Yəqin çox eşitmisiniz, çox qalın geyinəndə, hava şəraitinə uyğun yaxşı hazırlananda “üstdən geyinib, altdan qıfıllanmışam” deyirlər (və ya əksinə, altdan geyinib, üstdən qıfıllanmışam). Deyirlər, amma mənasını tam anlamadan. Əslinə baxsanız, bu deyimin qədim tarixi var və mənası heç də üst-üstə çoxlu paltar geyinmək deyil.
Bu məsəlin arxasında, əslində, işgəncəyə daha çox bənzəyən qədim bir “dəb” dayanır. Söhbət orta əsrlərdə istifadə olunan bəkarət kəmərindən gedir. Miflərə əsasən, bəkarət kəmərləri ilk dəfə 1100-cü illərdə Səlib yürüşləri zamanı istifadə edilib. Bəkarət kəməri dəmirdən hazırlanırdı, açıb-bağlamaq üçün qıfılı olurdu və alt geyimi formasında idi.
Xaç yürüşlərinə gedən kişilər arvadları xəyanət etməsinlər deyə, onlara bəkarət kəməri geyməyi əmr edirdilər. Sonralar katolik keşişlər də bu kəmərlərdən istifadə etməyə başladılar.
1090-1153-cü illərdə yaşamış fransız rahibi Müqəddəs Bernard Klairvauksun əlyazmasında qeyd edilir: “Onlar məşəllər ilə çıxdılar, bellərini qayışla qurşaqladılar, bədənlərinin ətrafında əxlaq qurşağı bəndləmək üçün onların nümunəvi hərəkətlərinin işığı qonşularına və Atamızın şöhrətinə işıq tutmalıdır (On Bakirə qızın İbrətli hekayəsində, Moizə 710).
Müsəlman aləmində də inzivaya çəkilən abidlərin bu kəmərlərdən istifadə etməsi barədə məlumat var.
XVI-XVII əsrlərdə romantik Avropa şairləri bəkarət kəmərlərindən vəfanın, sədaqətin rəmzi kimi bəhs edir, onu bir növ “müqəddəsləşdirirdilər”. Orta əsr poeziyasında bəhs edilən bəkarət kəmərlərinin qarşılıqlı razılaşma ilə tətbiq olunduğu deyilir, hətta ondan adi bir geyim kimi bəhs edilir. Bu məsələ nağıl və əfsanələrə mövzu olduqdan sonra da “altdan geyinib üstdən qıfıllanmaq” kəlamı yarandı və zaman keçdikcə, əslində, bəkarət kəməri anlayışını itirərək, zireh, əlbisə, üst-üstə çoxlu paltar geyinmək anlamını verdi.