Böyük Britaniyada bir qadın babasından miras qalmış üç viski şüşəsini sataraq varlanıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qadın 50 ildən çoxdur ki, çardaqda saxladığı bu antik əşyalarla bağlı “Antikalar Roadshow” televiziya proqramına qatılıb. O, babasının 1950-ci illərdə bir kafe sahibindən hədiyyə olaraq aldığı bu şüşələrin dəyəri ilə maraqlanıb.
Proqramda qiymətləndirici Con Foster əşyaları yoxlayıb və onlardan ikisinin 1930-1940-cı illərə aid olduğunu bildirib. Şüşələrdən birinin isə 1907-1908-ci illərdə istehsal olunduğu ehtimal edilib:
“Həmin dövrlər hamı dadlı çaxırlara meyl edirdi və daha sonra viski getdikcə populyarlaşmağa başladı”, - Foster qeyd edib.
Sonda Con Foster üç şüşənin birlikdə qiymətini 15 min funt-sterlinq (təxminən 31 min manat) qiymətləndirib. Qadın bu qiyməti görəndə çox təəccüblənib. O, babasının bu xəbərə sevinib qürur duyacağını bildirib.