüm və duydum. Xalqın, yaradıcı xalqın yaratdığı incəsənəti mən böyük incəsənət adlandırıram. Azərbaycan incəsənəti isə xalq incəsənətidir; buna görə də onun pərəstişkarı çoxdur”.
Nazim Hikmətsə söyləyirdi: “Azərbaycan mədəniyyətinə bağlıyam. Bu, yalnız Azərbaycanın bugünkü mədəniyyətinə deyil, inqilabdan əvvəlki mədəniyyətinə də aiddir. Məsələn, “Dədə Qorqud” bir Azərbaycan yazıçısı üçün də ilk böyük ədəbi abidədir, mənim üçün də. “Koroğlu” həm Azərbaycanın xalq qəhrəmanıdır, həm də mənim”.
“Azərbaycan poeziyası çox zəngin bir keçmişə malikdir. Şeirə məhəbbət, həqiqi şairə hörmət – Azərbaycan xalqının keçmişindən bəri gələn, hələ də yaşayan ənənələrindəndir. Azərbaycana etdiyim səyahətimdə xalqın şeri necə dinlədiyinin, şeiri necə sevdiyinin şahidi oldum”.
“Füzuli Azərbaycan xalqının, azərbaycanlı qardaşlar, izin verin deyim ki, mənim də xalqımın sizin dühanız sayəsində insanlıq, mədəniyyət tarixinə yolladığı ən böyük elçilərdən biridir”.
“İnsana, bəşəriyyətə hədsiz məhəbbət böyük yazıçının yaradıcılığının əsas qayəsini təşkil edir. Bu keyfiyyət M.F.Axundovun ədəbi əsərlərinin canına, qanına keçmişdir və mütəfəkkirin siyasi-fəlsəfi görüşlərini müəyyənləşdirir”.
“Sabir Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı satiriki, heyranı olduğum usta mənim də ənənələrim içində böyük bir yer tutur”.
“Mənə elə gəlir ki, Azərbaycanda Səməd Vurğunun adını eşitməmiş, Səmədin şerini oxumamış, onun şerinə qulaq asmamış bir insan tapmaq mümkün deyil. Səməd necə də xoşbəxtdir”.
“Rəsul Rza xalq və klassik ədəbiyyata pərəstiş edən bənzərsiz bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir”.
“Əhməd Cəmilin poetik dili hay-küysüz və pafossuz danışan adamların dilinə yaxındır. Mən şeirdə məhz belə bir dili sevirəm. Onun bir sıra şeirləri həqiqətən dost söhbətini xatırladır”. Bunları Nazim Hikmət deyirdi. Əziz və unudulmaz Nazim Hikmətimiz.
Azərbaycanımızın bir parçası, ürəyinin yarısı olan Naxçıvan da dost və əcnəbi yazarların diqqətindən heç zaman yayınmamışdır. Onun təbii nemətləri, memarlıq abidələri, müqəddəs yerləri, bu yerlər qədər əziz olub vəsf edilən qalaları şirin-şirin söhbətlərin mövzusu, maraqlı yazıların hədəfi olub. Məğrurluq və qeyrət rəmzi olan Əlincə Qalasını seyr edən Pyotr Saykonun heyrətamiz duyğuları sanki yazdığı “Əlincə Qalası” şeirinin sətirlərinə hopub:
Dağlarda vüqarla durub Əlincə,
Tarixdən əbədi bir xatirə tək.
Göstərir işğalçı xanlara necə
Bu yer qalib gəlib odlar keçərək.
O, şöhrət qazanıb vuruşmalarda,
Polad səngər olub ellərə dünən.
Amansız Teymurun qılıncı burda
Zirehli döşlərlə düşüb kəsərdən.
Dağların əyilməz təbiətini,
O, bir kitab kimi danışır bizə,
Qoca Nəiminin məhəbbətini
Yadigar saxlamış ellərimizə.
Onun görkəmində bir əzəmət var,
Zirvələr ucadır, dərələr dərin.
Zərbinə dözmüşdür bu sərt qayalar,
Silaha söykənən cahangirlərin.
Bu gün o, göstərir bütün cahana,
Odlar ölkəsinin məğrurluğunu,
Şərəf çələngidir Azərbaycana,
Dağlar öz köksündə saxlayır onu
Gəncəmizin bir addımlığında olan, təbiətimizin nazlı gözəli – Göy gölümüz. Günah olmazmı bu füsünkar gözəli unutmaq? Rus şairi Pyotr Kolosov “Göy Göl” şeirini necədə ürəkdən yazıb:
Günəş qızıl balıqtək sularında oynayır,
Göy gölüm!
Camalına baxıram – könlüm, gözüm doymayır,
Göy gölüm!
Sən bir qövsi-qüzehsən, suların neçə rəngdir,
Göy gölüm!
Qoy dünyalar eşitsin: gözəl, mavi çələngdir
` Göy gölüm!
Günəş qızıl telini hörər suyunda sənin,
Göy gölüm!
Ceyranlar öz əksini görər suyunda sənin,
Göy gölüm!
Göllərin gözəlisən, göllərin qəşəngisən.
Göy gölüm!
Söylə, hardan almısan bu hüsnü, bu rəngi sən.
Göy gölüm!
Camalının önündə sanki laldır ürəyim.
Göy gölüm!
Mən qayıtdım, elə bil səndə qaldı ürəyim,
Göy gölüm!
Şərq xalça sənətinin əsas mərkəzlərindən biri olan Azərbaycan hələ qədim zamanlardan yüksək keyfiyyətli xovlu və xovsuz xalçaları ilə dünya şöhrəti qazanıb. Xalçaçılıq xalqımızın mənəvi və maddi sərvəti olub, xalqımızın milli rəmzinə çevrilən qədim el sənəti kimi sevilib. Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olublar. Yurdumuzda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont, Kalankatlı və digər qədim dünya tarixçiləri məlumat veriblər. Sasanilər dövründə Azərbaycanda xalça sənəti daha da inkişaf edib, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunub. Onlar bəzən daş-qaşlarla da bəzədilib.
Müxtəlif dövrlərdə Azərbaycanda olmuş istər Qərb, istərsə də Şərq tarixçi və səyyahları, o cümlədən Əbu Cəfər Məhəmməd Təbəri, Müqəddəsi və Məsudi, Yaqut Həməvi, Marko Polo və b. xalqımızın milli el sənətindən bəhs edərkən onun xalı və xalçalarını yüksək qiymətləndirmişlər. Dünyanın məşhur muzeylərindəki Azərbaycan xalçalarına tamaşa edən yüz minlərlə insan əsrlərdən bəri xalqımızın ilmələrdə yaşatdığı möcüzələrə heyran qalmışlar. Hələ XIII əsrdə məmləkətimizi gəzmiş venesiyalı Marko Polo yazırdı: “Buraya (Azərbaycana) gələn tacirlər çox böyük mənfəət götürürlər”. O, həmçinin qeyd edirdi ki, səlcuqilər ölkəsində dünyada ən gözəl və ən nazik xalçalar toxuyurlar.
Gözəl sənət əsəri kimi yüksək dəyərləndirilən Azərbaycan xalçaları müxtəlif dövrlərdə görkəmli Avropa rəssamlarının bir sıra məşhur əsərlərində zinət vasitəsi kimi geniş istifadə edilib. Avropa rəssamlarının tablolarında təsvir edilmiş xalçalar artıq XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa və Amerika sənətşünaslarının diqqətini cəlb edib. Avropa sənətşünasları bu xalçaları təyin edərkən onları ümumi ad altında gah Şərqə, gah Kiçik Asiyaya, gah da Qafqaza aid etmişdilər.
İstedadlı sənətkarımız, görkəmli xalçaşünas alim Lətif Kərimov ilk dəfə olaraq Avropa rəssamlarının əsərlərindəki xalçaların dördünün, 1969-cu ildə etnoqraf Mehdi Quliyev isə üçünün Azərbaycanda toxunduğunu tədqiq edib. Lətif Kərimov Avropa rəssamlarından Hans Memlinqin “Məryəm öz körpəsi ilə” və Hans Holbeynin “Səfirlər” əsərlərindəki xalçaları Şirvana, Karlo Krivellonun “Müjdə” əsərindəki xalçanı isə Gəncə – Qazax zonasına aid edib. H.Memlinqin eyni adlı – “Məryəm öz körpəsi ilə” adlanan ikinci əsərində də Azərbaycanda “Muğan” adı ilə məşhur olan xalça təsvir edilib. XV əsr Niderland boyakarlıq sənətinin banilərindən biri hesab edilən Jan Van Eykin taxta üzərində işlənmiş üç hissədən ibarət “Mehrab” əsəri xüsusilə maraqlıdır. M.Quliyev əsaslı tədqiqatları ilə bu xalçanı Azərbaycanın Şirvan zonasına aid edib. Etnoqrafın “Bağçada güllər” və “Saxsıda güllər” adı ilə Qarabağ qrupuna aid etdiyi ikinci xalçalar məşhur italyan rəssamı Antomello de Messinnin “Müqəddəs Sebestyan” əsərindəki xalçalardır. Azərbaycan xalçasının təsviri XVI əsr italyan rəssamı Pintur İkkonun “Silvio Pikolomini Eneyin həyatından bir səhnə” adlı əsərində də müşahidə edilib. İtaliya rəssamlarından Dominiko De-Bortolonun “Findlinqin toyu”, həmçinin Dominniko Moronenin “Müqəddəs Fomanın təvəllüdü” və həmin rəssamın “Vinsenzo fererio” əfsanəsi əsasında çəkilmiş rəsmində təsvir edilmiş Azərbaycan xalçaları da böyük əhəmiyyət kəsb edir.
Bütün bunlar, yazılanlar və yazılacaqlar qürurla qeyd etməyə haqq verir deyək ki, millətimizin imzası parlamış və parlayır millətlər və məmləkətlər içində. 1918-ci ilin 28 mayında dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, türk-müsəlman şərqində ilk parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti (Azərbaycan Demokratik Respublikası) müstəqillik qazanıb 23 ay yaşasa da, nadanlar tərəfindən süquta uğradılsa da, tarix öz ədalətli diqtəsini yenidən verdi. 1991-ci ilin 18 oktyabrında respublikamız öz tarixi müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin 21-ci bayramında zaman-zaman yaşadığı siyasi rejimdən asılı olmayaraq Vətənimə, xalqıma, onun övladlarına, sərvətlərinə ünvanlanmış bu səmimi kəlmələri, misraları, ilmələrimizin şərəf gətirən duyğularını bir daha yad etməsəydim, bunu özümə qəbahət hesab edərdim. Xoşbəxtəm ki, xalqımın və dövlətimin müstəqilliyinin bərpasını gözlərimlə gördüm. 21 ildir ki dünyanın 50 milyon azərbaycanlısı ilə bərabər bu səadəti yaşayıram. Amma bəzən ürəyim sızıldayır. Sızıldayır ona görə ki, Stalin repressiyalarının günahsız qurbanları olan neçə-neçə azəri övladları, şairləri, yazıçıları, elm xadimləri bu günü görmədi. Böyük Səməd Vurğunun qəlbi necə də xalqının azadlığı uğrunda çırpınırdı. Hələ 1947-ci ildə Hindistan müstəqillik qazananda şair dost xalqı bu nəhəng siyasi uğuru ilə “Buruqlar səltənəti “ adlı poemasında təbrik edir və sonra da sətiraltı məntiqlə deyirdi:
Həqiqətin ürəyindən söz gəlir,
Ağlın hüsnü şəfəqlənir günəş tək.
Şərəf sözü ülviyyətə yüksəlir,
Qaralmayır çirkablara düşərək.
Bu azadlıq göylərində, ya Rəbbim!
Qoy göz açsın mənim də öz Vətənim!
Ruhun şad olsun, Səməd! Ruhunuz şad olsun, haqq dünyasına qovuşan azadlıq həsrətli azərbaycanlılar! Ölkəmiz, xalqımız indi yenidən müstəqildir, azaddır, öz sahibidir, söz sahibidir. Müstəqil Azərbaycanın azad bayrağı ən böyük, ən nüfuzlu beynəlxalq təşkilatlarda, tədbirlərdə dalğalanır. Azərbaycan indi heyrətləndirici inkişafı ilə dünyanın hərtərəfli diqqət mərkəzindədir. Yurdumuza inam, hörmət və məhəbbət anbaan sərhədləri aşmaqdadır.
Milyonlarla soydaşımın, yurddaşımın qəlbi kimi mənim də ürəyim Azərbaycanıma kainata sığmayan sonsuz sevgi hissi ilə döyünür. Bu məhəbbət dolu ürəyinsə bir tərəfi nə edim ki, yaralıdır. Bu, qaysaqlanmış Qarabağ yarasıdır...
...1998-ci ildə Türkiyənin Elazığ vilayətində ədəbiyyat tədbirlərinin birində iştirak edirdim. Orada Nurala Göktürk adlı Doğu Türküstanlı bir şairə xanımla tanış oldum. Daxilən parlaq və zəngin insan olan Nurala ilə müxtəlif mövzularda xeyli söhbət etdik. Mövzumuz hər ikimizin ağrılı yerinə gəlib çıxdı. Yurdumuzun talan edilmiş mədəniyyət beşiyi olan Qarabağa, Qarabağ dərdinə. Bir qədər danışdıqdan sonra ayağa qalxdı, əlində kitabla geri döndü. Onu mənə hədiyyə etdi. Kitabı dərhal vərəqlədim. “Gökbayrak sevdası” adlı kitab “Azerbaycanıma” adlı şeir - üsyanla bitirdi. Şairə xanım sanki içindən bir haray çəkirdi:
Baku’de atılmış toplar tüfekler
Karabağ’da ezilmiş nice yürekler
Yurt için savaştı güçlü bilekler
Perişan edene lanetler olsun...
Anaları çoçuklardan ayırmış
Suçsuz vücutlardan kanlar sıyırmış
Nice başı ğövdesinden ayırmış
Haksız ayırana yazıklar oısun...
...Allahım Azeri Türk’üne kuvvet
Gavurda yoktur ki imanlı kudret
Her birinden ediyorum yürekten nefret
Nefret etmeyene yazıklar olsun...
İnsanlığı tapdalamış düşmənə nifrətlə əslində haqqın-ədalətin səsini ucaldan bu qeyrətli türk qızı ona “lanetler olsun” deyir. Düz deyir. Olsun! Çünki illərlə çörəyini yediyi, suyunu içdiyi xalqa xəyanət və riyakarlıq edən, onun müqəddəs torpağına xaincəsinə göz dikən, günahsız insanları vəhşicəsinə qanına qaltan edən bir qonşunun “nailiyyəti” bəşəriyyətin oxuduğu məhz lənət və nifrət olmalıdır. Bu nifrət və lənətdir onun “uğuru”, “qazancı”. Biz isə əlbəttə ki, səbirliyik, hələ dözürük. Yenidən qanlar tökülməsini, göz yaşları axıdılmasını istəmirik. Lakin səbrin də bir həddi, hüdudu var. Yəqin ki, ermənilərin güvəndiyi Fransanın əziz Düması sağ olsaydı, azərbaycanlıların o kişi sözünü lənətlənmişlərə xatırladardı. Bəli, Azərbaycan öz qətiyyətli sözünü deməyə qadirdir və onun ətrafında haqq sözünü deyən tərəqqipərvər qüvvələr də az deyil. İsraillli politoloq, İsrail İmmiqrasiya Nazirliyinin baş elmi işçisi Vladimir Xanin, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu tək yüz minlərlə sağlam təfəkkür və əqidə sahiblərinin dediyi kimi: “Dağlıq Qarabağ gec-tez Azərbaycanın nəzarətinə keçəcək”. “Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək. İstər Xocalıda, istərsə də Qarabağın digər bölgələrində cinayət törədənlər öz cəzalarına çatacaqlar”. “Qarabağ Azərbaycanındır və üçrəngli Azərbaycan bayrağı orada dalğalanacaq”.
Reyhan Mirzəzadə
Publisist-politoloq

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16