ABŞ-ın Kaliforniya ştatında yerləşən "St.James" Katolik Mməktəbinin rahibəsi Meri Marqaret Kroiper yığılan ianələrin məbləğini görüncə nəfsinə hakim ola bilməyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xanım Kroiper illər öncə - 18 yaşında monastırda and içərək dünyəvi cazibələrdən imtina edir.
Onun davranışı, dürstlüyü rəhbərliyin diqqətini çəkirdi.
İllər ötdükcə Meri Kroiper çox böyük nüfuz sahib olur. Məhz bu keyfiyyətlərinə görə, məktəbə daxil olan ianələr onun nəzarətinə verilir. Sonradan katolik məktəbinə rəhbəır təyin edilir. 10 ildən çox bu vəzifəni icra edir...
Artıq 79 yaşında təqaüdə çıxmağa qərar verir. Lakin bu illər ərzindəki fəaliyyəti hədər gedir, təqaüd ala bilmir. Yoxlama zamanı məlum olub ki, "Allahın təvazökar gəlini" bu illər ərzində ianə pullarının hamısını məktəbin kassasından oğurlayaraq kazinoda uduzurmuş.
Yeni məktəb rəhbərliyi 835 min dollar məbləğində çatışmazlıq aşkar edərək maliyyə yoxlaması keçirilməsinə göstəriş verir. Üst-üstə nə az, nə çox, 60 milyon dollar ortada yoxdur.
Çox çək-çevirdən sonra Kroiper yalan danışmağın günah olduğunu deyərək əməlini etiraf edib.
Deyib ki, əvvəlcə kredit kartları vasitəsilə oynayıb. Sonradan borcları çoxalmağa başlayıb. Qaytara bilməyəndə məktəbin kassasına əl atmağa məcbur olub.
Meri indi bütün günü dua edir. Ümid edir ki, məhkəmə onun "Allah yolunda" uzun illər xidmətini və ahıl yaşını nəzərə alacaq. Onu 40 ilədək həbs cəzası gözləyir və bu, ömürlük həbs cəzası sayıla bilər.