“Microsoft”un həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanlara həyatda şəxsi uğur əldə etmək üçün dörd tövsiyə verib.
Lent.az xəbər verir ki, məşhur milyarder hər bir insana özünü başqası ilə müqayisə etməməyi məsləhət görür: “Bunu etsəniz, özünüzü təhqir etmiş olarsınız”. İş adamı hesab edir ki, bu cür müqayisə gələcək inkişaf üçün “tələ”dir. Bu, özünə şübhə və lazımsız narahatlığa səbəb olur.
Qeytsin ikinci tövsiyəsi səhvləri qiymətləndirmək və onlardan dərs almaqdır: “Uğuru qeyd etmək gözəldir, amma uğursuzluqdan dərs almaq daha vacibdir”. Milyarderin sözlərinə görə, uğur çox vaxt “hər şey və ya heç nə” kateqoriyasında qəbul edilir. Bu şərh uğursuzluq qorxusu yaradır və öz işlərində risk etmək cəhdlərinə mane olur.
Geyts, həmçinin tövsiyə edib ki, insan öz həyatı üçün məsuliyyət daşımalıdır, o cümlədən şəxsi maliyyə müstəqilliyi məsələlərində. “Əgər kasıb doğulmusansa, bu, sənin günahın deyil. Amma kasıb ölürsənsə, günah sənindir”, – deyə o bildirib. İqtisadi çətinliklər və ya uşaqlıqda sosial çatışmazlıq səbəbindən olan yoxsulluq insanların şüurlu şəkildə etdiyi seçim deyil. Bununla belə, Qeyts əmindir ki, qəbul edilən qərarlar gələcəkdə yoxsulluqdan xilas olmaq üçün insan həyatına əhəmiyyətli dərəcədə təsir edir.
Dördüncü tövsiyə isə həyatın uğurlu dövrlərində özündənrazılıq hissləri ilə mübarizə aparmağın vacibliyi ilə bağlıdır. “Uğur pis müəllimdir. Bu hiss özündənrazılığa səbəb olur ki, bu da öz növbəsində yeniliyə cəhd etməyin və daha da inkişaf etmək istəyinin qarşısını alır. Bununla mübarizə aparmaq üçün insan yeni ideyaları təşviq etməli və riskli qərarlar qəbul etməkdən çəkinməməlidir”, - deyə o vurğulayıb.