Yumurtaları soyuducuda, yoxsa mətbəx şkafında saxlamaq bu, bir amildən asılıdır. Yumurtasız gündəlik rasionu təsəvvür etmək çətindir. Amma bu qida məhsulu faydalı olsun deyə, onu düzgün yerdə saxlamaq və istifadə müddətinə diqqət etmək vacibdir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yumurtaları harada və nə qədər saxlamağı bilsəniz, bu dəyərli məhsulu xarab etməzsiniz.
Yumurtalar soyuducuda nə qədər saxlanıla bilər?
Yuyulmuş yumurtalar soyuducuda təxminən 3-5 həftə təzə qalır. Qida təhlükəsizliyi üzrə mütəxəssis Zaxari Kartrayt isə qeyd edir ki, real saxlama müddəti bir neçə həftə daha uzun ola bilər. Müddəti bir az da uzatmaq üçün yumurtaları iti ucu aşağı olmaqla yerləşdirmək və qapıda yox, kameranın içində saxlamaq tövsiyə olunur çünki orada temperatur daha aşağıdır.
ABŞ-da yumurtaların mütləq yuyulması tələbi var. Yuma prosesi qabığın üzərindəki təbii qoruyucu qatı götürür və buna görə də yumurtalar otaq temperaturunda tez xarab olur. Yuyulma əsasən salmonella riskini azaltmaq üçün edilir.
Təzəlik yoxlanışı üçün yumurtanı su dolu stəkana salmaq olar:
Dibi tutarsa istifadəyə yararlıdır.
Üzə çıxarsa artıq yemək olmaz. Həmçinin, xoşagəlməz iy gələrsə, yumurtanı atmaq lazımdır.
Soyuducusuz yumurta saxlamaq olarmı?
ABŞ-da yumurtaları mütləq soyuducuda saxlamaq adətdir. Avropada isə onları sadəcə mətbəx şkafına və ya qaranlıq yerə qoyurlar. Bunun səbəbi Avropa standartlarına görə yumurtaların yuyulmamasıdır.
Qabığın üzərindəki qoruyucu təbii qat qalır və bakteriyalara qarşı maneə yaradır. Buna görə də istifadə müddəti xeyli uzanır. Aİ-nin rəsmi saytında qeyd olunur ki, yumurtalar nə soyudulmalı, nə də yuyulmalıdır. Yumurtaları soyuducusuz 28 gün saxlamaq olar bu, onların satış müddətidir. Amma ev şəraitində daha uzun müddət də saxlana bilir.
Əgər yumurtaları salmonella riskindən qorunmaq üçün yuyursunuzsa, onları mütləq soyuducuya qoyun. Yuyulmamış yumurtaları isə mətbəx şkafında və ya qaranlıq yerdə saxlamaq olar.