"Dünya gözəli - 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi ikinci və üçüncü yerləri tutan ABŞ təmsilçiləri Şri Seyni və Kot-d'İvuardan olan Oliviya Yaseni geridə qoyan polşalı 22 yaşlı Karolina Belyavska oldu.
Lent.az xarici mediaya istinadla dünyanın əsas gözəlinin həyatı haqqında təfərrüatları təqdim edir.
Mərasim Puerto-Rikanın San-Xuan şəhərində və yalnız ikinci cəhddə baş tutub. Hamı bunun 2021-ci ilin dekabrında baş verəcəyini gözləyirdi, lakin COVID-19 planlara mane olmuşdu.
Finala bir neçə saat qalmış 23 iştirakçıda və yarışın 15 əməkdaşında infeksiya aşkarlanmışdı. Bu səbəbdən müsabiqə üç ay təxirə salındı.
"Dünya gözəli- 2021"in qalibi Karolina Belyavska deyir ki, səhnədən adımı eşidəndə şoka düşüb: “Hələ də inana bilmirəm”. Onun sözlərinə görə, dünyanın əsas gözəlinin tacını taxmaq böyük şərəfdir.
14 yaşında Karolina Belyavska "Elite Model Look" müsabiqəsində ikinci yeri tutub və o vaxtdan model kimi çalışır, foto və moda nümayişlərində iştirak edir.
“Bu təcrübə mənə əzm, səbir və zəhmət öyrətdi”, - o deyir. - Bunlar mənim çətin moda dünyasında ilk addımlarım idi”.
“Dünya gözəli” titulunun yeni sahibi universitetdə Menecment ixtisası üzrə təhsil alır. O, diplomunu aldıqdan sonra aspiranturaya getmək niyyətindədir.
Karolina Belyavska üzməyi, tennis və badminton oynamağı, dalğıc ilə üzməyi sevir.
“İdman ilə məşğul olmaq etika, məsuliyyət, nizam-intizam, özünə inam və başqalarına güvən hissi aşılayır”, - o belə hesab edir.
Boş vaxtlarında gözəllik kraliçası evsizlərə kömək edir. O, doğma şəhəri Lodzda fəaliyyət göstərən Zupa Na Pietrynie (“Petrində şorba”) xeyriyyə layihəsinin yaradıcısıdır. Hər bazar günü onun iştirakçıları damı olmayan insanlara isti yemək, paltar və tibbi maska paylayırlar. Bundan əlavə, onlara hüquqi və tibbi yardım göstərirlər.
“Fiziki gözəllik keçicidir. Bu gün var, sabah yox. Bizim başqalarına necə davrandığımız heç bir yerə getmir. Bu heç kimin bizdən ala bilməyəcəyi gözəllikdir”, - Karlona Belyavska deyir.
Karolina Belyavska anasını həyatda əsas ilham mənbəyi hesab edir.
“Heç kim məni onun qədər motivasiya etmir və mən istənilən vəziyyətdə ona arxalana bilərəm”, - qız deyir. - O, mənə həqiqətən vacib olanı göstərir və mən hər gün ondan yeni bir şey öyrənirəm”.
Yeni “Dünya gözəli” səyahət etmək həvəskarıdır. O, dünyanın yarısını gəzib və deyir ki, Yeni Zelandiya, Avstraliya, Fransa, Kanada, Vyetnam, İrlandiya və İslandiyaya səyahətləri yaddaşında xüsusi iz buraxıb.
“Hans Xristian Andersen deyib ki, səyahət yaşamaqdır və mən onu mükəmməl başa düşürəm”, - Karolina Belyavska deyir.
Karolina Belyavska özünə inamın gözəllikdən daha vacib olduğuna inanır.
“Diplomun, biliyin, təcrübənin, gözəlliyin, pulun və əlaqələrin ola bilər, ancaq özünüzə inamınız yoxdursa, məqsədinizə çata bilməyəcəksiniz. Çünki siz özünüzə inanmasanız, insanlar sizə inanmayacaq. Özünə inam cazibədarlığın təməlidir”, - Karolina belə düşünür.