Kanadanın Lavrenti (Laurentian) Universiteti geoloqlarından Elizabet Törnerin (Elizabeth Turner) başçılıq etdiyi elmi qrup tərəfindən Şimal-Qərb (Northwest Territories) əyalətində ötən əsrin 80-ci illərdən bəri araşdırılan qayalıqlarda 890 milyon illik süngər qalıqları tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qazıntı sahəsində yalnız vertolyotla çatıla bilən uzaq bir bölgədə yeni qayalar kəşf edilib və bu qayaların incə hissələrinin müasir süngər skeletlərinə bənzəyən üç ölçülü onurğasızlar olduğu bildirilir.
Bitişik qaya laylarının tarixləndirilməsi nəticəsində nümunələrin təxminən 890 milyon il yaşında olduğu müəyyən edilib ki, bu da dünyada bu günə qədər olan ən qədim heyvan qalığından 350 milyon il daha yaşlıdır.
Alimlər indiyə qədər mübahisəsiz olaraq ən qədim süngər qalıqlarının Kambriyen dövrü olaraq adlandırılan təxminən 540 milyon il əvvələ aid olduğunu qəbul edirdi. Mövcud dəlillər isə süngərlərin daha erkən, təxminən bir milyard il əvvəl olduğunu göstərir. Bu tapıntıya qədər belə bir fiziki dəlil tapılmamışdı.
Araşdırma “Nature” elmi jurnalının son sayında dərc olunub.
Qeyd edək ki, süngərlər (lat. Porifera, Spongia) çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir.
Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur. Bədən ölçüsü bir neçə millimetrdən 2 m-ə qədər və daha böyük, rəngi sarı, yaşıl, qırmızı, qəhvəyi, narıncı, bəzən də bənövşəyi olur.
Süngərlərin skeleti kirəc, silisium və buynuz maddəsindən ibarətdir.
Süngərlər suda həll olmuş oksigenlə tənəffüs edir. Bədən daxilinə və kanallara daxil olmuş su axını yaxında yerləsmiş hüceyrələri və mezoqleyi oksigenlə təchiz edir.
Dənizdə və şirin sularda yaşayırlar. Dənizin dibində oturaq həyat kecirirlər. 5000 növü məlumdur. Xəzər dənizdə 3 forması olan bir növü vardır.