İnsan öldükdən dərhal sonra bədənin parçalanma prosesi başlayır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, orqanizmin parçalanma prosesi və onun çürümə müddəti ətraf mühitin temperaturundan, cəsədin basdırıldığı torpaqdan, tabutun materialından asılıdır.
Orqanizmin parçalanması hüceyrələrin ölməsi və bakteriyaların çoxalması deməkdir.
Məlumata görə, ölümdən dərhal sonra oksigenlə zəngin qan axını dayanır və bu, bədən hüceyrələrinin tədricən ölümünə səbəb olur. Eyni zamanda ölən şəxsin qarın boşluğunda bakteriyalar sürətlə çoxalmağa başlayır. Bunun nəticəsində qazlar ayrılır, qarında şişlik yaranır və xoşagəlməz qoxu əmələ gəlir. Əgər cəsəd çox isti bir otaqda olarsa, parçalanma prosesi daha da sürətlənir. Ona görə də meyitlər dəfn olunana qədər morqda xüsusi soyuducularda saxlanılır.
Bəs, çürümə neçə müddət davam edir?
Əgər meyit adi tabutda basdırılıbsa, o zaman onun skeletə çevrilməsi dəfn edildikdən sonra bir il ərzində başlayır. Cəsədin tamamilə parçalanması, yəni bütün yumşaq toxumaların yox olması üçün təxminən 10 il keçməlidir.
Torpağın yüksək turşuluğu varsa, o zaman tabut daha tez çökəcək, yəni mikroblar və həşəratlar da parçalanma prosesini sürətləndirəcək.
Bundan əlavə, mərhumun ölümdən əvvəl qəbul etdiyi kemoterapiya və antibiotiklər də çürümə prosesinə təsir edən amillərdəndir.