Ev pişiklərinin  ömrünü necə uzatmaq olar? 
27 may 2023 14:21 (UTC +04:00)

Ev pişiklərinin ömrünü necə uzatmaq olar? 

Mütəxəssislər pişiklərin ömrünü uzatmağın yolunu açıqlayıblar.

Lent.az xəbər verir ki, pişiklər həssas canlılardır və sahiblərinin lazımi qayğısına, diqqətinə ehtiyac duyurlar. Pişiklərə məsuliyyətlə yanaşsanız, uzun illər sahibinin yanında yaşaya bilərlər.

Ev heyvanlarının ömrünü uzatmaq üçün bir sıra qaydalara riayət edilməlidir. İlk növbədə, onları veterinara aparmağa qarşı laqeyd yanaşmayın. Pişiklər xəstəliyin görünən əlamətlərini göstərmədən pisləşə  və xəstəlik aşkar olana qədər artıq çox gec ola bilər. Buna görə, pişiyi ildə ən azı bir dəfə baytara göstərməlisiniz. Həmçinin ona bütün lazımi peyvəndləri və profilaktik prosedurlar tətbiq edilməlidir.

Pişiklərə süfrə qidası verilməməlidir. Onların öz ehtiyacları və həzm xüsusiyyətləri var. Buna görə də insan qidası mədə, bağırsaq, qaraciyər və digər orqanların pozulmasına səbəb ola bilər. Bundan əlavə, bəzi qidalar pişiklər üçün zəhərli ola bilər. Onları ev heyvanının yaşına, cinsinə və sağlamlığına görə seçilmiş xüsusi qida ilə qidalandırmaq məsləhətdir.

Eyni zamanda, pişiklərin həddindən artıq yeməsinə də icazə verilməməlidir. Onlara nəzarət edilmədikdə lazımından çox yeyə bilərlər. Bu da piylənməyə, diabetə, ürək və oynaq problemlərinə səbəb olur.

Pişiyinizin pəhrizinin balanslaşdırılmış, bütün lazımi vitamin və mineralları ehtiva etdiyinə əmin olun.

Diqqətin olmaması da ev heyvanlarının həyatını və sağlamlığını pisləşdirən amillərdən biridir. Pişiklər çox sosial heyvanlardır. Onlar sahibi və digər pişiklərlə ünsiyyət qurmağı sevir. Əgər ev heyvanı özünü tənha hiss edirsə, bu, stress, depressiya və ya apatiyaya səbəb ola bilər. Buna görə də, pişiyi uzun müddət tək buraxmamalısınız.

Ev heyvanınızla oynamaq, sevmək və danışmaq üçün vaxt ayırın. Bu, pişiyin özünü xoşbəxt və sağlam hiss etməsinə kömək edəcək.

Ən əsası düzgün qulluq onların sağlamlığı üçün çox vacibdir. Pişiklərin özlərinə qulluq etməsi onların sahibinin köməyinə ehtiyacı olmadığı anlamına gəlmir. Bəzi cinslər dəri problemlərinin qarşısını almaq üçün müntəzəm fırçalanmaya və tüklərini kəsməyə ehtiyac duyurlar. Bundan əlavə, onların dırnaqları da vaxtaşırı tutulmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Sevinc Fərid

Oxşar yazılar