Rusiyanın Kalininqrad vilayətində, Baltik dənizinin sahilində yerləşən Zelenoqradsk şəhərini “pişiklər şəhəri” adlandırırlar. Şəhərin küçələri sürü ilə gəzən pişiklərlə doludur. Burada istənilən ərazidə pişik evcikləri, pişik “otelləri”, pişik “istirahət zonaları”na, həmçinin müxtəlif formalı pişik heykəllərinə rast gələ bilərsiniz.
Bəs necə oldu ki, Zelenoqradsk birdən-birə pişiklər məskəninə çevrildi? Məsələ belə olmuşdu:
2016-2018-ci illərdə şəhər rəhbərliyi Zelenoqradskda çoxlu sayda pişiyin yaşamasını nəzərə alaraq, həm də turistlər üçün cəlbedici olsun deyə, bölgənin “pişiklər şəhəri” adlandırılmasına qərar verir. Rəhbərliyin qərarı ilə şəhərin bir hissəsini pişiklər üçün ayırırlar. Tezliklə buranı sözün əsl mənasında geniş bir qoruğa çevirirlər. Şəhərdə heyvanların gündəlik qidalanmasına, tibbi müayinəsinə cavabdeh olan “pişik şefi” vəzifəsi də təsis edilib.
Burada əlverişsiz hava şəraitində pişiklərin daldalana biləcəyi xüsusi qızdırıcılarla isidilən evciklər inşa edilib.
Bundan başqa Zelenoqorodskda pişiklərə həsr olunmuş "Murarium" muzeyi də açılıb. Muzeyin kolleksiyasında pişiklərə aid dörd mindən çox eksponat nümayiş etdirilir.
Maraqlı bir məqamı da qeyd etmək istərdik. Rusiyanın bir çox şəhərləri “pişiklər şəhəri” adı uğrunda mübarizə aparıb. Son nəticədə bu titula Kalininqrad vilayətinin kiçik kurort şəhəri olan Zelenoqradsk layiq görülüb. Bu şəhərdə itlər sanki, insanların ideyasını anlayır və heç vaxt pişiklərə toxunmurlar.
Zelenoqradskda bir neçə mərtəbəli pişik otelləri (pişiklər üçün nəzərdə tutulan hündür binalar) fəaliyyət göstərir. Pişikləri burada yedizdirir, çimizdirir və mütəmadi olaraq onların peyvəndini vururlar. Pişiklər və pişik həvəskarları üçün cənnətə çevrilmiş bu otellər olduqca səliqəlidir.
Uşaqlarını bu şəhərə gəzməyə gətirən valideynlər onları uzun müddət pişik dolu küçələrdən ayıra bilmirlər.
Bu şəhərdə addımbaşı pişik simvoluna, pişik heykəllərinə, pişiklər üçün qurulmuş işıqforlara, fırlanan pişik fiqurlarına, binaların divarlarında çoxlu sayda pişik qraffitisinə rast gəlinir.
“Murarium” pişik muzeyi Kalininqradlı pişik həvəskarı Tatyana Arefiyevanın adı ilə bağlıdır. “Pişiklər anası” ləqəbli bu qadın çoxlu pişik heykəlcikləri toplayaraq sərgi təşkil edib. Sərgiyə gələnlər həm də pişiklərə aid əşya, fiqur, suvenir gətirərək muzeyə hədiyyə edirlər.
Muzeyin eksponatları pişiklər aləminə aid hər şeyi əhatə edir: Pişikli maqnitlər, dəsmallar, köynəklər, rəsmlər, toxuma və əl işləri.
Yeri gəlmişkən, pişiklər şəhərinin tarixçəsi barədə: Zelenoqradsk vaxtilə Almaniyanın tərkibində olub və Kranz adlanıb. 19-cu əsrin əvvəllərində bu ərazi kurort məkanı kimi tanınıb. Şəhər Almanyanın ən çox ziyarət edilən kurort məkanlarından biri olub. 1844-cü ildə Kranz şəhəri (indiki Zelenoqradsk) “kral kurort” statusuna layiq görülüb. Bir çox alman binaları şəhərdə hələ də qorunub saxlanılır. Maraqlıdır ki, hətta yeni tikilən evlər, binalar da alman memarlığı üsubundadır: qırmızı kirəmitli dam örtükləri, böyük və geniş pəncərələr, daş səkilər...
Bu şəhərsalma üslubu bizə də yaxşı tanışdır.
XIX əsrdə Azərbaycanda yaşamış almanların qurub-yaratdığı yaşayış məskənləri, arxitektur binalar, fərdi evlər, daş səkilər, arxlar, geniş avtomobil yolları, fabrik və zavodlar ölkəmizin Qərb rayonlarında hələ də qorunub saxlanılır.
Düşünürəm ki, dünyadakı hər bir pişiksevər Zelenoqradsk adlı “pişiklər cənnəti”nə səyahət etmək arzusundadır.